Interposta.Info

25 illik BMT üzvlüyü bizə nə verdi, bizdən nə aldı? -

Siyasət
 26-05-2017, 09:38     498

Hikmət Hacızadə: “Artiq heç kim deyə bilməzdi ki, ”Yox millətimin imzası imzalar içində..."; Zahid Oruc: “BMT qətnamələrini yerinə yetirməyi də Azərbaycan ordusundan gözləmək lazım gələcək”

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gedib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər əsnasında Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi və Respublika Günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.

Ötən 25 ilə ekspertlərimizin baxışını öyrəndik.

“Bu dövrdə Azərbaycan əsas beynəlxalq təşkilatlara üzv oldu, dünyada tanındı. Artıq heç kim deyə bilməzdi ki, ”Yox millətimin imzası imzalar içində..." Azərbaycanın sərhədlərı beynəlxalq hüquq tərəfindən təsdiq olundu".

interposta.info xəbər verir ki, mərhum prezident Əbülfəz Elçibəy hakimiyyətinin təmsilçilərindən olmuş politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında belə dedi. Həmsöhbətimiz o dövrün çətinliklərindən də bəhs etdi: “Düzdür, o zaman beynəlxalq hüququn da bütün dünyada böhranı başladı və Ermənistanın təcavüzünə biz bəyanatlardan başqa bir kömək görmədik, amma hər halda, dünyada ölkəmizi demokratiyaya can atan bir ölkə kimi tanitdırdıq. Xarici siyasətdə ən əsas istiqamətlər seçıldi: 1. Türkiyə ilə siyası, iqtisadi və mənəvi birliyə can atmaq; 2. Avrointeqrasiya - gələcəkdə Avropa ailəsinin tamhüquqlu üzvü olmaq; 3. Rusiya ilə bərabərhüquqlu münasibətlər qurmaq. Bütün bu prinsiplər indiyə qədər doğrudur və aktualdır. İnanıram ki, gec-tez ölkəmiz bunlara nail olacaq”.

“BMT-yə üzvlük Azərbaycanın siyasi tanınma faktı olmaqla min illər ərzində müstəqil dövlətə malik olmaq arzumuzun gerçəkləşməsi deməkdir”. Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur. Deputat bildirdi ki, SSRİ-nin dağılmasından ən çox ziyan çəkən dövlət kimi beynəlxalq birliyin tamhüquqlu nümayəndəsinə çevrilmək müstəsna əhəmiyyət kəsb edirdi: “Ötən əsrin sonlarında yaşanan tarixi proseslər və imperiyanın çöküşü hadisəsi 1918-ci ildə əldə olunmuş azadlığımızın davamı sayılsa da, beynəlxalq tanınma bir millətin təhlükəsiz varlığına yalnız kağız üzərində təminatlar verirdi. Doğrudur, Azərbaycan Demokratik Cümhuriyyətinin baniləri Millətlər Liqasına - Parisə gedib çıxana qədər bolşeviklər qapını kəsmişdilər. 90-cı illərdə isə BMT Cənubi Qafqazda üç dövlətə doğum şəhadətnaməsini vaxtında versə də etnik-milli zəmində baş verən hərbi toqquşmalar tamam fərqli siyasi xəritəni meydana çıxara bilərdi. BMT İkinci Dünya müharibəsinin nəticəsində formalaşan güc nisbətinin - Təhlükəsizlik Şurasının 5 daimi üzvünün iradəsinə tabe olmaqla faktiki müstəqil hakim statusunu itirib. Tarixin müxtəlif dönəmlərində humanitar, hətta hərbi cəhətdən toparlanaraq, münaqişələrin həllinə və təhlükəsizliyin təminatına töhfə verən bir qurumu qarşımızda görsək də, hazırkı beynəlxalq münasibətlər sisteminin böhranı, qlobal iqtisadi-siyasi toqquşmalar və dinlərarası ixtilaflar həm də dünya arbitrliyini öz üzərinə götürmüş bir təşkilatın gerçək hüquqi, siyasi imkanlarının məhdudluğu ilə əlaqədardır”.
25 illik BMT üzvlüyü bizə nə verdi, bizdən nə aldı? -



Deputat bir məqama da xüsusi diqqət çəkdi: “Əgər Azərbaycan yalnız BMT-nin qətnamələri və tribunası hesabına ədalətin təminatına inansaydı, müstəqilliyimizin qorunması və birinci Qarabağ münaqişəsinin humanitar fəsadlarını aradan qaldırmağa baş vurmasaydı, onda mövcudluğuna çoxdan vida etmişdi. Diplomatik ünsiyyət meydanı olmaqdan savayı həlledici qərar vermək imkanını çoxdan itirmiş bir qurumda fəaliyyətimizin davam etdirilməsi, əlbəttə, zəruridir. Bununla belə, 25 illik üzvlüyün və Nyu-Yorkda dalğalanan müqəddəs bayrağımızın əbədiliyi yalnız xalqımızın fədakarlığına, şəhidlərimizin misilsiz qəhrəmanlığına bağlıdır. Hər bir dövlət indi fərqli siyasi-hərbi alyanslar hesabına özünü qorumağa çalışır. BMT-nin belə bir sığorta sənədi yoxdur”.

Bununla belə, BMT-yə üzvlüyün mütərəqqi tərəflərindən bəhs edən Z.Oruc qeyd etdi ki, Azərbaycan ötən illər ərzində beynəlxalq münasibətlərin mühüm təmsilçisinə çevrilib: “İndi ölkəmiz yalnız enerji resursları, yaxud digər iqtisadi məhsulları dünyaya ixrac etmir, eyni zamanda sülh və barış ruhu bizim bölgədən ətraf aləmə yayılmaqda davam edir. Ərazicə kiçik bir məmləkətin siyasi əhəmiyyəti və birləşdiricilik gücü qat-qat böyükdür. Fərqli məkanları yalnız kommunikasiya olaraq deyil, həmçinin mədəni-mənəvi körpü olaraq əlaqləndirməyi bacarmaq mühüm diplomatik uğurdur. Ona görə də BMT qətnamələrini yerinə yetirməyi də Azərbaycan ordusundan gözləmək lazım gələcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26