Interposta.Info

Qardaş qatili, yoxsa... -

Dünya
 17-02-2017, 07:25     612

Qardaş qatili, yoxsa... -

Malayziyada, paytaxt Kuala-Lumpurun beynəlxalq aeroportunda fevralın 13-də detektiv tarixində növbəti hadisə baş verdi: sirli şəraitdə Şimali Koreyanın indiki rəhbəri Kim Çen İnın atadan bir, anadan ayrı qardaşı Kim Çen Nam öldürüldü.
Bu cinayətin törədilməsində şübhəli bilinən iki qadın saxlanılıb. Onlardan birinin - Doan Txi Xıonqun Myanma (başqa məlumatlara görə, Vyetnam), ikincinin isə Cənubi Koreya pasportuna malik olduğu deyilir. Amma onların hadisədə hansı rolu oynadıqları hələ məlum deyil. Cəsədi tibbi ekspertizadan keçirən həkimlər də Kim Çen Namın həlak olmasının səbəblərinə hələ işıq sala bilməyiblər.
Vəliəhd?
Kim Çen Nam 1971-ci il mayın 10-da, Kim Çen İrin birinci vətəndaş nikahlı arvadı Son Xe Rimdən doğulub. Xüsusiyyətlərinə görə, o, heç vaxt vəliəhd roluna iddia etmirdi. 2001-ci ildə Yaponiyanin sərhəd xidməti Dominikan vətəndaşı olduğunu göstərən saxta pasportla ölkəyə giriş vaxtı saxlayandan sonra Kim Çen Nam dünya KİV-inin diqqətini cəlb etdi. Hesab edilir ki, o, bundan sonra Pxenyanın qəzəbinə tuş gəlib. 4 yaşlı oğlu və iki qadınla tutulan Kim Çen Namın pasportu Dominikan Respublikasının vətəndaşı Panq Syunun adına idi. Saxta pasportlu Kim Çen Nam Çinə deportasiya olunmuşdu. O vaxtdan bəri Kim Çen Nam ailəsi ilə birlikdə Makao, Sinqapur, İndoneziya və Fransada yaşayırdı. Jurnalistlərlə ünsiyyətdən uzaq durmağa çalışan Kim Çen Nam özünü siyasi mövzularda olan söhbətlərdən də kənar saxlayırdı.
Lakin, onun bəzi fikirlərində Şimali Koreya rejiminin yumşaq tənqidi var idi. Xüsusi halda, 2010-cu ildə - Kim Çen Inın atanın varisi elan edilməsindən dərhal sonra yapon televiziyasına verdiyi müsahibədə təndiqi fikirlər yer almışdı. O, irsiyyət və hakimiyyətin ötürülməsinə qarşı olduğunu bildirmişdi. Ancaq ümidvar olduğunu söyləmişdi ki, yeni rəhbər şimali koreyalıların həyatının yaxşılaşması üçün bacardığı hər şeyi edəcək. Kim Çen Nam bildirib ki, bunun üçün ona kömək etməyə hazırdır.
2012-ci ildə onun yapon jurnalisti Yodzi Qomi ilə yazışması dərc edildi. Yazışmada Kim Çen Nam kifayət qədər açıq fikirlər ifadə edirdi. Məsələn, iddia edirdi ki, onun kiçik qardaşı lider qabiliyyətlərinə malik deyil.
Sirli həyat
Onun status və məşğuliyyət növü anlaşılmazdır. Buna görə də mərhum haqqında müxtəlif növ şayiələr yayılırdı. Onu gah dissident, gah da Çin meylli şəxs adlandırırdılar. Bildirilirdi ki, Çin müəyyən şərait yarandıqda onu Koreya Xalq Demokratik Respublikasının başçısı qoya bilər. Amma Çin məmurları bu cür şayiələri həmişə həqiqətəuyğun olmayan adlandırırdılar.
Tez-tez informasiyalar çıxırdı ki, “qardaş qardaşı öldürmək istəyirdi, amma Çin xüsusi xidmət orqanları bunun qarşısını kəsib”. İl yarım-iki ildən bir Kim Çen Inın sui-qəsd planları haqqında xəbərlər üzə çıxırdı. Anti-Pxenyan üzrə ixtisaslaşdırılan Cənubi Koreya və ya Qərb KİV-i, “anonim, amma məlumatlı mənbələr” bu xəbərlərin müəllifi idi. Məsələn, 2012-ci ildə “Şimali Koreya agenti”nin Cənubi Koreya kəşfiyyatı tərəfindən həbs edildiyi bildirildi. Məlumata görə, “agent” yol-nəqliyyat hadisəsini təşkil etməli idi. Nəticədə Kim Çen Nam həlak ola bilərdi.
Başqa fərziyyələrə əsasən, Kim Çen Nam özündə Şimali Koreya rejiminin qara kassasını saxlayırdı.
Sirli ölüm
Və budur, Kim Çen Nam həlak oldu. “Çoson” telekanalının versiyasına görə, onu iki qadın öldürüb. Zəhərli iynələri diktatorun qardaşına batıran qadınlar taksi ilə sağ-salamat gediblər.
Malayziya polisi Kimin ölüm faktını təsdiqləməyə hazır deyildi: yerli xəbərlərdə yalnız bildirilirdi ki, Makaoya reysi gözləyən Kim soyadlı hansısa şimali koreyalı özünü pis hiss etdi və xəstəxanaya aparılarkən öldü. O, aeroportun tibb məntəqəsində baş ağrısından şikayət edib və demək olar ki, şüurunü itirib. Aeroportun mühafizəsinin başçısı bu informasiyanı mətbuata təsdiq edib. Zaman içində əlavə detallar üzə çıxdı: aydınlaşdı ki, onun yanında hansısa Kim Çxol adına sənədlər var idi və buna görə də Kim Çen Namın kimliyini dərhal müəyyən etmək mümkün olmayıb.
