Interposta.Info

İlham Əliyev Timor-Leste Prezidenti Jose Ramos Horta ilə görüşüb - FOTO

Siyasət / Manşet
 7-03-2023, 20:05     257

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:


- Sizi bir daha salamlayıram. Səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həqiqətən də tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır. Bununla yanaşı, Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi.

Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim.

Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır. Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.

Timor-Leste Prezidenti Jose Ramos Horta dedi:

- Zati-aliləri, mənimlə Azərbaycanda, iştirak edəcəyim Forumla bağlı görüşdüyünüzə görə sağ olun. Mən əvvəllər bu Foruma dəvət edilmişdim, lakin müəyyən səbəblərdən səfərə gələ bilmədim. Bu dəfə isə həqiqətən də bu səfəri həyata keçirmək arzusundaydım. İstədim həm Forumda iştirak edim, həm də rəhbərliyinizlə tərəqqi və inkişafa nail olan və haqqında çox oxuduğum Azərbaycan ilə şəxsən tanış olum. Belə bir fürsətə görə təşəkkür edirəm.

Timor-Leste Demokratik Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yüksək qiymətləndirildiyini dedi, Hərəkatın Bakıda təşkil edilən son Zirvə görüşünün uğurla keçirildiyini vurğuladı.

Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə göstərdiyi dəstəyə görə Timor-Lestenin Prezidentinə minnətdarlığını bildirdi.

Görüşdə qaz, sərmayələr, gübrə istehsalı, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Jose Ramos Horta Azərbaycanın təhsil müəssisələrində ölkəsindən olan tələbələrə təqaüd ayrılması ilə bağlı imkanlara baxılması üçün dövlətimizin başçısından xahiş etdi.

Azərbaycanın təhsil potensialı haqqında məlumat verən Prezident İlham Əliyev xarici tələbələr, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığını qeyd edərək bu məsələyə də baxılacağını bildirdi.

16:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Bu barədə AZƏRTAC xəbər verir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26