Interposta.Info

Əsəd “heyvan”, Putin günahkar:

Dünya
 9-04-2018, 09:10     10 414

ABŞ düz 1 il əvvəl (07.04.17) olduğu kimi, Suriyanı yenidən bombalaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Tramp Əsədin böyük bədəl ödəyəcəyini və ona verdikləri dəstəyə görə Rusiya və İranın məsuliyyət daşıdığını deyib:

"Səbəb Suriya ordusunun paytaxt Şam yaxınlığında müxalif silahlı qrupların nəzarətində olan Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi barədə iddialardır. Hətta o tvitində Əsədi heyvan adlandırıb. Ölkə daxilində Rusiya məsələsinə görə Trampa təzyiqlər artdığı üçün o, bu məsələdə şəxsən Putini ittiham edib. Bu hadisə Skripal vaqeəsindən sonra Qərbin Rusiyaya təzyiqləri artırması üçün yəqin ki, növbəti səbəb rolunu oynayacaq. Suriya məsələsində Rusiya və İranla tərəfdaşlıq qurmuş Türkiyə də hadisəni rejimin törətməsi ilə bağlı güclü şübhələr olduğunu qeyd edib”.

Politoloqun sözlərinə görə, Türkiyə, Rusiya və İran prezidentlərinin Ankara görüşü Türkiyə üçün elə də uğurlu nəticələnməyib:

"Ruhani üçtərəfli görüşdə Ərdoğandan Türkiyənin Afrindən çəkilərək oranı Suriya hökumətinə təhvil verməsini istəyib. Putin türk ordusunun Afrin yaxınlığındakı Tel-Rıfata daxil olmasına yaşıl işıq yandırmayıb. Başqa bir uğursuzluq da budur ki, Türkiyə hələ də Astana formatı çərçivəsində PYD/YPG-nin Rusiya və İran tərəfindən terror təşkilatı kimi tanınmasına nail ola bilmir”.

Qeyd edək ki, Əsəd rejimi Suriyanın Şam yaxınlığında müxalif silahlı qrupların nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq edib. Nəticədə 70 nəfər dünyasını dəyişib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26