Interposta.Info

Aralıq dənizi dünya nəhənglərinin arasında toqquşma nöqtəsinə çevrilir

Siyasət
 16-03-2017, 10:51     556

Üç qitəni birləşdirən bu dəniz Çinin və İranın əlinə keçə bilərmi...


Birgə hərbi təlimlər keçirən Rusiya və Çinin hərbi gəmiləri Aralıq dənizinə daxil olublar. Bu barədə "RİA Novosti”yə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi İqor Dıqalo bildirib. O qeyd edib ki, Çin Hərbi-Dəniz Qüvvələrinə məxsus "Lin İ” və "Vey Fan” hərbi gəmiləri, habelə Rusiyanın Qara dəniz donanmasına məxsus "Samum” və "Moskva” raket gəmiləri Bosfor və Dardanel boğazlarından keçərək Aralıq dənizinə daxil olub.


Xatırladaq ki, bundan əvvəl hərbi gəmilər Egey dənizinə daxil olmuşdu.


Bir neçə gün öncə isə İran kürd yığma qüvvələri ilə rayonu rayon ardınca tutaraq Aralıq dənizi sahillərinə yetişib. Beləliklə, İran yeni yol əldə edib. Bu yol İraq səhrasında "sünni üçbucağı”ndan keçməklə Suriya səhrasına qədər uzanır. Sonra Dəməşqə və Latakiya və Beyrutdan yan keçməklə Aralıq dənizinin sahillərinədək çatır.


Qeyd edək ki, Aralıq dənizi üç qitəni birləşdirən çox böyük strateji su hövzəsidir. Məhz buna görədir ki, bu gün dünyanın nəhəng güclərinin maraqları məhz orada toqquşur. Aralıq dənizində söz sahibi olmaq, burada üstünlüyü ələ almaq üç qitəyə-Avropa, Asiya, Afrikaya çıxış əldə etmək, nəzarət etmək hesab olunur. Və artıq son günlər belə görünür ki, Çin və İran kimi bu iddialarını gerçəkləşdirməkdə qərarlıdırlar. Bəs onların bu iddialarını tamamilə gerçəkləşdirməsi mümkün olacaqmı? ABŞ və NATO özləri üçün həyati əhəmiyyət daşıyan Aralıq dənizində Çinin və İranın lövbər salmasına imkan verəcəkmi?


Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Aralıq dənizi NATO dənizidir, bu dəniz boyunca NATO ölkələri yerləşir. Çin və İran Aralıq dənizinə iddialı dövlətlər olsalar da, iddiaların reallaşdırılması mümkün deyil. ABŞ və NATO buna imkan verməz: "Son zamanlar İranın Aralıq dənizinə yol açma cəhdləri var. Bu cəhdlərin qarşısını almaq üçün mən əminəm ki, Amerika müəyyən planlar düşünməyə başlayıb. Artıq Aralıq dənizində ABŞ-ın bir neçə kreyseri, bir təyyarə daşıyan gəmisi var. Yeni istifadəyə verilmiş ”Corc Buş" adlanan təyyarə daşıyan gəmisi Hörmüz boğazı ətrafındadır və oradan İran körfəzinə daxil olmaq niyyətindədir. Üstəlik, İranla bağlı ABŞ-ın son zamanlar səsləndirilən ciddi bəyanatları var. Bu bəyanatlarda həm təhdid var, həm də İrana qarşı müəyyən tədbirlərin həyata keçiriləcəyi ideyası yer alır. Belə görünür ki, sanksiyaların yenidən tətbiqinə başlanılması artıq İranın sıxışdırılmasının başlanmasıdır və gələcəkdə bu məsələlərin daha da irəliyə getməsi istiqamətində iş aparılır. Məsələn, ABŞ Səudiyyə Ərəbistanı, Qətər və digər ərəb ölkələri ilə birlikdə böyük bir koalisiya yaradır. Bu koalisiyanın məqsədi İranı həm Suriyadan, həm də İraqdan vurub çıxarmaq və beləliklə də onun Aralıq dənizinə yolunu bağlamaqdır. Bu, çox da uzaq olmayan dövrdə mütləq baş verəcək. Ola bilsin bu il baş versin".

Image result for Qabil Hüseynli


Çinə gəldikdə, politoloq dedi ki, Çinin Aralıq dənizində yerləşmək imkanları çox zəifdir. Çin hazırda Atlantik okeanında və Atlantik okeanının Çin dənizi deyilən sahəsində süni adalar yaratmaq və həmin süni adalarda hərbi qüvvələr yerləşdirməklə məşğuldur: "Burada da o, Amerikanın ciddi müqavimətinə rast gəlib. Çünki süni adalar yaradılması prosesində Malayziya da, İndoneziya da, Vyetnam da Çinin bu cəhdlərinə qarşı çıxırlar və bildirirlər ki, 12 millik iqtisadi zonadan kənara çıxmamalı, bütün Çin dənizini özünün daxili sularına çevirməyə cəhd etməməlidir. ABŞ da Çinin bu planına qarşı çıxır və özünün hərbi dəniz qüvvələrinə aid armadasını Çin dənizində yerləşdirməyə başlayıb. Çinin müxtəlif notalarına baxmayaraq, ABŞ buna əhəmiyyət vermir. Hətta istehzalı formada Çini təmkinli olmağa dəvət edir. Bir sözlə, Çin əgər Çin dənizində özünün hegemonluğunu təmin edə bilmirsə, çoxlu dövlətlərin iddiası olduğu Aralıq dənizinə yaxın da gələ bilməz. NATO və İsrail birlikdə Aralıq dənizinin taleyini demək olar ki, həll edəcəklər. Doğrudur, beynəlxalq sularda istənilən ölkənin gəmisi azad surətdə üzüb keçə bilər, amma burada əzələ nümayiş etdirmək, dənizə sahiblik hüququna iddia etmək heç cür mümkün deyil. Mən əminəm ki, mövcud status-kvo dəyişməyəcək. Hələ ola bilsin ki, mövcud status-kvo ABŞ və Atlantika blokunun xeyrinə daha da möhkəmləndirilisin”.

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26