Interposta.Info

İran nüvə məsələsində “qırmızı xətt”i keçdi - təhlükə

Dünya
 10-07-2019, 09:17     10 454

Tehranın addımları Avropanı çıxılmaz durumda qoyur, qarşıdakı bir il Ruhani hökuməti üçün ağır sınaq olacaq...
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın 3,67 faizlik uran zənginləşdirmə limitini keçdiyini bəyan edib. Təşkilatın yaydığı rəsmi açıqlamada qeyd olunur ki, agentlik müfəttişləri 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) arasında “Əhatəli Ortaq Əməliyyat Planı” anlaşmasında müəyyən olunmuş limiti keçib.

Ancaq təşkilatın yaydığı açıqlamada İranın 3,67 faizlik limiti hansı ölçüdə keçdiyi qeyd olunmayıb. Bu barədə açıqlamanı isə İranın Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi verib. Kamalvənd deyib ki, İranın uranı zənginləşdirmə səviyyəsi 4.5 faizə çatıb.

Bu miqdarın ölkədəki stansiyaları yanacaqla təmin etmək ehtiyacını tam ödəmək üçün kifayət etdiyini deyən Kamalvəndi, uranı zənginləşdirmə nisbətini 20% artırmanın İranın 3-cü addımında olacağını bildirib.

Qeyd edək ki, prezident Həsən Ruhani bir qədər əvvəl bildirib ki, iyulun 7-dən sonra İranın zənginləşdirilmiş uran səviyyəsi 3,67 faizi keçəcək. O deyib ki, artıq Tehran öhdəliklərdən imtina edir və istədiyi qədər uran istehsal edəcək.

Xatırladaq ki, BMT-nin də vasitəçiliyi ilə 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) arasında “Əhatəli Ortaq Əməliyyat Planı” adlı anlaşma imzalanıb. Bu anlaşmaya əsasən İran yalnız dinc məqsədlər üçün yetəcək 3,67 faiz uran zənginləşdirmək hüququna malik olur və maksimum 300 kiloqram urana sahib ola bilər. Daha artıq zənginləşdirilmiş uranı isə Tehran beynəlxalq bazarda sata və əvəzinə təbii uran ala bilər. Eyni zamanda uran zənginləşdirilməsi üçün vacib olan ağır suyu da yalnız 130 ton həcmində saxlaya bilər.

Bu il mayın 8-də prezident Həsən Ruhani anlaşmaya sadiq qalan 5 ölkəyə müraciət edərək müqaviləni qorumaq üçün 60 gün vaxt vermişdi. Həsən Ruhani bildirmişdi ki, anlaşmanın 26 və 36-cı maddələrinə əsasən embarqoların yenidən bərpa edilməsi və tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər. Xarici işlər nazirinin müavini Abbas Araqçi deyib ki, İran hələ də müqaviləni xilas etmək istəyir, lakin o, Avropa ölkələrini öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

ABŞ-ın dövlət katibi Mike Pompeo deyib ki, İranın bu addımı yalnız millət üçün əlavə “təcrid və sanksiyalara” səbəb olacaq. İranın nüvə limitini keçməsi Avropada ciddi narahatlıq yaradıb. Fransa prezidentinin müşaviri Emmanuel Bonne nüvə fəaliyyəti ilə bağlı vəziyyəti müzakirə etmək üçün Tehrana gedəcəyini deyib. ABŞ-ın vitse-prezidenti Mayk Pens də İranın nüvə fəaliyyəti ilə bağlı son vəziyyətdən danışır. O deyib ki, Vaşinqton İranla nüvə proqramı ilə bağlı danışıqlara hazırdır. Pens ölkəsinin İranla müharibə etmək istəmədiyini, ancaq Amerika və amerikalıların maraqlarını qorumağa hazır olduğunu deyib.

Qeyd edək ki, İran hökuməti uranı istənilən səviyyədə zənginləşdirmək imkanlarının olduğunu açıqlayıb. Yəni Tehrana görə əgər Avropa ölkələri nüvə anlaşmasını qorumasa, o zaman uranın zənginləşdirilməsi faizi daha da yüksələ bilər.

İran hökumətinin son addımları bir mənada Vaşinqton və Avropa ölkələrini (Çin və Rusiya onsuz da İranı dəstəkləyir və 2015-ci il anlaşmasına sadiqdir - K.R.) nüvə anlaşmasını qorumaq və İranı sanksiyaların zərbəsindən xilas etməyə çağırış kimi görünür. Ancaq Tehranın bu addımı ABŞ-la yanaşı, Avropa və Rusiyanı da narahat edir - baxmayaraq ki, Moskva bəyan edib ki, Tehranın hazırkı addımları nüvə anlaşmasının ruhuna uyğundur. Lakin eyni zamanda Moskva Tehranın daha yüksək faiz uran zənginləşdirib nüvə silahı əldə etməyə yaxınlaşmasını istəmir. Çünki bu bir tərəfdən ABŞ-İran savaşı riskini yüksəldir, digər tərəfdən isə Tehranın nüvə klubunun üzvü olması riski yaradır.

Ancaq müşahidəçilərə görə, indiki halda Tehranın addımları, sadəcə, Avropa ölkələrinin İrana qarşı sanksiyaları yüksəltməsinə nail olmaq, başqa sözlə, nüvə anlaşmasını qorumaq üçün edilən təzyiqdir. Çünki Avropa İranla anlaşmanı qoruya bilməsə, vəziyyət daha da gərginləşə, Ruhaninin anlaşma siyasəti fiaskoya uğraya bilər.

Avropa ölkələri ilə həmrəy olan İranın hazırkı hökuməti, yəni konkret olaraq Həsən Ruhani və onun şəxsində “islahatçı” kabineti nüvə danışıqlarının qorunub saxlanılmasında maraqlıdır. Çünki gələn il İranda parlament, o biri il isə prezident seçkiləri keçiriləcək. Təbii ki, bu seçkilərə indiki şərtlərdə gedərsə məğlub ola bilər. Çünki Həsən Ruhaninin hakimiyyətə gəlməsində əsas şüar Qərblə danışıqlara gedib İrana qarşı sanksiyaları götürmək idi. Hakimiyyətinin birinci dönəmində nüvə anlaşmasını imzalayan Ruhani məhz bu səbəbdən ikinci müddətə seçilə bildi. Ancaq indi anlaşma ləğv olunub və “islahat” qanadının siyasi xətti uğursuzluğa düçar olub. Bu səbəbdən də Ruhani komandası hansısa formada nüvə anlaşmasını xilas etməyə çalışır. Əks təqdirdə, “mühafizəkar” qanad seçkilərə qədər daha da güclənəcək. Bu mənada indi nüvə anlaşması və ətrafında baş verənlər beynəlxalq və regional əhəmiyyət daşımaqla yanaşı, həmçinin İran daxili siyasətinə də ciddi təsir edir.

İndi isə Trampın addımları sayəsində İran ABŞ-la müharibə qarşısındadır, eyni zamanda son bir ayda baş verənlər göstərdi ki, ABŞ hökuməti də İranla müharibədə maraqlı deyil. Bu mənada ehtimal olunur ki, ən pis halda gələnilki seçkilərə qədər Tramp İranla savaşmayacaq. Bu cür gərgin vəziyyət isə Ruhani və onun komandası üçün ağır zərbədir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26