Interposta.Info

“İranla münasibətlərdəki gərginlik yeni strategiyanın xəbərçisidir” (ŞƏRH)

Siyasət
 8-04-2023, 14:48     223

"İranla Azərbaycan arasında yaşanan gərginlik pik nöqtəsinə çatmaq üzrədir. Növbəti bir addım qalıb. Növbəti hədd ümumiyyətlə diplomatik əlaqələrin kəsilməsi, sərhədlərin bağlanması ola bilər ki, bu, arzuolunan deyil”.

Bunu "İnterPosta"-ya açıqlamasında ictimai əlaqələr üzrə mütəxəssis Arif Əliyev İranla Azərbaycan arasında yaşanan gərginliyin hansı həddə qədər gedəcəyinə aydınlıq gətirərkən deyib:

“İranla münasibətlərdəki gərginlik yeni strategiyanın xəbərçisidir” (ŞƏRH)


"Azərbaycan səfirliyini İrandan çıxardı. Həmçinin, İranın 4 diplomatını persona non-qrat elan etdi. Azərbaycanın belə qəti mövqe nümayiş etdirməsi doğrudur. Çünki Azərbaycan müstəqil ölkədir, öz xarici siyasətini müstəqil həyata keçirir. İran Azərbaycanla diqtə dilində danışmamalıdır. Bakının mövqeyindən geri çəkilməsi Tehranın iştahasını artıra bilər. Ona görə də Bakı doğru mövqe seçib. Azərbaycan uzun müddət balanslaşdırılmış siyasət yürüdüb. İndi isə görünür, artıq tamam başqa strategiya seçilir. Söhbət bütövlükdə xarici siyasətdə strategiyanın dəyişməsindən gedir”.

Ekspertə görə, iki ölkə arasındakı gərginliyin müxtəlif səbəbləri var:

"Hər halda İranla Azərbaycan arasındakı gərginlik müstəqillik dövrümüzdən üzü bəri ən pik həddədir. Bu da müxtəlif səbəblərdən qaynaqlanır. İran Azərbaycanın İsraillə münasibətlərini, Bakı isə daha çox Tehranın Ermənistana verdiyi dəstəyi önə çəkir. Tarixi gərginliyin başlıca səbəbi isə Azərbaycanın bir hissəsinin ərazi və əhali olaraq İranın tərkibində olmasıdır. İndiki dövrdə isə Azərbaycanın hərbi və iqtisadi cəhətdən güclənməsi, regionda rolunun artması İran üçün təhdid kimi qəbul olunur. Ona görə də Tehran Bakıya müxtəlif formalarda təzyiqi artırır. Azərbaycanın bu fonda atdığı addımlar isə cavab addımlarıdır. Bakı gərginliyin təşəbbüsçüsü deyil. İranın Azərbaycana qarşı təbliğatı, yönəltdiyi vəsaitlər, istifadə etdiyi casus şəbəkəsi, 44 günlük müharibə və ondan sonrakı dövrdə Tehranın Bakıya münasibəti, səfirliyimizə hücum kimi hadisələr gərginliyin artmasına gətirib çıxarıb”.

Amma həmsöhbətimiz yaşanan gərginliyin müharibə həddinə gətirib çıxaracağını düşünmür:

"Gərginliyin hərbi münaqişə müstəvisinə gəlib çıxması regionda sarsıntılara səbəb ola bilər. Amma təhlillər göstərir ki, hərbi toqquşma ehtimalı o qədər də böyük deyil. İran bu addımı atmaqdan çəkinəcək. Çünki hərbi müstəvidə İranın mövqeyi xeyli dərəcədə zəif görünür. İranın beynəlxalq mövqeyi də zəifdir, iqtisadiyyatı durğunluq vəziyyətindədir. Bu ölkə daxildə də gərginlik yaşayır. İran əhalisinin az qala yarısının azərbaycanlılardan ibarət olduğunu nəzərdən qaçırmayaq. Ona görə düşünürəm ki, İranın addımları sadəcə hədə-qorxu xarakteri daşıyır”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26