Interposta.Info

Avropalılar ABŞ-ın Rusiyaya qarşı birtərəfli sanksiyalarına qarşıdırlar -

Dünya
 18-07-2017, 20:40     459


Sanksiyalar Azərbaycanın “Şahdəniz” yatağına qədər uzana bilər; ABŞ Senatı bununla Avropanı Rusiya qarşısında köməksiz qoyur
Məlum olduğu kimi, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyən qanun layihəsini qəbul edib.


Doğrudur, layihə Nümayəndələr palatasının müzakirəsinə də çıxarılmalıdır. Lakin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı son zamanlarda ard-arda çıxan xəbərlər Nümayəndələr palatasının da üzvlərini eyni layihəni dəstəkləmyə sövq edə bilər.

Lakin ABŞ parlamentinin birtərəfli qaydada Moskvanı cəzalandırmaq istəməsi avropalı partnyorlarının xoşuna gəlmir. “Təhlükəsizlik üzrə Münhen konfransı”nın sədri Volfqanq İşingerin The Wall Street Journal-da qələmə aldığı məqalə bu barədədir.

Volfqanq İşinger

Alman diplomatın fikrincə, ABŞ Konqresi Rusiyanı etdiyi hərəkətlərə görə cəzalandırmaqda haqlıdır. Lakin Nümayəndələr palatasının da təsdiq etməli olduğu qanun layihəsi qarşısına qoyduğu hədəfə çatmaq əvəzinə yeni problemlər yaradacaq.

“Əgər bu layihə əhəmiyyətli şəkildə yenidən gözdən keçirilməsə Avropanın enerji təhlükəsizliyi təhdid altına düşəcək və bu da qitənin demokratik dövlətləri ilə Vaşinqton arasında növbəti narazılığa gətirib çıxaracaq. Bütün bu prosesdən isə Rusiya qalib olaraq ayrılacaq”, - müəllif öz fikrini müdafiə edir.

V.İşingerin fikrincə, Rusiya Krımı işğal etdikdən sonra ABŞ və Avropa arasında mövcud olan ümumi mövqe Senatın avropalı müttəfiqlərinin, xüsusilə Fransa, Almaniya və İtaliyanın fikrini nəzərə almadan birtərəfli şəkildə qoyduğu sanksiyalar sayəsində çatlaya bilər.

İşinger qanun layihəsinin əsas hədəfinin Rusiya qazının Almaniyaya birbaşa ötürülməsini nəzərdə tutan “Şimal axını-2” boru kəməri olduğunu bildirərək, bununla bağlı yaradılan qorxuların həddən artıq şişirdildiyi düşüncəsindədir.

“Bu məsələ Vaşinqtonda həll edilə bilməz. Problem Avropaya aiddir və onunla avropalılar məşğul olmalıdır”, - müəllif əminliyini ifadə edib.

V.İşingerin rəyincə, ABŞ Senatının Rusiya üzərinə qoyduğu sanksiyaların dairəsi, həm iştirakçılar, həm də məkan baxımından olduqca geniş və qeyri-müəyyəndir: “Burada ən narahatlıq doğuran məqam qanun layihəsinin Rusiyanın enerji şirkətlərinin cəlb olunduğu ölkələrə də şamil ediləcəyi ilə bağlıdır. Məsələn “Lukoyl” şirkətinin Azərbaycandakı fəaliyyəti “Şahdəniz” qaz yatağına da sanksiya tətbiq olunmasına gətirib çıxara bilər. Bu isə Avropanın “Cənub dəhlizi” boru kəməri vasitəsi ilə ötürülən Xəzər qazından məhrum edilməsi deməkdir”.

Müəllif bu cür təhdid qarşısında iri maliyyə quruluşlarının layihəni dəstəkləməkdən boyun qaçıra biləcəyi perspektivindən söhbət açıb: “Yəni təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulan bu qanun əslində Rusiya qazına alternativ sayıla biləcək qaz kəmərlərindən birinin varlığını təhlükə altına qoya bilər”.

“Əgər qanun layhiəsi hazırkı formada təsdiq edilsə, bu, ABŞ-ın ən mühüm avropalı partnyorlarını özündən aralanmasına və belə bir kritik məqamda bizim alyans üçün çətinliklər yaranmasına gətirib çıxaracaq. Bunun üçün qanunun reallıqlara müvafiq hala gətirilməsi və ümumi transatlantik mövqeyə uyğun formalaşdırılması daha faydalıdır”, - müəllif ən sonda yekun fikrini bildirib.

Sonda məlumat üçün qeyd edək ki, Volfqanq İşşinger Almaniyanın təcrübəli diplomatlarından biri hesab edilir. Müxtəlif dövrlərdə o, Almaniyanın ABŞ-da və Böyük Britaniyada səfiri vəzifəsində çalışıb.

İşingerin rəhbərlik etdiyi “Təhlükəsizlik üzrə Münhen konfransı” isə beynəlxalq münasibətlər sahəsində dünya siyasətinə yön verən tədbirlərdən biri hesab olunur. Almaniya hökuməti tərəfindən maliyyələşdirilən Konfansda hər il dünya ölkələrinin dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26