Interposta.Info

Qərb Rusiyada “məxməri inqilab” hazırlayır

Siyasət
 14-06-2017, 10:29     488

Qabil Hüseynli: “Aksiyalar yaxın 2-3 ayda özünün ən pik nöqtəsinə çata bilər”; Elçin Mirzəbəyli: “Ola bilsin ki, Navalnının başladığı hərəkat ciddi effekt verməsin, amma...”

Rusiyanı son iki gündə etiraz aksiyaları bürüyüb. Martın 26-da ilk antikorrupsiya əleyhinə keçirilən aksiyadan sonra ikinci belə mitinqlərin təşkil olunması diqqət çəkir.

Bir neçə ay əvvəlki aksiyada Rusiya müxalifətinin liderinə çevrilən blogger Aleksey Navalnının son mitinq başlayan ərəfədə həbs edilməsi bu şəxs ətrafında yeni müzakirələrə səbəb olub. Belə iddialar var ki, Qərb bir sıra ölkələrdə olduğu kimi, Navalnının əli ilə Rusiyada “məxməri inqilab” planını həyata keçirmək istəyir. Kremlə son 3 ildə tətbiq edilən sanksiyaların istənilən nəticəni vermədiyini görən Qərbin onu daxildən çökdürmək siyasəti yürütdüyü deyilir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli şimal qonşumuzda keçirilən aksiyaları başlanğıc sayır. interposta.info xəbər verir ki,o bununla bağlı axar.az-a açıqlamasında deyib:
“Bundan öncə də vurğulamışdım ki, Rusiyada mitinqlər mütləq təkrarlanacaq və kütləvi hal alacaq, çünki əvvəlki çıxışlar, sadəcə, daha böyük aksiyaların məşqi idi. Göründüyü kimi, bu özünü doğrultdu və hazırda bütün Rusiyanı mitinq əhval-ruhiyyəsi bürüyüb. Rusiya əhalisi ölkədə yeridilən siyasətdən razı deyil və bu narazılıq daha da artacaq. Üstəlik, mitinqlərdə nümayişçilərə qarşı polislərin amansız hərəkəti vəziyyəti daha da gərginləşdirəcək.

Həbslərə, repressiya tədbirlərinə baxmayaraq, mitinqlər daha da böyüyəcək. Hətta aksiyalar yaxın 2-3 ayda özünün ən pik nöqtəsinə çata bilər ki, bu zaman da inqilabi bir şərait yetişər. Rusiya tarixinə diqqət yetirsək, görərik ki, bu cür inqilabi çıxışlar çoxaldıqda, güc və başqa strukturlar da inqilabiləşir. Düzdür, hələ Rusiyada belə bir vəziyyət yetişməyib, ancaq proseslər buna doğru gedir. Çünki Rusiyada mövcud siyasəti dəyişdirmək şansı yoxdur. Bu səbəbdən də siyasi elita ilə xalq arasında narazılıqlar kəskinləşəcək və mitinqlər daha barışmaz hal alacaq”.

Politoloq Elçin Mirzəbəyli isə Qərbin Navalnının əli ilə Rusiyada inqilab həyata keçirmək istəyi ilə bağlı deyilənlərlə razı deyil:
“Qərbin Navalnının əli ilə çevriliş etmək istəyi barədə yazılanlar və deyilənlər Rusiya KİV-lərinin uydurmasıdır və ”xarici düşmən", “xaricdən müdaxilə” faktorunu qabartmaqla etirazçı təbəqənin tərk-silah olunmasına, qınaq hədəfinə çevrilməsinə xidmət edir. Navalnı ciddi siyasi və maliyyə dəstəyi olan, təşkilatlanmış partiya strukturuna malik bir siyasətçi deyil. Zənnimcə, Kreml texnoloqları əllərində olan total təbliğat imkanlarına rəğmən cəmi bircə nəfərin ölkənin müxtəlif regionlarında hərəkətə gəlməsi faktına diqqət yetirməlidir. Rusiya cəmiyyəti artıq ultramillətçilik əhval-ruhiyyəsinin yaratdığı ovqatdan qopmağa başlayıb. Çünki Xəzərdən Suriyaya atılan raketlərlə insanları doydurmaq mümkün deyil. Ola bilsin ki, Navalnının başladığı hərəkat ciddi effekt verməsin, amma bu hərəkat Rusiyanın siyasi hakimiyyətinin toxunulmazlıq pərdəsini azacıq da olsa yerindən tərpədib. Rusiyada etirazların indikindən daha kütləvi xarakter almamasının əsas səbəblərindən biri mərkəzi hakimiyyətin güclü olması ilə bağlıdır. Beynəlxalq miqyasda Rusiyaya qarşı təzyiqlər artdıqca mərkəzi hakimiyyətin mövqeləri də zəifləyir. Bu isə müəyyən bir zaman kəsiyindən sonra etirazların daha da güclənə biləcəyi ehtimalını ortaya qoyur. Rusiyada “məxməri inqilab”ın baş verib-verməyəcəyini deyə bilmərəm. Lakin vəziyyət yaxşılığa doğru dəyişməsə, ciddi islahatlar aparılmasa, şimal qonşumuzu təlatümlü günlər gözləyə bilər".

Politoloq proseslərin davam edəcəyi düşüncəsindədir:
“Bu başlanğıc deyil, amma son da deyil. Proses davam edəcək. Davam etdikcə isə Rusiya hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün ölkə xaricində əzələ nümayişi da artacaq. Putinin komandası seçkilərədək nəyin bahasına olursa-olsun, onun postsovet məkanında həyata keçirmək istədiyi layihələrin reallaşması istiqamətində ən azı ciddi addımların atıldığını görüntüləməyə çalışacaq. Bu kontekstdə də təzyiqlərini də artıracaq. Bunun qarşılığında isə Qərbin postsovet məkanında daha aktiv siyasət yürütməsinin şahidi ola bilərik. Daha öncə də qeyd etdiyim kimi, Navalnı ciddi siyasi fiqur deyil. Bu isə o deməkdir ki, Rusiyadakı proseslərin şəxsiyyət faktoru bağlılığı azdır. Kremli sərt addımlar atmağa da sövq edən məhz bu faktordur. Çünki proseslərin nəzarətdən çıxmaq, idarəolunmaz hala gəlmək ehtimalı var. Şübhəsiz, Putinin nüfuzu yüksəkdir. Bu isə əsasən onun beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli və sərt mövqe ilə bağlıdır. Yəni Putinin nüfuzu xarici amillərdən asılıdır. Amma nəzərə almaq lazımdır ki, bu nüfuzun zədələnməsi ehtimalı da kifayət qədər çoxdur. Navalnıya qarşı indikindən daha sərt tədbirlərin həyata keçiriləcəyini gözləmirəm. Doğrusu, istənilən çevrilişi ziyanlı hesab edirəm. İnqilablar heç bir xalqa xeyir gətirməyib. Rusiyanı islahatlar yolu ilə tez bir zamanda daha sivil və demokratik bir ölkəyə çevirmək olar. Rusiyanın təbii ehtiyatları və rus xalqının həm təhsil, həm də mədəni səviyyəsi buna imkan verir. Rusiyanın demokratik və həm də güclü bir dövlət olması bütün region dövlətlərinin, xalqlarının marağına uyğundur. Demokratik Rusiya Avrasiyanın hamı tərəfindən qəbul olunacaq liderinə çevrilə bilər, indiki Rusiya isə ”jandarma"lıqdan uzağa gedə bilməz". /musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26