Interposta.Info

Vaşinqton Tehran və ər-Riyadı qarşı-qarşıya gətirir

Dünya
 21-12-2017, 10:20     10 085

Son aylarda Səudiyyə Ərəbistanına atılan husi raketlərinin İran tərəfindən verilməsi iddiaları iki ölkə arasında münasibətləri daha da kəskinləşdirir

Dekabrın 19-da Yəmən husiləri növbəti dəfə Səudiyyə Ərəbistanını raket atəşinə tutub. Ər-Riyadda kralın rəsmi iqamətgahını hədəfə alan raket rəsmi məlumata görə, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulub.

Yəmən husilərinin “Ənsarullah” Hərəkatı yaydığı açıqlamada Səudiyyə Ərəbistanı paytaxtına 1 ədəd “Burkan-2" ballistik raketinin atıldığı qeyd olunub. ABŞ-ın BMT-dəki təmsilçisi, bir neçə gün əvvəl BMT-nin əsas binasında raket qalıqları ilə mətbuat konfransı keçirən Niki Heyli 19 dekabrda atılan raketin də ”İran izi daşıdığını" bildirib.

İran XİN sözçüsü Bəhram Qasimi isə bu iddiaları təkzib edib. İSNA Agentliyinə danışan Qasimi İranın Yəmənlə silah satışı ilə bağlı əlaqəsinin olmadığını deyib. Eyni zamanda o, İranın müxtəlif silahlı qruplara silah verməsi ilə bağlı ittihamları rədd etdiklərini deyib. Qasimi deyib ki, Yəmən blokada altındadır və ora silah göndərmək mümkün deyil. B.Qasimi bu silahların Yəmənin keçmiş hökumətindən qaldığını, hazırda blokada səbəbindən Yəmənə humanitar yardım göndərməyin belə mümkün olmadığını xatırladıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı da husilərin atdığı raketə görə Tehranı ittiham edib. Səudiyyə hərbi koalisiyası tərəfindən yayılan açıqlamada İran istehsalı ballistik raketlərin Tehranın dəstəklədiyi husilərə verilməsi bölgə və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratdığı bildirilib.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki rəsmi təmsilçisi Niki Heyli noyabrın 4-də Səudiyyə Ərəbistanı paytaxtında yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına atılan raketin İran tərəfindən husilərə verildiyini iddia etmişdi. Hətta BMT binasında mətbuat konfransı keçirilən Heyli raketin qırıntılarını nümayiş etdirmişdi. Ancaq Tehran bu iddiaları təkzib edib, Heylinin nümayiş etdirdiyi raket qırıntılarının bu il İŞİD mövqelərinə atılan raketlərə aid olduğunu bildirib.

2015-ci il martın 26-dan başlayaraq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənə hərbi müdaxiləyə başlayıb. Havadan və quru qüvvələri vasitəsilə aparılan əməliyyatlar nəticəsində 9 min nəfərdən çox dinc insan öldürülüb. Ölkəyə tətbiq olunan blokada səbəbindən vəba xəstəliyi yayılıb, əhalinin yarısı aclıq çəkir. İqtidarda olan husilərin “Ənsarullah” Hərəkatı və devrilmiş prezident Mansur Hadi tərəfdarları arasında qanlı döyüşlər davam edir.

Image result for “Ənsarullah”

Bütün bunların fonunda İran-Səudiyyə münasibətləri də sürətlə gərginləşir. Yaxın Şərqdə iki ölkə arasında ciddi nüfuz mübarizəsi gedir. Körfəzdə, bütövlükdə ərəb-müsəlman aləmində lider ölkəyə çevrilmək istəyən Səudiyyə Ərəbistanı ilə İran arasında siyasi rəqabət son illərdə kəskin dini-ideoloji mübarizə müstəvisinə keçir. Səudlar husilərin İran tərəfindən dəstəkləndiyini və silahlandırıldığını iddia edir. İran isə bunu təkzib edir. Ancaq husilərin İranla yaxınlığı sirr deyil. Husilərin fəaliyyətinin Tehran tərəfindən dəstəkləndiyi şübhə doğurmasa da, hazırda blokadada olan Yəmən husilərinə İranın silah verməsi ciddi şübhə doğurur. Çünki hazırda Yəməndə xüsusən də husilərin nəzarət etdiyi bölgə havadan, dənizdən və qurudan blokada altındadır. Bölgədə ABŞ pilotsuz təyyarələri, Səudiyyə aviasiyası, dəniz patrulları daimi keşik çəkir. İranın husilərə indi silah göndərməsi mümkünsüz görünür.

Ancaq indi söhbət raketlərin kim tərəfindən verildiyindən daha çox Yaxın Şərqin iki güclü və ideoloji dövləti arasında günü gündən artan gərginlikdən gedir. Ötən ay Livanda baş verən siyasi böhran, baş nazirin istefa verib daha sonra Ər-Riyadda saxlanılması, yalnız Fransanın müdaxiləsi ilə Beyruta qayıda bilməsi və bu zaman yayılan həbs söz-söhbətləri Livanda da İran-Səudiyyə toqquşmasının gizli şəkildə davam etdiyini göstərirdi.

Ötən həftə isə Səudiyyə Ərəbistanında krallıq qüvvələrinin İrana hücum etdiyini və Tehran yaxınlığında hərbi bazada iranlı general Qasim Süleymanini əsir almaqla İranı məğlub edərək ölkədə hakimiyyət dəyişikliyinə nail olmasını əks etdirən cizgi filmi hazırlanıb. Film sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Animasiya filminin rəsmi və ya özfəaliyyət olduğu açıqlanmasa da, bu film və ona olan reaksiya hər iki tərəfin savaşa hazır olduğunu göstərir.

Burada daha çox diqqət çəkən məqam Vaşinqtonun mövqeyidir. ABŞ administrasiyası Obamanın zamanındakı fəaliyyətinin əksinə olaraq indi daha çox barışıq deyil, savaşı körükləyən tərəf kimi görünür. İran XİN sosial şəbəkədə yaydığı açıqlamada Heylinin BMT baş ofisində Riyada atılan raket qırıntıları ilə mətbuat konfransı keçirməsini əks etdirən fotosunu 15 il əvvəl dövlət katibi Kolin Pauelin BMT tribunasından İraqın nüvə təhdidi barəsində çıxışına bənzədib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26