Sui-qəsdin şəraiti ilə bağlı fərqli versiyalar var. Polisin versiyasına görə, Kim Çen Nam Makao şəhərinə aviareysini gözlədiyi an ona bir qadın yaxınlaşaraq onun gözlərində yanma hissi yaradan bir parça ilə üzünü örtüb. Bundan sonra Kim gözlərində yanmadan şikayət edib və ona yerdə kömək göstəriblər. Kimi daha sonra hospitala göndəriblər və o, yolda ikən ölüb. Amma hansısa zəhərlənmiş iynələrdən söhbət getmirdi.
Hər halda, tibbi ekspertiza ölümün səbəbini hələ təyin etməyib. Fevralın 14-də yerli polisin kriminal departamentinin rəhbəri Məhəmməd Saleh bildirib ki, hələlik qətlin yekun versiyası yoxdur. Polis qəfil ölüm haqqında işi araşdırır. Ölümün səbəbi kimi hazırda ürəktutması nəzərdən keçirilir.
Kim günahkardır?
Məhkəmə tibbi ekspertizanın nəticələri və istintaqın nəticələrini gözləmədən Cənubi Koreya, onların ardınca Qərb KİV-i günahkarı tapdı: əlbəttə ki, Kim Çen Inın işidir, o, siyasi liderliyi möhkəmləndirməyə çalışır.
Cənubi Koreya ekspertləri hesab edirlər ki, Şimali Koreya liderinin birbaşa göstərişi olmadan siyasi qətl ola bilməzdi. “Pxenyan elitasına siqnal göndərildi ki, hətta ən yaxın insanlar qəzəbdən sığortalanmayıb”, - şərhlərdə deyilirdi. Bəziləri hətta elan etdilər ki, Kim Çen Namı ona görə öldürdülər ki, o, siyasi sığınacaq üçün xahiş etmək istəyirdi. Koreya Xalq Demokratik Respublikasından növbəti anonim fərari bildirdi ki, Kim Çen Nam qardaşının əmrini yerinə yetirməkdən imtina edib. Deyilənə görə, Kim Çen In qardaşından Koreya Xalq Demokratik Respublikasına qayıtmağı tələb edirdi.
Ancaq qeyd edək ki, Şimali Koreya dissidentlərin məqsədyönlü ovunu aparmırdı. Kim Çen İnın böyük qardaşı isə heç vaxt rejimin ciddi tənqidi ilə çıxış etmirdi və vurğulayırdı ki, xüsusi simadır.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti olmaqla, rəsmi orqanları qətldə Şimali Koreya izinin etibarlılığını təsdiq etməyiblər. Bununla belə, hər ehtimala qarşı Şimali Koreyadan olan fərarilərin mühafizəsi gücləndirilib. Cənubi Koreyada prezident vəzifələrini icra edən Xvan Qe Anın sözlərinə görə, əgər qətlin Şimali Koreya hakimiyyətinin təşəbbüsü ilə edildiyi təsdiqlənərsə, bu Pxenyan rejiminin qəddarlığının növbəti sübutu olacaq.
Birləşmiş Ştatlar da Kim Çen Namın Şimali Koreya agentləri tərəfindən öldürüldüyünü qəti şəkildə bildirməyib. Bu barədə hələlik rəsmi bəyanatlar yoxdur.
Konspiroloji versiyalar
Birinci versiyaya görə, Kim “müqəddəs qurban” olub və Cənubi Koreya kəşfiyyatı tərəfindən planlaşdırılıb. Hədəf sadədir - dünya cəmiyyətini Şimali Koreya probleminin güc yolu ilə həllinə itələmək: “Hökmdarı şəxsi qardaşını öldürdü, belə bir rejimlə heç bir razılıq mümkün deyil”.
İkinci versiyaya görə, bu yaxınlarda raketin buraxılmasına görə Pxenyana cavab, Kim Çen Ina isə siqnal verilib: qardaşına qədər gəldik, sənə də çata bilərik. Bir az əvvəl Cənubi Koreya Kim Çen Inın məhvi üçün xüsusi təyinatlı dəstənin xüsusi qrupunun yaradıldığını elan etdi.
Üçüncü versiya şəxsi motivləri birinci plana keçirir. Bu versiyaya görə, Kim ailənin nifrət oyadan nümayəndəsinə qarşı terror aktını həyata keçirməyə qərar verib.
Hər halda, səs-küy doğuran siyasi qətl regional gərginliyi kəskinləşdirir və Şimali Koreya rejiminə diqqəti cəlb edir. Ümid etmək qalır ki, Malayziya hakimiyyəti qətlin ciddi araşdırmasını aparacaq. Ancaq təbliğatın qanunları, bədbəxtlikdən, faktdan daha əhəmiyyətli olur. Anti-Pxenyan təbliğatı hər halda Pxenyanın üzərinə yeni cinayəti qoyacaq.

interposta.info

Qardaş qatili, yoxsa... -
Qardaş qatili, yoxsa... -
Qardaş qatili, yoxsa... -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26