Interposta.Info

Əliyev-Köçəryan sazişini Kreml necə gülləbaran etdi – Gizlinlər

Siyasət
 27-10-2017, 15:40     9 981

18 il əvvəl - 27 oktyabr 1999-cu ildə Ermənistan parlamenti Nairi Unanyanın rəhbərlik etdiyi bir qrup terrorçunun hücumuna məruz qaldı. Hücum nəticəsində parlamentin spikeri Karen Dəmirçiyan, Baş nazir Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, Operativ Məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Qenrik Abraamyan və Mikayıl Kotanyan qətlə yetirildi. Maraqlıdır ki, ölkənin əsas siyasi elitasının bir günün içərisində qətlə yetirilməsinin sirri hələ də açılmayıb.

Qarabağ danışıqları


Əslində parlamentə edilən hücum ən böyük zərbəni Qarabağ danışıqlarına vurdu. Belə ki, bu hücumdan 5 ay əvvəl - 1999-cu ilin aprelində Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin yeni mərhələsi başlamışdı. Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə o vaxt Ermənistan Prezidenti Robert Köçəryan və Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq toplantılarda bir araya gəldi. İlk görüş isə ABŞ-da aprelin 24-də - NATO-nun 50 illik yubileyi ilə əlaqədar təşkil edilən sammitdə baş tutdu. Görüşün əsas təşkilatçısı ABŞ Dövlət katibi Madlen Olbrayt idi.

Maraqlı məqam odur ki, görüş ərəfəsində və sonrasında Qərb mediasında amerikalı analitik Pol Qoblun Qarabağla bağlı sülh planı aktiv şəkil təbliğ olunmağa başladı. Bu plana əsasən, Bakı və İrəvan Qarabağ məsələsində güzəştə getməli idilər. Belə ki, Azərbaycan Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizini İrəvana verməli, əvəzində isə Naxçıvanla quru yolunu təmin edəcək Mehri dəhlizini əldə etməli idi.

Qoblun planı İrəvanda çoxlarını qane etmirdi. Burada xüsusi aktivliyi isə Rusiya ilə geniş əlaqələri olan qüvvələr göstərirdilər. Bütün bunlara rəğmən tərəflər Qobl planı ətrafında danışıqları davam etdirmək qərarına gəldilər. Yeni görüşlər başladı.

1999-cu il iyulun 16-da İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında növbəti görüş keçirildi. Məhz bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə keçdi.

Əliyev-Köçəryan formatında növbəti görüş 1999-cu il avqustun 22-də yenidən Cenevrədə baş tutdu. Məhz bu görüşdən sonra Qərb mediası bir sıra xarici və yerli mənbələrə istinadən böyük razılaşmanın əldə olunduğunu yazdı.

Telbotun səfəri


Cenevrə danışıqlarından sonra həm İrəvan, həm də Bakı ilə əldə olunan razılaşmaları sonuncu dəfə dəqiqləşdirməkdən ötrü ABŞ Dövlət katibinin müavini Stroub Telbot oktyabrın 26-da bölgəyə gəldi. Onun səfəri İrəvandan başladı. Sonradan Bakıya gələn Telbot danışıqları başa vurduqdan sonra Amerikaya uçdu. Məhz elə bu məqamda Ermənistan parlamentinə Unanyanın rəhbərlik etdiyi dəstə daxil oldu. Qısa zaman içərisində ölkənin əsas siyasi elitası qətlə yetirildi. Maraqlı məqam odur ki, parlamentə daxil olarkən Unanyan Baş nazir Vazgen Sərkisyana yaxınlaşaraq “bu hücumu sənin övladlarının gələcəyi üçün edirik” demişdi.

Parlament teraktı sonradan həm Qarabağ danışıqlarını, həm də bu istiqamətdə əsas plan olan Qobl planının icrasına dayandırdı. Tərəflər yenidən başladıqları nöqtəyə geri qayıtmalı oldular.

Hücumun arxasında kim dayanırdı?


