Interposta.Info

ABŞ Rusiyanın raket sənayesini sanksiyalarla vurur

Dünya
 22-12-2017, 17:23     10 500

Vaşinqton Kremli “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləni pozmaqda günahlandırır

Bu həftənin 2-ci günü ABŞ hakimiyyəti Rusiya hərbi-sənaye kompleksinin iki nəhəng müəssisəsinə qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq edib.

Bunlar “Novator” “Təcrübəli konstruksiya bürosu” səhmdar cəmiyyəti və “Titan-Barrikadı” “Federal elmi-istehsalat mərkəsi” səhmdar cəmiyyətidir.

“Kommersant” qəzetinin yazdığına görə, ABŞ Ticarət Nazirliyi həmin müəssisələri “9M729” tipli yerüstü qanadlı raketlərin yaradılmasında ittiham edir. Amerikalı rəsmilərin fikrincə, həmin tip raketlər “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğv edilməsi haqqında” müqaviləni kobud surətdə pozur.

Qeyd edək ki müqavilə hələ 1987-ci ilin dekabrın 8-də SSRİ Kommunist partiyasının Baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb.

Rusiya Xarici Işlər Nazirliyi isə ABŞ-ın özünün OKMR-in ləğvi haqqında müqavilədən çıxmaq üçün bəhanə axtarmaqda günahlandırıb.

Sənəddə bu müəssislərin fəaliyyətinin ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd olduğu vurğulanıb. Adı çəkilən şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi Dövlət Departamenti, Pentaqon və digər idarələr arasında aparılan məsləhətləşmələrdən sonra qəbul olunub.

ABŞ Ticarət Nazirliyinin sənədində hər iki şirkətlə bağlı olaraq “ixracat lisenziyalaşdırılması” rejimi tətbiq olunur. Yəni ABŞ-da istehsal olunan (və ya ABŞ şirkətlərinin xaricdə istehsal etdiyi) istənilən məhsulun bu firmalara tədarükü ABŞ hakimiyyəti ilə razılışdırılmadan verilə bilməz.

Məlumatda həmçinin ABŞ dövlət orqanlarının əvvəlcədən “imtina prezumpsiyası”ndan istifadə edəcəyi bildirilib. Bu anlayışa görə, dövlət bu tip ticarət müqavilələri ilə bağlı verilən sorğulara öncədən mənfi cavab verəcək.

Hələ bu ilin oktyabr ayında həm “Novator”, həm də “Titan-Barrikadı” şirkətləri Vaşinqton tərəfindən sanksiyalara məruz qalmışdı. Buna görə həmin şirkətlərlə əməkdaşlıq edən 3-cü ölkələrdən hüquqi və fiziki şəxlsləri ağır maliyyə sanksiyaları gözləyir.

Yeni sanksiyaların anonsu isə ABŞ-ın nüfuzlu “Politico.com” saytında dekabrın 9-da verilmişdi. Həmin vaxt Rusiya xarici işlər naziri Sergey Ryabkov sanksiyaların tətbiq olunacağı halda dekabrın 12-14-də OKMR haqqında müqavilə ilə bağlı keçiriləcək xüsusi nəzarət komissiyasının iclasında iştirak etməyəcəkləri ilə hədələmişdi. Bunun nəticəsində Vaşinqtondan hər hansı addım atılmadığına görə tərəflərin Cenevrədə keçirilən görüşü baş tumuşdu.

“Bəzi amerikalı siyasətçilər Rusiyanı heç tanımadıqlarından və uzağı görmədiklərindən bizi qorxuda biləcəkləri xəyallarına qapılıblar. Lakin bizi əsl narahat edən ABŞ-ın OKMR haqqında müqavilədən çıxmaqla bağlı götürdüyü kursdur. İndi günahı Rusiyanın üstünə yıxmaq alınmayacaq. Biz dəfələrlə ABŞ-ın Rumıniyada “Tomahavk” tipli raketlərin yerləşdirməsinin müqavilə ilə qadağan olunduğunu bildirmişik”, Ryabkov qeyd edib.

Qeyd etmək lazımdır ki, “Novator” konstruksiya bürosu 2002-ci ildən “Almaz-Antey” HHM (hava hücumundan müdafiə) konserninə daxildir. Müəssisə HHM kompleksləri və müxtəlif təyinatlı raketlər (o cümlədən S-300 B və “Buk”) istehsal edir. Bundan başqa, şirkət hərbi xarakterli quru və dəniz metereoloji komplekslərinin qurulması ilə məşğuldur. “Novator” şirkətinin nümayəndəsi “Kommersant” qəzetinə verdiyi müsahibədə ABŞ-ı vicdansız rəqabət aparmaqda günahlandırıb.

“Titan-Barrikadı” federal elmi –texniki mərkəzi isə “Moskva istilik texnikası institutu” korporosiyasına daxildir. Müəssisə tərəfindən “İsgəndər”, “Topol-M”, və “Yars” tipli raket komplekslərinin buraxılış qurğuları və digər aqreqatlar istehsal edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26