Interposta.Info

VI Qlobal Bakı Forumu başladı

Siyasət
 16-03-2018, 09:16     10 394

Üç gün davam edəcək mötəbər tədbirə dövlət başçıları və hökumət rəhbərləri, beynəlxalq təşkilatların öndərləri, tanınmış ictimai-siyasi xadimlər qatılıblar
Martın 15-də Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu öz işinə başlayıb. Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən mötəbər tədbir Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə start götürüb. Qeyd edək ki, forumda 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edir.

Dövlət başçısı deyib ki, bu forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib: “Əminəm ki, forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik”.

Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi Oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: “2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib”. Dövlət başçısı deyib ki, Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəməri layihələrini uğurla həyata keçirib. Prezident qeyd edib ki, hazırda 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur: “Bu layihəyə 40 milyard dollar sərmayə qoyulacaq. Boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verir. Milli təhlükəsizlik bir çox hallarda enerji təhlükəsizliyindən asılıdır. Azərbaycan nefti Avropada bəzi ölkələrini neftə tələbatının 40 faizini təmin edir. Biz bu il ”Şahdəniz-2" fazasını istifadəyə verəcəyik. Biz inanırıq ki, yaxın tarixdə bu fazanın açılışını edəcəyik".

İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı uğurla davam edir: “Keçən ilin oktyabrında Bakı-Tiflis-Qars dəmir yolunun açılışını etdik. Bu xətdən istifadə etməklə iki həftə ərzində Asiyadan Avropaya yüklər daşına bilər. Asiya və Avropadan olan tərəfdaşlarımız bu dəmir yolundan istifadə etməkdədir və dəmir yoluna maraq artmaqdadır. Bu layihə üzrə marşrutun təşviq olunmasına çalışırıq”. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir: “Həyata keçirdiyimiz layihələr nəticəsində regionda 10 minlərlə iş yeri açılır. Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir”. (APA)

Dövlət başçısı bildirib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: “İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan 20 ildən artıqdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib. Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər. Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır”.

Prezident xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: “İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik”.

Mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000) İsmayıl Səragəldin, sonra Türkiyənin baş naziri Binəli Yıldırım da çıxış edib. B. Yıldırım bildirib ki, Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir.

Ancaq dünya bu böhranı aradan qaldıra bilmir. Baş nazir deyib ki, ikili standartlara son qoyulmalıdır: “Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar”.

Daha sonra İtaliya prezidenti Sercio Matarella, Böyük Britaniyanın baş naziri Tereza Mey, Rumıniyanın baş naziri Viorica Dancila, Roma Papası Fransisk və BMT baş katibi Antonio Quterrişin foruma ünvanlanan müraciətləri oxunub.

VI Qlobal Bakı Forumundakı panel müzakirələrində çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda 10 milyona yaxın əhali yaşayır: “Bu 10 milyonluq əhalinin titul millətinin nümayəndələri təqribən 8 milyondan artıqdır. 30-a qədər milli azlıq nümayəndəsi yaşayır. Bunlardan dördünün sayı 100 mindən 200 minə qədərdir. Onlar ləzgilər, ermənilər, ruslar və talışlardan ibarətdir. Digər beşinin sayı 20 mindən 50 minə qədərdir, bunlar yerli, aborigen xalqlardır. Qalan 30-a qədər milli azlıq və etnik qrupların sayı 10 minə qədərdir. Beləliklə, bizim etnik tərkibimiz kifayət qədər zəngindir və qarışıqdır”. Həmin 30 milli və etnik azlıqların sitayiş elədiyi dinə gəldikdə, Ə.Həsənov deyib ki, müsəlmanlar 90 faizə yaxındır: “Provaslav və katolik xristianlar - onların sırasında təximən 6-7 faiz, yəhudi dininə mənsub əhalinin sayı 30 minə yaxın və digər ənənəvi və qeyri-ənənəvi dinlərin nümayəndəsi var. Təxminən son 50 ilə yaxın müddətdə etnik tərkibin müqayisəli təhlili - yəni biz 6 milyon olandan başlayaraq - təxminən bu etnik münasibətlərin və çərçivənin saxlanılması il gedib. İndiyə qədər Azərbaycan cəmiyyətində ciddi etnik, dini qarşıdurma, etnik, dini narazılıq, etnik, dini separatizm müşahidə olunmayıb. Yeganə istisna, əlbəttə, Azərbaycandakı, bu gün cənab prezidentin o haqda danışdığı, mənim danışmağa hazırlaşdığım erməni separatizmi və aqressiv erməni millətçiliyi məsələsidir. Ermənilərin ümumən Azərbaycandakı sayı haqqında mən sizə danışdım. Amma vaxt var idi ki, onların sayı daha artıq idi. 1988-ci ildə başlayan bu kifayət qədər qanlı münaqişə və qarşıdurma ermənilərin Bakı şəhərini və digər şəhərləri kütləvi şəkildə tərk etməsi - necə ki, azərbaycanlılar kütləvi surətdə Ermənistan ərazisindən zorla qovuldu, çıxarıldı - ermənilərin də Azərbaycan ərazisini tərk etməsi prosesi başlandı. Amma buna baxmayaraq, Dağlıq Qarabağdan kənarda hal-hazırda Azərbaycanda 30 minin üzərində erməni millətini təmsil edən insanlar yaşayır. Azərbaycandakı etnik separatizmin və aqressiv millətçiliyin kökündə heç də yerli əhalinin milli vətəndaş tələbatı dayanmır. Yəni adını çəkdiyim digər xalqlar, 100 mindən 200 minə qədər sayı olan xalqlar, həmin o ləzgilər, talışlar, ruslar və digərləri əsasən kompakt yaşayırlar. Məsələn, talışların yaşadığı zona Cənub zonası adlanır, kompakt yaşayırlar, ləzgilərin yaşadığı Şimal bölgəsidir, onlar da orda kompakt yaşayır. Ruslar əsasən Bakı şəhərində və başqa böyük şəhərlərdə yaşayırlar. Bu xalqların, millətlərin Azərbaycan cəmiyyətində hiss etməsi kifayət qədər komfortlu olub və onlar öz milli vətəndaş hüquqlarının təminatı ilə bağlı indiyə qədər cəmiyyət səviyyəsinə qaldırılan ciddi narazılıq, narahatlıq doğuran bir iddia ortaya qoymayıblar”.

