Interposta.Info

Prezidentin Rusiya səfəri - Bakı və Moskva münasibətlərində yeni mərhələ

Siyasət
 4-09-2018, 09:11     10 318

Azərbaycanın dövlət başçısının Soçidə, Rusiya prezidenti ilə keçirdiyi görüş və səslənən bəyanatlar iki qonşu dövlətin əməkdaşlığında təzə səhifələr açır...
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-də etdiyi səfər, keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, səslənən bəyanatlar geniş rezonansa səbəb olub.

Azərbaycan və Rusiya arasında mühüm sənədlərin imzalanmasından sonra hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər. Rusiya prezidenti aparılan danışıqların “konstruktiv və işgüzar şəraitdə” keçdiyini xüsusi qeyd edib. Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələrinin bağladığını bildirən Putin əlavə edib ki, dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. (AZƏRTAC)

İkitərəfli iqtisadi əlaqələrə gəlincə, Putin deyib ki, onlar çox fəal inkişaf edir: “2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar ”Qazprom", “Transneft” və “LUKoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir".

Putin Qarabağ məsələsindən də bəhs edib: “Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk Qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”.

Azərbaycan prezidenti çıxışı zamanı rusiyalı həmkarı ilə son üç ayda üç dəfə görüşdüyünü xatırladıb. Bildirib ki, ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir: “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik”.

Prezident İ.Əliyev çıxışının sonrakı hissəsində Azərbaycanın ən ciddi problemi olan Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayırıb: “Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Prezident onu da deyib ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir.

Dövlət başçısı Ermənistanı daim təşvişdə saxlayan məsələdən də bəhs edib: “Biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyllidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

***

Azərbaycanın siyasi ekspertləri də səfəri yüksək qiymətləndirir.

AVP sədri, deputat Fəzail Ağamalı son səfərin önəmli tərəflərindən bəhs etdi: “Ölkə prezidentinin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu xeyli dərəcədə yüksəldib. Xüsusi olaraq son illər qonşu ölkələrlə, Rusiya və İranla münasibətlərin yüksək səviyyədə qurulması, ikitərəfli və üçtərəfli formatda ciddi layihələrə imza atılması, əlbəttə, son dərəcə önəmli faktorlardan biridir. Ölkə prezidentinin Rusiyaya son səfəri münasibətlərin yüksək səviyyədə olmasını bir daha nümayiş etdirdi. İlk növbədə cənab İlham Əliyevin Putin tərəfindən yüksək səviyyədə qarşılanması, Azərbaycanın bu görüşdə böyük heyətlə iştirakı, imzalanan müqavilələr, verilmiş bəyanatlar Azərbaycanla Rusiya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha ortaya qoydu. Məncə, ölkə prezidentinin Soçiyə səfəri, Putinlə aparılan danışıqlar, imzalanan sənədlər göstərir ki, bu münasibətlər özünün yeni bir yüksək mərhələsini yaşamaqdadır”. F.Ağamalı qeyd etdi ki, Cənubi Qafqaz respublikaları içərisində Azərbaycan Rusiya ilə mehriban qonşuluq və dostluq münasibətlərinə söykənən əməkdaşlığı mərhum prezident Heydər Əliyevdən başlayaraq, bu günə qədər davam etdirir: “Rusiya ilə Gürcüstanın çox böyük problemləri var. Ermənistanın yeni hakimiyyəti isə Rusiyadan tamamilə üz döndərib, Vaşinqtona tərəf böyük sürətlə getməkdədir, ictimai rəy də buna köklənib. Mən ümid edirəm Kreml də bunu qiymətləndirəcək ki, Cənubi Qafqazda Azərbaycan Rusiya ilə münasibətlərin normal şəkildə inkişafında maraqlı olan yeganə ölkədir. Əlbəttə, belə bir münasibəti Azərbaycan Rusiyadan da gözləyir. Məncə, ölkə prezidentinin Rusiyaya rəsmi səfəri və Putin tərəfindən bu səfərin yüksək səviyyədə dəyərləndirilməsi, böyük bir heyətlə bu səfərin baş tutması, imzalanan sənədlər birmənalı şəkildə ortalığa belə bir ciddi fikir qoyur ki, Bakı ilə Moskva arasında münasibətlər artıq yeni, yüksək inkişaf mərhələsini yaşamaqdadır”. Deputat bir məqamı da vurğuladı: “Arzulayardıq ki, Rusiya həm də Minsk Qrupunun həmsədri kimi, işğal olunmuş torpaqlarımızın azad edilməsində haqq-ədalətə, beynəlxalq hüquq normalarına söykənsin, problemin ədalətli yolla həllinə öz töhfəsini versin. Əgər bu, olarsa, onda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin daha geniş perspektivi açılar. Biz buna ümid edirik”.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, səfərin proqramı, müzakirə olunan mövzular və imzalanan sənədlər öz-özlüyündə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşün əhəmiyyətini ortaya qoyur: “Prezidentlərin bəyanatlarından da hiss olunur ki, hər iki dövlətin başçısı münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasında qərarlıdır və bu proses ardıcıl şəkildə, daha çevik, dinamik həyata keçiriləcək. Azərbaycanla Rusiya arasında imzalanan sənədlərin spektri də sübuta yetirir ki, iki ölkənin işbirliyi enerji sektorundan humanitar sahəyədək bütün istiqamətləri əhatə edəcək. Əliyev-Putin görüşündə imzalanan ”Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı" və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”ı isə münasibətlərin inkişafı üçün konseptual əsaslı yol xəritəsi xarakterini daşıyır. Rusiya prezidenti tərəfindən Azərbaycanın önəminin vurğulanması, Moskvanın Bakı ilə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini bildirməsi, düşünürəm ki, bir çox suallara cavab tapılmasına imkan yaradır. - Azərbaycan prezidenti isə uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin erməni işğalı altında olduğunu vurğuladı və Rusiyanın münaqişənin nizamlanmasında səylərini davam etdirəcəyinə diqqət çəkdi".

