Interposta.Info

Donald Tramp Kim Çen Inla yeni görüşünün vaxtını və yerini yaxın gələcəkdə elan edəcək

Dünya
 26-09-2018, 22:59     10 410

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ lideri bu barədə BMT-nin mənzil-qərargahına gəldiyi zaman jurnalistlərə bildirib. Donald Tramp burada BMT Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmaması barədə iclasında çıxış edəcək.

ABŞ Prezidenti BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışından öncə KXDR lideri Kim Çen Inla yeni görüşünün hazırlığının artıq aparıldığını və hazırda Koreya Yarımadasının nüvəsizləşdirilməsi məsələsində xeyli irəliləyişə nail olunduğunu deyib: “Mən lider Kimlə (Çen Inla) ən yaxın gələcəkdə görüşəcəyəm. Bu, elan ediləcək. Bu gün bizim mətbuat konfransımız olacaq, biz bu məsələni müzakirə etməyə başlayırıq. Görüşün harada və nə vaxt olacağı barədə məlumat verəcəyik”.

Xatırladaq ki, iyunun 12-də tarixdə ilk dəfə ABŞ və KXDR arasında yüksək səviyyəli görüş keçirilib. Sammitin yekunlarına əsasən Donald Tramp və Kim Çen In birgə bəyannamə qəbul ediblər. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğu, Vaşinqton isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti verilməsi barədə öhdəlik götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26