Interposta.Info

Rusiya ilə ABŞ yenidən üz-üzə: rus qoşunları Amerika qitəsində...- FOTO

Dünya
 27-03-2019, 12:55     10 371

Rusiya ilə ABŞ arasında yeni gərginlik yaranıb.

Rusiyanın Venesuelaya hərbi qüvvə göndərməsi ABŞ-ı narahat edib.

ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlamada “Venesuelaya hərbi müdaxilə edilməməsi çağırışına qarşı addım atan Rusiyanın Karakasa təyyarə və hərbi heyət göndərməsi vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. ABŞ Nikolas Maduro və Moskvanın bu hərəkətini qınayır” fikirlərinə yer verilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonda müzakirə aparan ABŞ-ın dövlət katibi Mayk Pompeo da Rusiyaya Venesuelaya hərbi müdaxilə edilməməsi ilə bağlı çağırış edib.

ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Robert Palladino Pompeo-Lavrov telefon görüşməsinə dair yazılı açıqlama verib. Açıqlamada qeyd edilib ki, Pompeo rusiyalı həmkarına Rusiyanın Venesuelaya hərbi müdaxilə edəcəyi təqdirdə, ABŞ və bölgədəki müttəfiqlərinin boş durmayacağını deyib.

Qeyd edək ki, ötən həftə Rusiyanın Venesuelaya 100-dən çox əsgər və 35 ton tibbi ləvazimat göndərməsi haqqında mətbuatda xəbərlər yayılmışdı. Bu hərbi qüvvənin başında Rusiya Silahlı Qüvvələrinin Ali Komandanı Vasili Tonkoşkurovun olduğu iddia olunmuşdu. Ruslara aid hərbi yük təyyarələrinin fotoları sosial mediada paylaşılmışdı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova hərbi qüvvənin iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq çərçivəsində Venesuelaya göndərildiyini bildirmişdi./publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26