Interposta.Info

Şəhid generalın qəhrəmanlığı:

Dünya
 2-06-2017, 07:28     994

Dünən Türkiyənin Şırnak vilayətində qəzaya uğrayan helikopterdə həlak olan general Aydoğan Aydının 1997-ci ildə göstərdiyi şücaətlə bağlı danışılan əhvalat medianın gündəmini zəbt edib.

Axar.az xəbər verir ki, 20 il öncə baş verən olayı şəhid generalın hərbçi yoldaşı polkovnik Alparslan Çaxmaqçı nəql edib.

“Yanılmıramsa, 1997-ci ildə Şimali İraqa girmişdik. Biz Zap bölgəsinin şərqində yerləşən “Məhmədçik” təpəsində mövqe seçmişdik. Həmin təpədə aylar əvvəl bir helikopter qəzaya uğramış və 11 vətən övladı şəhid olmuşdu. Sözügedən yüksəklikdə mövqeyimizi möhkəmləndirmişdik. Qarşımızdakı Link dağında bəzən atışmalar olsa da, qüvvələrimiz orada yox idi. Bölük komandiri axtarış apararaq rabitə xəttini tapmışdı. Atışanlar peşmərgəylə birlikdə xüsusi təyinatlı qüvvələr (XTQ) idi. Bölük komandirimiz XTQ komandanı ilə rabitə əlaqəsi yaratdı və İRMAK 117 (Aydoğan Aydın) kod adlı şəxsin növbətçi olduğunu anladıq. Link dağlarında bir neçə gün atışma getdi. Bir gecə olduqca şiddətli atışma oldu. İRMAK 117 Amediya hərbi bazasında olan ali rütbəlilərə məlumat verirdi. Son olaraq, “Peşmərgələr müqavimət göstərə bilmir. Qarşımızda cəbhə yarıldı” dedi. Bölük komandirimiz isə “Bizdən bir istəyin varmı?" - deyə soruşdu. İRMAK 117 də “Olduğumuz yeri bombalayın” dedi. Donub qaldıq. Daha sonra onunla bir neçə dəfə əlaqə saxlasaq da, alınmadı. Bir-birimizin üzünə baxa bilmədik. Dərin səssizlikdən sonra oranı bombaladıq. 3 gün sonra Zap bölgəsində İRMAK 117-nin səsini eşitdik. Dünyalar bizim oldu. Mən bu olayı illər boyu hər yerdə danışdım. Hətta NATO toplantılarında da iştirakçılara söyləyərdim. İRMAK 117 sonradan general vəzifəsinə yüksəldi. 4 il boyunca bizim bombaladığımız yerdə xidmət etdi. Ötən il isə Şırnaka təyin edilmişdi. Sonda isə dünənki şəhidlər siyahısında ən başda yer aldı. Türk milləti çox böyük qəhrəmanını itirdi”, - deyə polkovnik mərhum generalın cəsarətindən danışıb.

Xatırladaq ki, dünən Şırnak vilayətində elektrik naqillərinə dəyən hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçi şəhid olmuşdu.

interposta.info
Şəhid generalın qəhrəmanlığı:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26