Interposta.Info

Pakistanın sabiq prezidenti həbs olundu - VİDEO

Dünya
 10-06-2019, 23:21     10 399

Sabiq baş nazirə isə 7 il iş kəsilib

Pakistanın 11-ci prezidenti (2008-2013) Asif Əli Zərdari İslamabadda həbs olunub.

Musavat.com “Aljazeera”ya istinadən xəbər verir ki, o, korrupsiyaya görə ittiham olunur. Sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşı olmuş Asif Əli Zərdari Pakistanda “Cənab, 10 faiz!” kimi tanınır. Bu ləqəbin ona verilməsi təsadüfi deyil. Belə ki, o, biznes fəaliyyətinə icazə verdiyi hər bir iş adamından ortada olacaq vəsaitin 10 faizini rüşvət şəklində alırdı.

Hazırda müxalifətdə olan Pakistan Xalq Partiyasına onun oğlu Bilaval Zərdari Buhutto rəhbərlik edir. Ümumiyyətlə, Buhutto ailəsi son 50 ildə dəfələrlə Pakistanda iqtidarda olub. Asif Əli Zərdari ilə bərabər onun bacısı Faryal Talpur da zindana atılıb.

Pakistanın daxili işlər naziri Ecaz Şah deyib ki, sabiq prezidentin həbsinin hökumətlə heç bir əlaqəsi yoxdur. Onun həbsinə göstərişi istintaq orqanları verib.

Məlumdur ki, Asif Əli Zərdari minlərlə saxta bank hesabları üzərindən xeyli pul mənimsəyib. Söhbətin 400 milyon dollardan getdiyi bildirilir.
Bu yaxınlarda isə cənab Zərdari Pakistanın baş naziri İmran Xanı ordunun “mavi gözlü oğlanı” adlandırdı və baş nazirin güclü mövqeyə sahib olan Pakistan ordusunun təsir dairəsində olmasına işarə etmişdi. O da məlumdur ki, onlar arasındakı münasibət düşmənçilik həddindədir.
İmran Xan seçkiyə qatılarkən bəyan etmişdi ki, o, Pakistanda korrupsiyanın kökünü kəsəcək.

Ölkənin keçmiş baş naziri Nəvaz Şərif də bu yaxınlarda həbs olundu və korrupsiya ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edildi.

“Aljazeera” xatırladır ki, 2007-ci ilin dekabrında Bənazir Buhutto terror nəticəsində öldürüldü. Xalq arasında son dərəcə populyar olan xanım Buhuttonun qətli xalqı ayağa qaldırdı. O vaxt Pakistana rəhbərlik edən Pəviz Müşərrəf ölkədə 3 günlük matəm elan etdi. Bu olay Asif Əli Zərdarinin Pakistanın prezidenti olmasına təkan verdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26