Ərdoğan Putinlə Qarabağ müzakirəsinin ən vacib detalını açıqladı
Türkiyə prezidenti Putinin münaqişənin həllində ümidsiz olduğunu dedi; bəs o zaman Lavrov niyə gəlir?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyi Dağlıq Qarabağ münaqişəsi haqda çox vacib bir detalı açıqlayıb. Ərdoğan bildirib ki, Rusiyanın Ermənistana təsir gücü var. BMT Təhlükəsizlik Şurasının daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur: “Biz bunun üzərində dayandıq ki, həmin qərarlar icra edilməlidir. Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”.
Qeyd edək ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə gün bundan əvvəl baş tutub. Prezidentlər və onların mətbuat xidmətləri görüşlərin Dağlıq Qarabağ münaqişəsi üzrə nəticələrini şərh etməyiblər.
Türkiyə prezidenti tərəfindən rusiyalı həmkarının Qarabağ məsələsinin həllinə ümidsiz olduğunun bəyan etməsi Azərbaycan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Bir sıra ekspertlər, jurnalistlər sosial şəbəkədə şərhlər yazıblar ki, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri və Ermənistana əsas təsir imkanı olan ölkənin rəhbəri münaqişənin həllinə ümidsizdirsə, məsələ artıq bitmiş sayıla bilər. Belə vəziyyətdə Qarabağın sülh yolu ilə qaytarılması real görünmür.
Rəcəb Tayyib Ərdoğana açıq və qəti sözündən dolayı təşəkkür edənlər də var. Bu fikirdə olanlar hesab edir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün olmadığı sözünü Ərdoğan birbaşa Putinin özündən alıb. Rusiyanın, yəni ATƏT Minsk Qrupunun əsas həmsədr ölkəsinin prezidenti deyir ki, danışıqlar yolu ilə bu münaqişənin həlli mümkün deyil. Bu o deməkdir ki, danışıqların heç bir mənası yoxdur.
"XeberBiz" xəbər verir ki, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, Ərdoğanın məlum cümləsindən iki vacib nəticə çıxır. Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib: “Onda məntiqi sual doğur: Putin münaqişənin həlli ilə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirməsi ilə bağlı deyil, Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir.
Bakı-Tiflis-Qars dəmiryolunun açılışında Ərdoğan da iştirak edirdi. Bakıdan geri qayıdanda Ərdoğan jurnalistlərə açıqlamasında belə bir fikir işlətdi ki, yaxın günlərdə Putinlə görüşəcək və Qarabağ məsələsini onunla danışacaq. Ərdoğan belə bir cümlə də işlətmişdi ki, Qarabağ münaqişəsini Putin istəsə həll edə bilər. Ərdoğan tam haqlı idi. Bakıdan qayıdarkən Türkiyə prezidentinin bu ifadələri işlətməsinin özünün də mühüm əhəmiyyəti var idi. Belə ehtimal edirəm ki, Bakıda Azərbaycan prezidenti ilə Ərdoğan arasında bu məsələ ilə bağlı fikir mübadiləsi olub və bundan sonra Ərdoğan bu məsələni gündəliyinə yazıb. Sonra nə baş verdi? Ərdoğan Putinlə görüşdü. Görüşdən çıxıb keçirdikləri mətbuat konfransında nə Putin, nə də Ərdoğan bir kəlmə də Dağlıq Qarabağ məsələsi haqda danışmadılar. Mən ehtimalımı qeyd etmişdim ki, qapalı görüşdə Ərdoğan Qarabağ məsələsini qaldırıb, Putin isə məsələnin geniş müzakirəsinə həvəsli olmadığını nümayiş etdirib və məsələyə ciddi yanaşmayıb. Bu ehtimalım da özünü doğrultdu. Ərdoğanın son açıqlaması bunu təsdiq edir".
Politoloqun sözlərinə görə, Rusiyanın üç şərti belə görünür ki, Azərbaycan tərəfindən müsbət qarşılanmır. Ona görə də Putin bu cür mövqe nümayiş etdirir: “Biz beş rayonun azad olunmasını istəyirik, amma biz bunun qarşılığında Dağlıq Qarabağın itirilməsini, Laçının və Kəlbəcərin taleyinin qeyri-müəyyən qalmasını istəmirik. Biz bilməliyik ki, məcburi köçkünlər azad olunmuş ərazilərə öz yurdlarına qayıdandan sonra onların təhlükəsizliyinə kim təminat verəcək. Referendum heç bir halda keçirilməməlidir.