Prezident köməkçisi “Hansı əsaslarla Azərbaycan tolerant cəmiyyətinin təməli qoyulub və hansı prinsiplərlə bu tolerant, multikultural cəmiyyət fəaliyyət göstərib” sualı ətrafında da fikirlərini bölüşdü: “Birinci növbədə müstəqil Azərbaycan dövlətinin konstitusiyasında vətəndaşlıq normaları və prinsipləri öz əksini tapıb. Yəni xalqların, millətlərin vətəndaş hüquqları ilə hər bir vətəndaşın vətəndaş hüquqları təsbit olunub, sivil normalara söykənib, bu xalqlar istədiyi zaman istədiyi formada öz milli vətəndaş haqlarını təmin edə bilirlər. Öz dillərində danışa bilirlər, oxuya bilirlər, informasiya ala bilirlər, məişət normalarını, qaydalarını, həyat tərzlərini qoruyub-saxlayıb, yaşada bilirlər. İkincisi, əlbəttə, bizim vətəndaşlıq normalarının əsasında dövlətin suveren hüquqları dayanır. Dövlətin ərazi bütövlüyünə bu milli, etnik qruplar da daxil olmaqla bütün vətəndaşlar hörmətlə yanaşmalıdır. Dövlətlərin simvollarına hörmətlə yanaşmalıdır, dövlətin dilini, yəni titul xalqın dilinin əsasında yaradılmış dövlət dilinin əsasında yaradılmış dövlət dilini bilməlidirlər və insanlar da vətəndaş normalarına əsaslanan konstitusiya, qanunlar əsasında öz münasibətlərini qurmalıdırlar”. Ə.Həsənov deyib ki, üçüncü əsas prinsip, yəni bu xalqların, millətlərin, etnik tolerantlığın təməlində dayanan maraqların balansıdır: “Üçüncü əsas prinsip maraqların balansıdır. Əlbəttə, balansın təmsilçiliyi, müxtəlif dövlət orqanlarında təmsilçilikdən tutmuş yerli idarəçilikdı, yerli bələdiyyələrdən tutmuş yerli mədəniyyətlərinə qədər olan sahələrdə bunların təmsilçiliyinin nəzərə alınmasıdır, onların özünü cəmiyyətdə komforlu hiss etməsidir, milli, dini mənsubiyyətinə görə onlara hər hansı təhdidlərin, təzyiqlərin və yaxud da şiddətlərin olmamasıdır və bu təməldə də formalaşmış tolerant cəmiyyət normalarının ölkədə bərqərar olmasıdır. Tolerantlıq milli azlıqlar arasındakı münasibətlərin əsas qayəsindən birini təşkil edir və tolerantlıq əsasında da bizim Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ayrı-ayrı milli etnik qruplar hansı ərazidə, necə yaşamasından asılı olmayaraq Azərbaycan cəmiyyətində özlərinin təmsilçilik və özlərinin realizasiya vəziyyətlərini dəyərləndirə bilirlər. Müsəlman dininə aid olmayan hər bir dini icmanın nümayəndələrinə, onlarına ailələrinə, onların həyat tərzlərinə hörmətlə yanaşılır. Bu hörmətlə yanaşılma qanun və konstitusiyanın tələbləri kimi ortadadır. Bu hörmətlə yanaşma dövlətin təsbit etdiyi qanunlara söykənir. Başqa cür yanaşma isə cinayət və inzibati məsuliyyət yaradır. Azərbaycanın tolerant cəmiyyətini, multikultural dəyərlərini pozan yeganə hal Dağlıq Qarabağdakı etnik və millətçi separatizmdir. Dağlıq Qarabağdakı etnik və millətçi separatizmin təməlində Ermənistanın Azərbaycana ərazi iddiası dayanır. Bu münaqişənin kökündə Qarabağda yaşayan erməni əhalinin milli vətəndaşlıq haqlarının pozulması dayanmır. Burada xaricdən müdaxilə və ərazi iddiası dayanır. Etnik separatizm var ki, Dağlıq Qarabağ da o sıraya aiddir. Bir ölkənin başqa bir ölkəyə ərazi iddiasından qaynaqlanır ki, biz bunun şahidi oluruq”./musavat.com

Forum bu gün davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26