Interposta.Info

Trampın ilk 100 gününə qiymət:

Dünya
 29-04-2017, 20:11     609

ABŞ prezidenti Donald Trampın ilk 100 günü olduqca təzadlı keçdi. Ağ Evə yerləşdiyi 3 aydan çox bir müddətdə Tramp bu və ya digər qərarı ilə hər zaman dünya gündəminin əsas mövzularından biri olaraq qalmaqda davam etdi.

Musavat.com ABŞ və Qərb mətbuatının Ağ Evin yeni rəhbərinin ilk 100 günü ilə bağlı rəy və fikirlərini təqdim edir.

“Trampı əvvəlcə “təlxək” hesab edirdilər”, -The Times-ın yazarı Edvard Lukas yazır.

Lukas ilk günlərdən ABŞ prezidentinin psixoloji olaraq yeni vəzifəyə layiq olmadığı, onun Amerikanı faşist antutopiyasına çevirəcəyi, dövləti iqtisadi böhrana sürükləyərək ticarət müharibələri aparacağı, şovinizmi artıracağı barədə ölkədə yaradılan qorxunu xatırladır.

“Onun ilk 100 günü bu təxminlərin doğru olmadığını göstərdi”, - Lukas qeyd edir.

Lukasın fikrincə, Trampın üzdə olan radikallığı həqiqətlə çarpışdı və belə görünür ki, gerçəklik onun hisslərinə qalib gəlib.

“O artıq NATO-nu köhnəlmiş təşkilat hesab etmir, Vladimir Putinlə gəlinəcək anlaşmanın dünya problemlərini həll edəcəyini düşünmür, ticarət müharibələrinə başlamaq istəmir”,- məqalədə bildirilir.

Donald Trampın ilk 100 günlüyündə biz onun vəd etdiyi nirvanaya yüksəlmədik, lakin bir çox tənqidçinin də ifadə etdiyi qədər antiutopiya ilə üzləşmədik”, - The Washington Post redaksiya köşəsində yazılıb.

“Buna görə biz Konqresə, məhkəmələrə, Konqresin büdcə komitəsinə, Niderland və Fransa seçicilərinə, hətta prezidentin özünə minnətdar olmalıyıq”, - məqalə müəllifləri qeyd edirlər.

“O, ilk gündən azad ticarət haqqında Şimali Amerika sazişini ləğv etmədi, İranla imzalanan nüvə anlaşmasından vaz keçmədi, NATO-dan imtina etmədi və Putinlə dostluq yaratmadı. Bundan başqa, prezident ayıq düşünə bilən eskpertləri özünə müşavir təyin etdi. Bəşər Əsəd öz xalqına qarşı kimyəvi raket atan zaman Tramp buna ağıllı şəkildə güc tətbiqi ilə cavab verdi”, - məqalədə yazılıb.

“Bundan sonra Tramp öz komandasına daha ardıcıl siyasət həyata keçirməyə imkan verəcəkmi? Yoxsa o, hər gün bir mövqedən başqasına keçməyə üstünlük verəcək? Konqres və FTB yeni prezidentin Rusiya ilə əlaqələrini və Kremlin 2016-cı il seçkilərinə müdaxiləsini araşdıracaqmı” qəzet sual verir.

“Sonuncu suala cavab tapmadan sistemin işlədiyini söyləmək olmaz. Lakin Amerikanın təsisçi ataları tərəfindən qurulan, zamanla formalaşan, habelə sınaqdan keçən, bu sistem işləyir”, - qəzet yekunda bildirir.

“Trampın prezident olaraq qələbə siyahısı olduqca kasıb görünür”, -Fransanın “Le Figaro” qəzetini yazarı Arno de la Qranj yazır.

“Yeni prezident anti-immiqrasiya qanunları və “Obamacare” kimi tanınan sığorta sisteminin ləğvi məsələlərində məğlubiyyət yaşadı.
Bununla o, ABŞ prezidentinin öz fəaliyyətində azad olmadığını aşkar etdi ki, bu da onun üçün ağır bir yükdür. Yəni Tramp işlərin öz biznes fəaliyyətində olduğu kimi getmədiyini anladı. Onun bu yaxınlarda etdiyi etiraf da həmin deyilənləri təsdiq edir: “Mənə məlum oldu ki, ABŞ dünyanın ən iri şirkətindən də 1000 dəfə böyükmüş”.

İtaliyanın “La Stampa” qəzetinin yazarı Paolo Mastrollilinin fikrincə, Trampın yeganə nailiyyəti Nil Qorsaçı Ali Məhkəmənin hakimi təyin etməsi olub. Qalan məsələlərdə isə Tramp aldığı bütün qərarlarda şəraitə görə hərəkət etmək məcburiyyətində qalıb.
“Prezident Obamacare-nı əvəz edə bilmədi və indi onun yerinə yeni kompromislər axtarmağa məcburdur. Daha sonra müsəlman ölkələrinin gəlişinə qoyulan fərmanla bağlı uğursuzluq yaşandı. Bundan ötrü prezident Meksika ilə sərhəd boyu divar hörmək fikrindən vaz keçir”, -müəllif yazır.
“Milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinnin istefası və Trampın seçki qərargahının Rusiya ilə əlaqələrinin araşdırılması hələ də “Domokl qılıncı” kimi onun başının üstündən asılıb və bu təhdid impiçmentə qədər gedib çıxa bilər. Şimali Koreya ilə olan böhran isə yeni prezidentin nüvə münaqişəsinə gətirib çıxarmadan dünyadakı güc tarazlığını dəyişdirmək qabiliyyətini ortaya qoyacaq”, - məqalədə qeyd olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26