Interposta.Info

Günəşli İspaniyanın dumanlı gələcəyi - son seçkilərdən sonra nə olacaq?

Dünya
 23-12-2017, 12:01     10 333

Bu seçkilərin tək məğlubu baş nazir Mariano Raxoydur
Xəbər verildiyi kimi, İspaniyanın qiyamçı əyaləti Kataloniyada seçkilər başa çatıb və mərkəzi hökumətə yaxın “Vətəndaşlar” partiyası seçkilərdən birinci partiya olaraq çıxıb. Ines Arrimadasın rəhbərlik etdiyi partiya 25% səs toplayaraq Kataloniya parlamentində 37 yer əldə edib.

Lakin bu İspaniya hökuməti və şəxsən baş nazir Mariano Raxoy üçün “Pirr qələbəsi” sayıla bilər. Çünki separatçı partiyalar parlamentdə yerlərin yarısından çoxuna sahib olaraq ölkənin başı üstündəki separatizm bəlasını bir daha gündəmə gətiriblər.

“Artıq heç kimin səhv etməyə haqqı yoxdur”, - İspaniyanın “La Vanguardia” qəzeti yazır.

Qəzetin yazdığına görə, əyalət hökumətini təşkil etmək olduqca ağır olacaq. Lakin separatçı “Hamı Kataloniya uğrunda” və “Kataloniyanın sol respublikaçıları” partiyaları 2015-ci il seçkilərindən sonra etdikləri səhvləri təkrarlamamalıdırlar.

“La Vanguardia” seçkidən 2 ay sonra hökuməti formalaşdırmağın mümkün olmadığı təqdirdə təkrar seçkilərin keçiriləcəyi anonsunu verib.
“El Pais” qəzeti (İspaniya) “Qeyri-müəyyən gələcək”dən yazır.

Qəzet müstəqillik tərəfdarlarının İspaniyadan ayırılığı qanunilədşirmək üçün ictimai əksəriyyətə malik olmadığını müdafiə edib. Bundan başqa, onların əhalinin etimadını qazana biləcək, habelə dövlət idarəçilik proqramını həyata keçirəcək və ən əsası bütün bu işləri görmək üçün strateji vəhdəti təmin edəcək liderlərinin olmadığı vurğulanıb.

Məqalədə birtərəfli qaydada müstəqillik cəhdlərinin iflas etdiyi iddia olunur: “Ona görə ki, İspaniya hökuməti buna mane ola bilmək gücünü göstərib, Avropa onları rədd edir, Kataloniya iqtisadiyyatı isə bütün bu proseslər qarşısında tab gətirə bilməz”.

İspaniyanın ən böyük qəzetlərindnn sayılan “El Mundo”nun başlığı isə belədir: “Vətəndaş idrakının yalnızlığı”.

Qəzet İspaniyanın katalonlara konstitusiya normalarına uyğun olataq demokratiya təminatı verdiyini yazıb.

“El Mundo”un mövqeyinə görə, Karles Pucdemon (“Hamı Kataloniya uğrunda”) və Oriol Junkeras (“Sol repsublikaçılar”) seçici səslərinin onların cinayətlərinə bəraət qazandıracağına ümid bəsləməməlidirlər. Qiyam və separatizmdə günahlandırılan şəxslər isə müttəhimlər kürsüsündə əyləşməkdə davam edəcək.

Lakin Avropanın digər ölkələrinin mediası İspaniyadakı həmkarları qədər mənzərəni nikbin notlarla təsvir etmirlər.

Almaniyanın “Der Spiegel” qəzetindən Klaus Hekinq 2 milyon kataloniyalının müstəqillik ideyalarlna nə dərəcədə sadiq qaldığını yazır.
Müəllif bu məsələdə İspaniya hökuməti və onun sədri Mariano Raxoyu günahlandırır. Hekinqin firkincə, İspaniya baş nazirinin danışıqlara getməkdə tərslik etməsi bir çox mötədil və hətta müstəqillyi arzulamayan kataloniyalıların mərkəzdən üz döndərməsinə səbəb olub.

Qəzet 3 separatçı partiyanın parlamentdə mütləq əksəriyyət qazanmasına rəğmən müstəqilliyə nail olmağın yolları barədə aydın təsəvvürlərinin olmadığını yazır. Bundan başqa, katalon separatçılarının liderləri ya həbsdə, ya da sürgündədirlər.

“Pucdemon hakimiyyətə geri dönmək üçün bütün imkanlardan istifadə edir. Lakin o, İspaniyada axtarışda olan və gəlməsi halında haqqında həbs qərarı çıxarılan adamdır. Buna görə də onun Kataloniyanı idarə etmək imkanı yoxdur. İkincisi, onlar payızda olduğu kimi, kobud davranmayacaqlar. Lakin bir şey aydındır. Kataloniya İspaniyadan ən azı Basklar ölkəsi qədər geniş muxtariyyat tələb edəcək”, - qəzet yazır.
Almaniyanın digər qəzeti “Frankfurter Allgemeine Zeitung” hər şeyin olduğu kimi qaldığını yazır. “Parlament seçkilərinin nəticələri bölgənin parçalanması faktını təsdiqləmiş olub. “Hər iki düşərgə sadəcə öz mövqelərini daha da bərkidiblər”,- məqalə müəllifi Hans Kristian Rösler yazıb.

Ümumiyyətlə, qəzetlərin yazdığına görə, bu seçkilərin mütləq məğlubu olaraq İspaniya baş naziri Mariano Raxoyu və onun partiyasını saymaq olar. Belə ki, Xalq partiyasının Kataloniya təşkilatı seçkilərdə cəmi 4,24% səs toplayaraq Kataloniya parlametdə 3 yer qazanıb.

Onların hamısı Barselonanı təmsil edir. Əvvəlki seçkilərdə isə bu partiyadan əyalətin qanunvericilik orqanında 11 təmsilçi var idi. Ekspertlərin rəyinə görə, Kataloniya əhalisi İspaniya hökuməti başçısının ölkə konstitusiyasının 155-ci maddəsini tətbiq etməsini bağışlamayıb.

“Biz sadəcə konstisuiyaya sadiq olduğumuzu bildirdik. Bundan başqa müstəqilliyiə alternativ olaraq heç bir şeyi təklif edə bilmədik”, - Xalq partiyasının Katalonya təşkilatının sədri Ksavyer Qarsiya Albiol etiraf edib.

interposta.info
Günəşli İspaniyanın dumanlı gələcəyi - son seçkilərdən sonra nə olacaq?
Günəşli İspaniyanın dumanlı gələcəyi - son seçkilərdən sonra nə olacaq?
Günəşli İspaniyanın dumanlı gələcəyi - son seçkilərdən sonra nə olacaq?

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26