Interposta.Info

BƏƏ-də “WhatsApp”la yalan məlumat göndərənlər 1 milyon dirhəmədək cərimələnəcək

Dünya
 3-04-2018, 22:12     10 495

Birləşmiş Ərəb Əmirliklərinin hökuməti mobil messencerlərin istifadəçilərinə məlumatlar göndərməklə onlardan pul qoparan dələduzları cərimə etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Əbu-Dabi polisi messencerlərdə, xüsusilə “WhatsApp”da şəxsi məlumatların, o cümlədən istifadəçi adı, şifrə, kredit kartı nömrəsi və digər məlumatların oğurlanması məqsədilə əmtəə nişanlarının və orijinal internet saytlarının imitasiyası ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Cinayətkarların hüquq mühafizə orqanları tərəfindən izlənilməsi və zərərsizləşdirilməsi üçün vətəndaşların bu cür cinayətlər barəsində dərhal polisə müraciət etməsi, həmçinin istifadəçilərə qeydiyyatla bağlı məlumatların qorunması tövsiyə edilib. Bununla yanaşı, “WhatsApp” istifadəçilərinin naməlum şəxslərin göndərdiyi məlumatları açmaması, yoxlanılmamış internet saytlarında öz şəxsi məlumatlarını paylaşmaması ilə bağlı polis tərəfindən bir sıra tövsiyələr hazırlanıb.

Bildirilir ki, polis əməkdaşları “Aman” xidməti vasitəsilə alınan məlumatlardan istifadə edərək, telefondan “WhatsApp”dakı qeydiyyat məlumatlarını oğurlamaq üçün SMS-lə şifrənin aktivləşdirilməsi kimi mürəkkəb dələduzluq əməliyyatını izləyə bilərlər.

“Kiber cinayət haqqında” Qanunda saxta ad altında internetdə yalan informasiya yaymaqla qanunsuz yollarla başqasının pulunu mənimsəyən şəxslər barəsində məsuliyyət nəzərdə tutulur. Qanuna əsasən, bu cinayəti törədənlər bir ildən üç ilədək azadlıqdan məhrumetmə, yaxud 250 min dirhəmdən (təqribən 68 min dollar) 1 milyon dirhəmədək (272 min dollar) cərimə cəzasına məhkum edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26