Interposta.Info

Tramp seks videosu ilə

Dünya
 13-01-2017, 07:24     638

 Tramp seks videosu ilə

ABŞ prezidenti seçilən və qalmaqalları ilə də medianın gündəmindən düşməyən Donald Trampın əleyhinə yeni məlumat yayılıb. Məlumatda bildirilib ki, Donald Tramp 2013-ci ildə dünya gözəllik müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib. Trampın Moskvada olarkən oteldə əxlaqsız qadınlarla cinsi əlaqəyə girdiyi və görüntülərin rus kəşfiyyatının əlinə keçdiyi iddia edilir.

“Buzzfeed” xəbər saytı tərəfindən yayımlanan 35 səhifəlik sənəddə, Rusiyanın Trampı təsiri altına almaq üçün illərdir iqtisadi və siyasi iş apardığı qeyd olunur. Bildirilir ki, bu dövr ərzində rus kəşfiyyatı ABŞ-ın əmlak milyarderi Donald Trampın şəxsiyyəti, iqtisadi vəziyyəti, şəxsi ambisiya və cinsi həyatı barədə ətraflı məlumat toplayıb. Sənədlərdə Trampın 2013-ci ildə Moskvada oteldə əxlaqsız qadınlarla cinsi əlaqəyə girdiyini ortaya çıxaran birdən çox kasetin olduğu bildirilir. 2016-ci ildəki seçki kampaniyası dövründə Rusiya rəsmiləri ilə Trampın qrupu arasında dəfələrlə görüşlər keçirildiyi bildirilir. Sözügedən görüşlərdə iki tərəfin xeyrinə ola biləcək məlumatların mübadilə edildiyi irəli sürülür.

Bu xəbərin dünyaya yayılmasından sonra Kreml mövzuya münasibət bildirib. Bildirilib ki, Moskvanın Trump və ya Klintonla əlaqədar əlində hər hansı bir sənəd yoxdur. Kremlin sözçüsü DmitriPeskov da əllərində, Donald Trampın nüfuzuna zərər verəcək məlumatların olmadığını söyləyib. Məsələ ilə bağlı mətbuat konfransı təşkil edən Peskov, yayılan məlumatları “ucuz roman” adlandırıb. O bildirib ki, bu, ikitərəfli əlaqələrə zərər verməyə yönəlmiş bir cəhd, “cadugər ovu”nun davamıdır.

Yayılan xəbərlərə Donald Tramp da biganə qalmayıb. Belə ki, o, özünün tvitter hesabında ard-arda fikirlərini paylaşaraq qeyd edib ki, Rusiya məni heç bir zaman şantaj etmədi: “Yayılan məlumatlarla bağlı heç bir əlaqəm yoxdur. Bir saat içində 4 “tvit” atan Donald Tramp, saxta xəbərlər yaymaqda “CNN” və “Buzzfeed”igünahlandırıb:"Seçkini asan şəkildə qazandım, bu artıq qəbul olunub və yalançı müxaliflər yalan xəbərlərlə zəfərimizi alçaltmağa çalışır. Kəşfiyyat xidmətləri bu yalan xəbərlərin cəmiyyətə sızmasına icazə verməməliydi”.
Onu da qeyd edək ki, daha öncə də Trampla bağlı “Buzzfeed” xəbər saytı tərəfindən oxşar xəbərlər yayılmışdı.

Politoloq Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirib ki, bu məlumatın həqiqət olub, olmadığını söyləmək mümkün deyil:
“Nə qədər ki, haqqında danışılan video görüntülər yayılmayıb, bunun doğruluğu da şübhə altındadır. Seçkilərdən öncə yayılan bu kimi xəbərlər Trampın nüfuzunun salınmasına, seçilməsinə əngəl olaraq yönəldiyi halda, bu gün belə bir şayiələrin çıxması onun inauqurasiyasına heç bir təsir göstərə bilməz. Ancaq əgər bu faktların həqiqət olduğu üzə çıxarsa, o zaman impiçment qaydasında Trampı vəzifədən uzaqlaşdırarlar. Çünki onlar namizədliklərini irəli sürməzdən əvvəl, bəyannamə doldururlar. Bu bəyannaməyə görə hansı cinayət törətmələri, başqa dövlətlər qarşısında asılılığının olub, olmaması kimi məsələlər qeyd olunur. Əgər xarici kəşfiyyat orqanın əlində onun əleyhinə faktlar varsa, bu artıq asılılıqdır. Zamanında bunları qeyd etmədiyi üçün impiçment oluna bilər. Amerikada belə bir qayda var ki, impiçment olunması üçün onun konkret olaraq hansısa cinayət törətməsinə ehtiyac yoxdur. Bilərəkdən səhv məlumat verməsi də impiçment olunması üçün də kifayətdir”.

Ekspert bildirib ki, məlumatların Klinton tərəfdarları tərəfindən yayılmasını söyləyənlər də haqlı ola bilərlər:
“Lakin hazırda biz şayiəyə inanıb bunun həqiqət olduğunu irəli sürə bilmərik. Trampın Rusiyaya yönəlmiş müəyyən pozitiv mesajlar verməsi o demək deyil ki, bu kasetlər var. Trampın Rusiyada investisiyaları var. Eyni zamanda hər kəs yaxşı bilir ki, onun üçün iqtisadi-ticarət maraqları olduqca yüksəkdir. Mətbuat konfransı zamanı o bildirdi ki, iki şirkətimin idarəsini oğullarıma vermişəm. Bundan başqa Səudiyyə Ərəbistanından gələn 2 milyardlıq iş təklifini də geri çevirməsini vurğuladı. Yəni demək istəyir ki, iqtisadi və ticarət maraqlarını artıq birinci plana qoymur. Ancaq yenə də bu hal, onun şirkətlərini əlindən verməsi anlamına gəlməz. Çünki şirkətlər yenə də ailəsində qalıb. Ola bilər ki, Rusiyaya isti mesajlar verməsi də məhz bu kimi ticarət maraqları ilə bağlıdır. Ona görə də Trampın Rusiyaya qarşı isti mesajları deməyə əsas vermir ki, Rusiya kəşfiyyatının əlində onunla bağlı hansısa dəlillər var”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26