Əslində Ermənistan parlamentinə hücumla bağlı bir sıra versiyalar var. Bu versiyaların demək olar ki, hamısı Rusiyanı göstərsə də erməni tərəfi müxtəlif cəhdlərlə bunu rədd edir. Belə ki, Qarabağ ətrafında sülh o zaman, xüsusilə, Rusiya üçün sərfəli deyildi. SSRİ-nin dağılmasından sonra zəifləməyə başlasa da, Moskva öz ambisiyalarından və təsir zonalarından əl çəkməmişdi. Cənubi Qafqaz da məhz onların öz “torpaqları” kimi təsvir etdikləri yerlərdən biri idi. Qarabağ kimi konfliktin qalması həm Azərbaycan, həm də Ermənistanın Moskvadan daima etibarlı şəkildə asılı vəziyyətə düşməsi üçün Kremlə sərf edirdi.

1999-cu ildə Azərbaycan prezidentinin müşaviri kimi çalışan Vəfa Quluzadə sonradan Axar.az-a verdiyi açıqlamada bu teraktın törədilməsinə səbəb kimi Moskvanın İrəvanı tam koloniyası altına almaq olduğunu göstərmişdi. Quluzadə məhz bu terakt nəticəsində öldürülən Sərkisyan və Dəmirçiyanın əslində Ermənistanı Rusiya asılılığından çıxarmaq istədiklərini söyləmişdi:

"Əgər iş Azərbaycanla Ermənistana qalsaydı, biz burada həqiqətən böyük nailiyyətlər əldə etmişdik. Məsələn, 1999-cu ildə Heydər Əliyevlə Köçəryanın arasında danışıqlar oldu. Bu danışıqların pərdə arxasında Ermənistanın güclü şəxsiyyətləri - Vazgen Sərkisyan, Karen Dəmirçiyan dayanmışdı. Biz o razılığa gəlmişdik ki, Rusiyadan soruşmadan bu sülhü əldə edək. Müqaviləni İstanbul sammitində imzalayacaqdıq. Özü də onlar bizə zəmanət vermişdilər ki, biz bütün qoşunları bir əmrlə eyni anda bütün 7 işğal olunmuş rayondan çəkirik. Heç bir müşahidəçi və sülhməramlı qoşun ora yeridilməməli idi. Yəni ermənilər bizim sözümüzə inanıb bura sülhməramlı qoşun yeridilməməsinə razılıq vermişdilər. Yəni biz bir-birimizə inanırdıq. Qarabağ məsələsi isə başqa idi. Biz ermənilərə Qarabağda güzəştə gedirdik. Sülh 1999-cu ildə əldə olunacaqdı. Parlamentdə Ermənistanın iki ən güclü şəxsiyyəti, özləri də Rusiyanın adamları olan Karen Dəmirçiyanla Vazgen Sərkisyan gülləndi. Onları güllələməklə Moskva Ermənistanın sülh məsələsində mövqeyinə zərbə vurdu. Çünki onlar olanda Ermənistan müstəqil siyasət yürütməyi bacarırdı, yəni müstəqil qərar verə bilirdi. Vazgen Sərkisyan, Karen Dəmirçiyan və Ermənistan prezidenti buna imza qoyanda etibar edə bilirdilər ki, Moskva bununla hesablaşacaq. Gülləbaran olandan sonra ermənilərin sülhə inamı sındı. Ermənilər başa düşdülər ki, onlar Moskvadan ayrı müstəqil sürətdə addım ata bilməzlər”.

Digər önəmli məqam isə bu teraktda Unanyanın istifadə olunması idi. Unanyan Daşnaksütyun Partiyasının nümayəndəsi idi. Məhz bu partiya yarandığı gündən bu yana uzun illər Rusiya üçün çalışmış, onun maraqlarının gerçəkləşməsinə xidmət etmişdi.