Maraqlıdır ki, Ərdoğanla Putinin görüşündən bir gün sonra Ermənistanın xarici işlər naziri Moskvaya çağırıldı, iki gün sonra Serj Sərkisyan Moskvaya getdi Bundan bir gün sonra isə Azərbaycanın xarici işlər naziri Moskvaya getdi, həmsədrlərlə görüşdü. Sonra xəbər gəldi ki, noyabrın 22-də Sergey Lavrov özü Bakıya və İrəvana səfər edəcək. Çox maraqlıdır əgər, Moskvada həmin nazirlərlə görüşlər keçirilirdisə, iki-üç gün sonra Bakı və İrəvana gəlməyin əhəmiyyəti nədən ibarətdir. Yəni hiss olunur ki, Moskva nədənsə intensiv çalışır. Amma Ərdoğan bu prosesə zidd fikirlər açıqlayır, Putindən ciddi maraq hiss etmədiyini deyir. Bu da bizə mesajdır ki, biz Rusiyadan ciddi addım gözləyə bilmərik. Ya yenə də bizə “Lavrov planı” adı altında beş rayon müqabilində bizdən Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verməyimizi qoparmaq istəyirlər. Beş rayon məsələsi 1990-cı illərdən var. Sadəcə bizi maraqlandıran odur ki, bunun müqabilində bizdən nə istəyirlər. Mənim ehtimallarım özünü doğrultdu. Rusiyanın beş rayonun qarşılığında bizə ağır şərtləri var. Bu ağır şərtlər qəbul edilmədiyi üçündür ki, Putin ümidsiz olduğunu nümayiş etdirir, münaqişənin həllinə ciddi maraq göstərmir. Lakin buradan başqa bir sual çıxır ki, o zaman nədən intensiv səfərlər başlayıb? Mənə elə gəlir ki, bunun yeganə sirri odur ki, Rusiya münaqişəni həll etmək yox, münaqişəni indiki vəziyyətdə saxlamaq istəyir".
Bəs belə bir vəziyyətdə Azərbaycan nə etməlidir?
Ekspert bildirdi ki, biz ordumuzu gücləndirməkdə davam etməliyik: “Ordu daha da gücləndirilməli, snayperlər atəşlərini davam etdirməli, Ermənistan tərəfini daimi itkilər vermək situasiyası ilə üz-üzə qoymalıyıq. Çünki bu cür itkilərin Ermənistanda təsirləri artır. Artıq İrəvanda tələbələr mitinq keçirir ki, əsgərliyə vaxtından əvvəl getmək istəmirlər. Azərbaycanda isə belə bir hal yoxdur. Azərbaycan gəncləri hərbi xidmətə həvəslə gedirlər. Ermənistanın zəiflədilməsi prosesi digər sahələrdə də gedir. Regional layihələrdən Ermənistan kənarda qalıb. Bu, uzun bir yoldur və proses gedir. Mümkün olduğu qədər aprel savaşına bənzər hallar tez-tez təkrarlanmalıdır ki, düşməni daim qorxu altında saxlayaq və gücdən salaq. Biz onlara daim çatdırmalıyıq ki, sizi Qarabağda ölüm, səfalət gözləyir”.
Deputat Zahid Oruc isə bildirdi ki, Türkiyə prezidentinin Rusiya prezidenti ilə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verildiyini bəyan etməsinin özü son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir: “Şübhə etmirəm ki, cənab Ərdoğan mediaya verdiyi açıqlamadan daha ətraflı formada fikiriləri Azərbaycan prezidentinə çatdırıb. Yəni burada koordinasiya olunan bir fəaliyyət var.
ABŞ və Rusiyanın Qarabağla bağlı vahid mövqe ortaya qoyacağına Azərbaycan xalqını kimsə inandıra bilməz. Amma Türkiyə və Rusiya bu məsələdə təhlükəsizliklə bağlı rol oynaya bilər. Ən azı Naxçıvanla bağlı Qars müqaviləsi nümunəsi var. Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var. Bu, iki dövlətin təhlükəsizlik qarantiyası ilə bağlı çox mühüm addım olar. Artıq Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin çözümü olmayacaq. Ərdoğanın danışıqları davam etdirməsi, Türkiyənin rolunu qəbul etdirmək üçün israr etməsi vacibdir. Türkiyənin və Rusiyanın Minsk Qrupundan kənarda işləyərək Qarabağ üçün də Qars müqaviləsi işləyib hazırlaması mümkündür. Çünki bu iki dövlət regional proseslərdə həlledici rol oynayır. Hər ikisi Qarabağda yaşayan bütün əhalinin təhlükəsizliyinə təminat verici rolda iştirak edə bilərlər. Rusiyanın Ermənistana, Türkiyənin isə Azərbaycana təsir edə biləcəyini nəzərə alaraq burada çox uğurlu bir format formalaşdırmaq mümkündür. Mən qardaş ölkənin Rusiya ilə bu danışıqları davam etdirməsinin zəruriliyini düşünürəm".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26