E.Mirzəbəyli hesab edir ki, bütün bu məqamlar Azərbaycan və Rusiya prezidentləri arasında beynəlxalq miqyasda tanınmış ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı aparılan müzakirələrin nəticəyə xidmət edən mahiyyətini əks etdirir: “Bu isə öz növbəsində Rusiyanın münaqişənin həlli ilə bağlı fəallığını artıracağını düşünməyə əsas verir”.

Amma müşahidələr onu göstərir ki, Rusiya lideri Dağlıq Qarabağ məsələsinin ədalətli həlli istiqamətində addım atmağa, Ermənistana təzyiq göstərməyə tələsmir. E.Mirzəbəyli: “Proseslərin birdən-birə, fantastik sürətlə inkişaf edəcəyini demək üçün elə bir əsasım yoxdur. Amma bütün hallarda Soçi görüşünün Azərbaycan torpaqlarının işğaldan azad edilməsində əhəmiyyətli dönüş yarada biləcəyini mümkün hesab edirəm”.

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn isə “Yeni Müsavat”a bunları bildirdi: “Orada əsasən də iqtisadi, texniki əməkdaşlıq məsələlərə dair 16 sənədin imzalanması haqqında məlumat getdi. Qarabağ məsələsinə də toxunuldu. Nizama salınmada Rusiyanın iştirakı məsələsi qeyd olundu. Hesab edirəm ki, bu, mərhələ xarakterli görüş deyildi. Amma son dövrdə Azərbaycan və Rusiya arasında münasibətlərin daha yeni bir fazaya keçməsi istiqamətində müəyyən cəhdlərin, səylərin olması barədə söhbətlər gedir. Ola bilər ki, geniş ictimaiyyətə məlum olmayan söhbətlər də olsun. Paşinyanın da bu yaxınlarda Moskvaya səfəri gözlənilir. Bizə aydın olmayan hansısa məqamlar varsa da, yaxın dövrdə onlar aydınlaşar”.

Ümumilikdə ictimai rəy Azərbaycanın şimal qonşusu ilə əlaqələrini inkişaf etdirməsini və münasibətlərdə soyuqluq yaranmasına çalışan dairələrin arzularının gözündə qoyulmasını alqışlayır. Rəsmi Bakı bir daha sübut edir ki, o, öz siyasətində müstəqildir və Qərbin Rusiya və İrana qarşı sanksiya qərarlarında yer almamaq kursuna sadiqdir. Reallıq da onu deyir ki, Azərbaycanın iki nəhəng qonşusu ilə normal ikitərəfli əməkdaşlığının davam etdirməsinin alternativi yoxdur...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26