Interposta.Info

Dünya böyük nüvə savaşı astanasında - ABŞ və Şimali Koreya üz-üzə gələ bilər

Dünya
 30-11-2017, 10:08     10 233

Hikmət Hacızadə: “Böyük savaş iki halda başlaya bilər”; Tofiq Zülfüqarov: “Çinlə razılaşdırılmadan heç bir addım atıla bilməz”

Şimali Koreya tərəfindən növbəti ballistik raket buraxılışından sonra Yaponiyanın baş naziri Şinzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə göndərilən məlumatda bildirilir ki, noyabrın 29-da səhər saatlarında liderlər arasında baş tutan telefon danışığı təqribən 20 dəqiqə çəkib. Telefon danışığı zamanı Yaponiya və ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Şimali Koreyaya qarşı təzyiqləri maksimum həddə çatdırmaq barədə razılığa gəliblər. Şinzo Abe jurnalistlərə müsahibəsində bildirib ki, iki ölkə arasında möhkəm ittifaqa əsaslanan liderlər Şimali Koreya rəhbərliyinin siyasətini dəyişməsi üçün mümkün olan bütün addımları atacaqlarını bildiriblər.

D.Tramp ilə Ş.Abenin telefon danışığını şərh edən Ağ Ev də bildirib ki, Şimali Koreyanın son ballistik raket sınağı bu ölkəni beynəlxalq ictimaiyyətdən daha da təcrid edir. Tərəflər Şimali Koreyaya qarşı mübarizəyə sadiq qalacaqlarını bir daha təsdiq ediblər.
Şimali Koreya isə bəyan edib ki, noyabrın 28-də yerli vaxtla saat 02:47 radələrində ABŞ sərhədlərinə çata bilən qitələrarası ballistik raketi Yaponiya istiqamətində uğurla sınaqdan keçirib. Raket 1000 kilometr məsafə qət etdikdən sonra Yapon dənizinə düşüb. ABŞ Müdafiə Nazirliyi sözçüsü polkovnik Robert Manning raket atılması ilə bağlı verdiyi açıqlamada bunun qitələrarası ballistik raket olduğunu deyib. Raketin ABŞ ərazisini vura bilməsi ilə bağlı xəbərə Donald Tramp “Bununla maraqlanacağıq. Müzakirə edib qiymətləndirəcəyik” cavabı vermişdi.
Yaponiya Müdafiə Nazirliyi də ballistik raketin xüsusi iqtisadi bölgəyə düşdüyünü açıqlayıb. Yapon mediası raketin təxminən 50 dəqiqə havada qaldığını bildirib. Yaponiya hökuməti bildirib ki, “Şimali Koreyanın davam edən təxribatçı davranışları qəbul oluna bilməz”. Baş nazir Shinzo Abe de BMT Təhlükəsizlik Şurasını təcili toplaşmağa çağırıb. Şimali Koreya indiyə qədər ən böyük nüvə sınağını sentyabrın 3-də və bu il ikinci ballistik raket sınağını sentyabrın 15-də həyata keçirib.

Bu arada Pxenyan davranışlarından məmnunluğunu gizlətməyib. Şimali Koreya hökuməti “Hwasong-15" qitələrarası ballistik raketini uğurla sınaqdan çıxardığını bəyan edib (avropa.info). KXDR raketin ABŞ ərazisini vura biləcək qüdrətdə olduğunu bildirib.

Cənubi Koreya isə Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınağı keçirməsinə dərhal cavab verib. Axar.az xəbər verir ki, bu barədə məlumatı “Renxap” agentliyi yayıb. Agentlik Seulun ballistik raket sınağından bir neçə dəqiqə sonra öz raketlərinin sınağını keçirdiyini bildirib. 20 dəqiqə davam edən sınaq zamanı Cənubi Koreyaya məxsus 3 raket iki ölkə arasındakı sərhəd zonasına yaxın əraziyə düşüb.

“ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər”.

“Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe Tokioda ABŞ prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib. O qeyd edib ki, təzyiqdə məqsəd Şimali Koreyanın nüvə işlərinin dayandırılmasıdır: ”İndi dialoq xətrinə dialoq aparmağın vaxtı deyil. Artıq Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməyin vaxtıdır".

Ekspertlər hesab edir ki, bu tip Şimalı Koreya raketlərinin ilk dəfə rekord yüksəklikdə- 4475 kilometrdə uçması bəşəriyyətin ciddi bir təhdidlə üz-üzə qalmasından xəbər verir. Bu yüksəkliyı əldə edən ballistik raketlərin 10000 kilometrdən artıq radiusda hədəflərə qarşı effektiv olması mümkündür. Bir sıra ölkələr artıq Şimali Koreyanın hərəkətlərini kəskin şəkildə qınayıblar. Tokio isə onları təxribat adlandıraraq, rəsmi etirazını dilə gətirdi. Tezliklə BMT-nin Təhlükəsizlik Şurasının çağırılacağı barədə də xəbərlər var.

Bir sıra müşahidəçilər dünyanın böyük nüvə müharibəsinin Astanasından olduğu barədə xəbərdarlıq edirlər. Aydın məsələdir ki, xarici müdaxilə ilə üz-üzə qalacağı təqdirdə Pxenyan nüvə arsenalını işə salmaqdan çəkinməyəcək. Üç ABŞ aviadaşıyıcısının Koreya sahillərində olması nəzərə alınsa, vəziyyətin kifayət qədər gərgin olduğunu demək mümkündür.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, böyük savaş iki halda başlaya bilər:
“Birincisi, ABŞ Çinin və Rusiyanın bu məsələdə razılığını alsa; ikincisi, Şimali Koreya daha da qudurub raketlərini konkret ABŞ və ya onun müttəfiqlərinə göndərsə. Ancaq o halda ABŞ-a Rusiyanın və Çinin xeyir-duası lazım olmayacaq”. Ekspert hərbi əməliyyatların nüvə müharibəsinə gətirib çıxara biləcəyi ehtimalını istisna etmir: “Ona görə də ABŞ prosesləri ləngidir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə əksini düşünür:
“Mən hesab edirəm ki, müharibə olmayacaq. Çünki bu, heç kəsin xeyrinə deyil. Hiss olunur ki, Koreya səhnəsində müxtəlif qüvvələr rol oynamağa çalışır. Burada bizim məkana yaxın oyunçular da var. Amma hesab etmirəm ki, kimsə vəziyyəti nüvə müharibəsinə gətirib çıxaracaq”. Sabiq nazir müharibəyə imkan verməyəcək daha bir güc mərkəzinin olduğuna diqqət çəkdi: “Həm də bölgədə böyük nüfuza malik olan Çin bunda maraqlı deyil. Çin daim proseslərdə iştirak edir və onun nüfuzu çox böyükdür. Çinlə razılaşdırılmadan heç bir addım atıla bilməz. Nüvə silahının bir müsbət cəhəti ondan ibarətdir ki, bu silaha malik olan tərəflər ondan istifadə etməyə çəkinirlər. Çünki onun nəticələri hər bir tərəfə mənfi təsir edəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26