Interposta.Info

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin səsi niyə çıxmır? – Politoloqun şərhi

Siyasət
 10-08-2021, 13:12     329

44 günlük Qarabağ müharibəsi başa çatandan sonra yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından artıq 6 aydan çox vaxt keçir. 30 yanvar Ağdamda fəaliyyətə başlayanda bu quruma böyük ümidlər var idi. Monitorinq Mərkəzinin əsas işi atəşkəsin pozulması faktlarını qeydə almaqdan ibarətdir. Qurum bu işi əsasən uçan pilotsuz aparatlar vasitəsilə müşahidə edir.

Yanvardan üzü bəri Ermənistan və Qarabağdakı erməni silahlı tör-töküntüləri atəşkəsi dəfələrlə pozublar. Son bir ay müddətində isə belə təxribatlar daha intensiv xarakter alıb. Lakin bu müddət ərzində birgə Monitorinq Mərkəzinin atəşkəsin pozulması faktlarını qeydə alıb-almadığı barədə bir dənə də olsun məlumata rast gəlməmişik. Ermənilər atəşkəsi pozmaqda, sözügedən mərkəz isə baş verən bu təxribatlara susmaqda davam edir.

"Caliber” layihəsinin "YouTube” səhifəsində yayımlanan süjetində göstərilir ki, Ermənistan silahlı qüvvələri aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşdirilir. Verilən məlumata görə, Ermənistan 12 "Kamaz”, 3 "Ural” və digər yük maşınları ilə şəxsi heyəti rus sülhməramlılarının nəzarətindəki qeyd olunan ərazilərə daşıyır. Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir.

Buradan görünür ki, "sülhməramlılar” erməni hərbi birləşmələrini Qarabağa buraxsa da, Birgə Monitorinq Mərkəzi məsələyə reaksiya verməyərək susmaqda davam edir.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan hüquq üzrə beynəlxalq ekspert Fərhad Mehdiyev bildirdi ki, Monitorinq Mərkəzinin funksiyasına yalnız atəştəsə nəzarət etmək daxildir, digər məqamlara isə qurum müdaxilə etmək səlahiyyətində deyil:



"Rusiya sülhməramlıları iddia edir ki, geri qayıdanlar Qarabağ müharibəsi zamanı oradan qaçan mülki şəxslərdir. Onlar digərlərini isə ora gətirə bilməzlər. Kənar şəxslər gətirildiyi halda, Bakı sübutlar əldə edib Moskvadan açıqlama tələb edə bilər. Monitorinq Mərkəzinə gəldikdə, onun funksiyası ancaq və ancaq atəşkəsin pozulub-pozulmadığına nəzarət etməkdən ibarətdir. Bildiyim qədər Monitorinq Mərkəzinin mandatına digər məsələlərə nəzarət etmək daxil deyil. Onlara daha geniş səlahiyyətlər verilməyib. Sadəcə atəşkəs deyil, ümumiyyətlə, 10 Noyabr razılaşmasının bütün bəndlərinin təmin edilməsinə nəzarət əldə etsəydi, Monitorinq Mərkəzi Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirilməsinə təbii ki, birbaşa olaraq müdaxilə etməklə, onun qarşısını alardı”.
Bununla bərabər, ekspertin fikrincə, Türkiyə tərəfi olayla bağlı səsini çıxara, dronlarla aparılan müşahidə əsasında müəyyən ərazilərdə silahlı şəxslərin toplandığı və onların fəaliyyətinin atəşkəsin pozulmasına gətirib çıxara biləcəyini əsas gətirməklə narahatlığını dilə gətirə bilərdi:

"Monitorinq Mərkəzinin edə biləcəyi budur. 10 Noyabr razılaşmasında Monitorinq Mərkəzinin yaradılması məsələsi yox idi. Ancaq Türkiyə burada öz varlığını qoruyub saxlamaq istədi və bunu ancaq Monitorinq Mərkəzi vasitəsilə edə bildi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26