Interposta.Info

Ermənistan 8 kəndimizi bu səbəbdən boşaltmır

Siyasət / Manşet
 17-02-2023, 13:58     275

Avropa İttifaqı missiyasının Ermənistana gəlişindən Rusiyanın ciddi şəkildə narazı qalması bəlli həqiqətdir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dedikləri isə belə vəziyyətdə Ermənistan üçün çox sərt xəbərdarlıqdır.

Duma sədri İrəvanı Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞ PA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib, onların Ukraynadakı fəaliyyətinin nəyə gətirib çıxardığını yada salıb. Bu xəbərdarlıqlara İrəvan hələ reaksiya verməsə də, erməni politoloqları Ermənistan üçün yaxınlaşan təhlükələrdən narahatlıqlarını bildirirlər.

Məsələn, politoloq Benyamin Matevosyan qeyd edir ki, Kremlin sərt xəbərdarlıqları İrəvanın əleyhinədir və Bakı bundan sonrakı məqsədləri, məsələn, məlum 8 kəndin nəzarətinə qaytarılması üçün faydalanacaq: "Paşinyan bildirir ki, Aİ Ermənistanın sərhədlərini tanıyıb və ona görə bu qurumun missiyası Ermənistana gətirilib. Bəs Aİ Praqada Azərbaycanın ərazi bütövlüyünü hansı sərhədlər çərçivəsində tanıyıb? Azərbaycan Prezidenti İlham Əliyevin dediyi 8 kənd bura daxildirmi? Paşinyan parlamentdə bəyan etdi ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə Aİ Ermənistanın sərhədlərini aydın şəkildə müəyyən edib və bu sərhədə nəzarət etmək üçün müşahidəçilərini göndərəcək. Paşinyanın bəyanatının mənfi tərəfi var: əgər Aİ Ermənistanın sərhədlərini müəyyən edibsə, başqa sözlə, "X" sərhədləri daxilində onun ərazi bütövlüyünü tanıyıbsa, bu o deməkdir ki, "Y” sərhədləri daxilində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bakıda ərazi bütövlüyü anlayışı isə yalnız Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi ilə qəbul edilir. Bu kəndlərə nəzarət etməmək təkcə Zəngəzur və Qarabağ üçün deyil, bütün Ermənistan üçün enerji və nəqliyyat təcridinə gətirib çıxarır".

Matevosyan qeyd edib ki, ən mühüm dövlətlərarası magistral Ermənistanın mərkəzi hissəsini Zəngəzur, Qarabağ və İranla birləşdirən Kərki kəndindən keçir: "Əgər Kərki əldən getsə, o zaman Ermənistanın Qarabağda və İranda yalnız bir çıxış yolu olacaq - Vedi yolu. Aşağı Əskiparaya gəlincə, Gürcüstana dövlətlərarası yol oradan keçir. Bu əraziyə nəzarətin itirilməsi Gürcüstandan Ermənistana (Qırmızı Körpü - Sevkar - Berd xətti ilə keçən) qaz kəmərinin fiziki mövcudluğunu da "təhlükə" altına qoyur. Bu ərazilərin itirilməsi böyük risklər daşıyır". Ekspertə görə, bu vəziyyətdə Rusiyanın daha çox Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan üçün daha böyük problem deməkdir.

Qeyd edək ki, Qazax rayonunun işğal altında qalan kəndləri bunlardır:

Bağanis Ayrım - 24.03.1990

Xeyrimli - 08.03.1992

Aşağı Əskipara - 12.03.1992

Barxudarlı - 27.04.1992

Sofulu - 27.04.1992

Qızılhacılı - 11.05.1992

Yuxarı Əskipara - 08.06.1992.

Qazağın Ermənistanın işğalı altında qalan 7 kəndinin geri qaytarılması məsələsi 10 noyabr bəyanatından sonra bu günə qədər gündəmdə olub və hər zaman bildirilib ki, geri veriləcək. Amma erməni politoloqun açıqlaması onu göstərir ki, İrəvan Kərki də daxil, bu kəndləri qaytaracağı halda regionda çətin vəziyyətə düşəcək. Amma Qazağın kəndlərinin qaytarılması prosesi gec-tez baş verməlidir. Çünki həmin kəndlər Azərbaycan Respublikasının konstitusion ərazisinə daxildir. Moskva-İrəvan gərginliyinin bu prosesi tezləşdirəcəyi haqda ermənilərin qorxusu nə qədər əsaslıdır?

AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat”a deyib ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri var. "Bura Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi də daxildir. İşğalda olan sözügedən kəndlərin azad edilməsi üçün addımlar atılmalıdır. Amma Ermənistan Avropa İttifaqının müşahidə missiyasını bölgəyə dəvət edib və bu prosesi yubatmağa çalışır. İstənilən halda ərazilərimiz boşaldılmalıdır. Son 30 ildə Rusiya faktoru varıydı, indi reallıqlar dəyişib. İndi Ermənistan Rusiyanı qıcıqlandırıb, münasibətlərdə dərin çatlar əmələ gəlib, Azərbaycan da bu vəziyyətdən istifadə etməli, torpaqlarımız işğaldan azad olunmalıdır. Burada beynəlxalq müşahidə missiyası hər hansı müdaxilə edə bilməz. Çünki həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar”, - deyə A.Əlizadə şərh etdi. AMİP sədri vurğuladı ki, sadəcə, reallığın nədən ibarət olması Azərbaycan rəsmilərinə daha çox məlumdur: "Yəni hansı mərhələdə addım atılacağını rəsmi Bakı bilir və proqnoz vermək çətindir. Bütün hallarda bu məsələdə heç bir güzəşt ola bilməz və beynəlxalq təzyiqlər də nəticə verməyəcək”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsində de-fakto Qarabağ problemi həll olunub. Onun fikrincə, məsələnin geniş formada həlli üçün sülh imzalanmalıdır. Ekspert hesab edir ki, bu proses də məhz sərhədlərin dəqiqləşdirilməsi və tanınması ilə başlanır: "Ona görə sərhədlər müəyyən ediləndə Qazağın 7 kəndi və Kərki Azərbaycanın nəzarətinə keçməlidir. Bu, üçtərəfli sənəddə də qeyd olunub, BMT də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda bu konfliktin baş verməsində də, sonrakı dövrlərdə də, üçtərəfli sənədin imzalanmasında da Rusiyanın təsirləri olub. İndi isə Moskva münaqişənin həllində maraqlıdır. Lakin Qərb və Vaşinqton Rusiyanın təşəbbüsü ilə problemin həllini qəbul etmir. Ona görə Paşinyanın əli ilə prosesi tormozlamağa, pozmağa çalışırlar”.

Siyasi şərhçi prosesin pozulmasının bir elementini də Avropa İttifaqının mülki missiyasının bölgəyə yerləşdirilməsində görür: "Bu da Rusiyanın xoşuna gəlmir. Gec-tez Paşinyanın antirus addımları Ermənistan üçün fəsadlar verəcək. Vaxtilə Zelenski də oxşar addımlar atırdı, nəticəsi göz qabağındadır. Ona görə Moskva-İrəvan arasında gərginlikdən istifadə etmək bizim tam haqqımızdır. Üstəlik, Rusiyanın Ermənistana siyasi, hərbi, iqtisadi təsir imkanları genişdir. Yəni Rusiyasız Ermənistan heç nədir. Sadəcə, Paşinyanın hakimiyyətə gəlişi ilə bu ölkə Qərbin əlində klounlaşdırılıb”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu düşünür. Onun fikrincə, iki ildən çoxdur ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir: "Amma Azərbaycan da Qazağın kəndləri və Kərki problemini gündəliyə tez-tez çıxarmır. İndi Zəngəzur koridoru daha prioritet mövzu olaraq gündəmdə saxlanılır. Hiss olunur ki, rəsmi Bakı kəndlərin boşaldılmasını böyük prosesin içində həll etməyi hədəfə alıb. Əgər dəhliz açılsa, bu məsələ də yoluna qoyula bilər. Amma bir neçə ay əvvəl xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd etmişdi ki, Kərki və 7 kənd delimitasiya prosesində nəzarətimizə keçəcək. Hərçənd mən bu mövqeyi düzgün qəbul etmədim. Çünki kəndlərin boşaldılması sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində razılaşdırılmayıb, əksinə, bu qərar 10 noyabr bəyanatında qeyd olunub. Necə ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxdılar, habelə Ağdam və Kəlbəcər boşaldıldı, eləcə də Qazağın kəndləri azad edilməlidir”.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan rəsmiləri Gədəbəyin Başkəndinin Qazağın 7 kəndi ilə dəyişdirilməsi təklifini irəli sürmüşdü. Sonra rəsmi İrəvan "anklavlar dəyişməməlidir, tərəflər status-kvodan razıdır” söyləmişdilər. Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı ki, bu da güclü silahlarla təchiz edilən ermənilərin hücumlarının qarşısının alınmasını mümkünsüz edirdi. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26