Interposta.Info

Kremlə qarşı sanksiyalar azaldıla bilər:

Dünya
 11-02-2017, 17:21     530

 Kremlə qarşı sanksiyalar azaldıla bilər:

ABŞ isə yeni skandalla çalxalanır
Rusiyaya qarşı sanksiyalar problemi Qərb dünyasının əsas başağrılarından biridir.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu məsələdə demokratik dünyada ciddi çatlar müşahidə olunur.

Yunanıstan baş naziri Aleksis Tsipras Kiyevdə rəsmi səfərdə olarkən, Ukrayna rəsmilərinin gözlərinin içinə baxa-baxa Rusiyaya qarşı sanksiyaların faydasız olduğunu bildirib.

“Bir tərəfdən biz baş verənlərə adekvat cavabın verilməsi zərurətini başa düşürük. Digər tərəfdən isə fikirləşirəm ki, sanksiyalar başqa tədbirlərlə əvəz edilməldiir”, - baş nazir qeyd edib.

Tsipras həmin tədbirlərin nədən ibarət olduğunu açıqlıq gətirməyərək, “Sanksiyalar problemlərin həllini tapmaq üçün tətbiq edilir”, - deməklə kifayələnib.

Qeyd olunur ki, Rusiyaya qarşı sanksiyaların qaldırılması məsələsində Yunanıstanla bərabər ən çox İtaliya və İspaniya israr edir. Çünki Rusiyanın gördüyü cavab tədbirləri onların aqrar sektoruna külli miqdarda zərər vurub.

Ukraynanın baş naziri Vladimir Qroysman isə Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Donald Trampın və Angela Merkelin sanksiyaların qaldırılmasına yol verməyəcəklərinə ümid etdiyni bildirib.

“Sanksiyaların yüngülləşdirilməsi yalnız Rusiyanın öz qoşunlarını Ukrayna ərazisindən çıxarmasından, separatçıların isə Minsk razılaşmalarına əməl etməsindən sonra mümkün ola bilər”,- baş nazir əlavə edib.

Lakin Qərb mətbuatı, xüsusilə Tramp müxalifətçiləri bu məsələdə ABŞ-ın indiki rəhbərliyinə güvənməyin doğru olmadığını dilə gətirirlər.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Maykl Flint ətrafında yaranan skandal da elə məhz bunu sübut edir.

Belə ki, müşavir generalın şəxsi zəmində Rusiya Federasiyasının ABŞ-dakı səfiri Sergey Kislyakla Donald Trampın prezident səlahiyyətlərinə başlamazdan öncə bir araya gəldiyi və sanksiyaları müzakirə etdiyi aşkarlanıb.

Bu isə rəsmi çevrələrin məsələni inkar edən çıxışlarına ziddiyyət təşkil edir. Xatırladaq ki, Ağ Ev rəsmiləri dəfələrlə Rusiya nümayəndələri ilə bu tip məsələlərin müzakirə olunmadığını bildirirdilər.

“Flintin Kislyakla kontaktları ABŞ-ın bir sıra yüksək rütbəli dövlət məmuru tərəfindən ləyaqətsiz davranış kimi qiymətləndirilib”,- The Washington Post yazır.

Flint özü isə Kislyakla sanksiyaların aradan qaldırılması məsələsi ilə bağlı görüşdüyünü inkar edir. Lakin amerikalı siyasətçinin sözləri Rusiya diplomatları tərəfindən təkzib edilir. Onlar hətta Maykl Flintin görüş zamanı Rusiya rəsmilərindən Obamanın son qərarlarına sərt reaksiya göstərməməsini və andiçmədən sonra yeni prezidentin məsələyə yenidən baxacağını vəd etdiyini söyləyiblər.

Sonradan Flint Rusiya səfiri ilə görüşdüyünü etiraf etsə də, bu görüşün Vladimir Putin və Donald Tramp arasında telefon söhbətlərinin təşkil olunması, habelə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar baş sağlığı vermək üçün gerçəkləşdirdiyini bildirib.

Lakin ABŞ Konqresində Flintin məsum bəyanatlarına inananların sayı azdır.
Xüsusilə Tramp administrasiyasının hər səhvindən məharətlə yararlanmağa çalışan müxaliflər üçün bu fürsət göydəndüşmə olub.

The Washington Post-un yazdığına görə, Demokrat partiyasına məxsus senatorlardan Ed Merki və Kris Merfi məslə ilə bağlı təhqiqata başlanılması ilə bağlı tələb irəli sürüblər.

Onların fikrincə, həmin dövrdə Donald Tramp hələ prezident kürsüsünə yiyələnmədiyi üçün Flintin şəxsi zəmində xarici ölkənin nümayəndəsi ilə dövlət məsələlərini müzakirə etməyə ixtiyarı olmayıb.

ABŞ Nümayəndələr palatasının kəşfiyyat komitəsinin üzvü demokrat Adam Çiff Maykl Flinti istefaya çağırıb.

“Əgər ABŞ prezidentinin müşaviri Birləşmiş Ştatların milli təhlükəsizliyini qiymətləndirə bilmirsə vəzifəsini dərhal tərk etməlidir”,- konqresmen qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26