Qarabağ klanı – İrəvanın bəlası


Ermənistan parlamentindəki teraktın digər önəmli tərəfi isə Ermənistan ermənilərinin öz ölkələrində hakimiyyəti itirməsi oldu. Bu teraktdan öncə Qarabağ klanının hakimiyyət orqanlarına gizli sızması prosesi artıq tam açıq hal aldı. Qarabağdan olan Köçəryanın başçılığı ilə başladılan prosesə Moskva da böyük dəstək verdi. Onun da nəticəsidir ki, indiyə qədər Köçəryanla başlayan Qarabağ klanı ağalığı Serj Sərkisyan vasitəsilə uğurla icra edilir.

Parlament teraktının digər maraqlı faktı isə bu hadisədən üç gün sonra – 30 oktyabrında baş tutdu. Bu tarixdə Ermənistana Rusiyanın o zaman baş naziri olan Vladimir Putin səfər etdi. 5 saat davam edən səfər zamanı nələrin danışıldığı, hansı qərarların qəbul olunduğu hələ də bilinmir. Putin səfər zamanı həmçinin İrəvanda terakt qurbanlarının məzarını da ziyarət etdi. Bu isə Putinin müstəqil Ermənistana son səfəri oldu – bundan sonrakı səfərlər artıq müstəqil deyil, vassal DErmənistana olacaqdı. Bu səfərdən sonra Ermənistanda əsas vəzifələr Qarabağ klanına verildi.

Sərkisyanın qardaşı etiraf edir


Doğrudur, teraktın arxasında hələ də kimin dayandığı de-yure bilinmir. Bununla bağlı uzun illər ərzində ölkə mətbuatı dəfələrlə faktlar ortaya çıxarsa da buna nə hüquq mühafizə orqanları, nə də hökumət dairələri diqqət yetirib. Bu faktlardan biri isə “Aykakan Jamanak” qəzeti tərəfindən gündəmə gətirilib. Belə ki, qəzet məhz Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın Moskvada məşhur kriminal avtoritet Tevosikin (Tevos Səfəryan) qohumunun dəfn mərasimində onlarla insanın yanında bu terroru hökumətin törətdiyini bildirir. O deyir: “Biz parlamentdə o qədər insanı hakimiyyəti kiməsə verməkdən ötrü yerə sərmədik”. Lakin Saşikin bu açıqlamasına heç kim reaksiya vermir, əvəzində isə Serj onu ölkədən kənara - ABŞ-a göndərir. Müəyyən müddət sonra isə Saşik özü bu iddianı təkzib edir.

Erməni faciəsi


Ermənistan parlamentindən terakt İrəvan üçün xoş nəticələrə səbəb olmadı. Nəticədə az sonra Ermənistanın bölgədəki bütün regional və beynəlxalq layihələrdən kənarda qaldı. Üstəlik, ölkədə işsizlik miqrasiyanı artırdı, İrəvanın Rusiyadan asılılığı isə pik vəziyyətə çatdı. Moskva ölkənin bütün həyat mənbəyi hesab edilən vasitələrini ələ keçirdi. Ölkə ordusu həm vahid hava hücumundan müdafiə sisteminin, həm də vahid ordu qruplaşmalarının yaradılması haqqında razılaşma ilə de-fakto Moskvanın öhdəliyinə verildi. 1995-ci ilə Rusiyanın Ermənistandakı 102-ci bazası ilə bağlı imzalanmış 25 illik müqavilə 2010-cu ildə 2044-cü ilə qədər uzadıldı.

Ən mühüm məqam isə ölkə idarəçiliyində oldu. Hakimiyyətdə güclənən Qarabağ klanı, özəlliklə Serj Sərkisyan öz hakimiyyətini əldə verməmək üçün Moskvanın izni ilə Ermənistanı parlamentli respublikaya çevirdi.

27 oktyabr teraktı II Ermənistan Respublikasının (I Ermənistan Respublikası – 1918-ci il - red.) süqutu oldu.|axar/az

interposta.info
Əliyev-Köçəryan sazişini Kreml necə gülləbaran etdi – Gizlinlər

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26