Interposta.Info

İqtisadi problemləri həll etməyə başı qarışan hökumət, lider çatışmazlığı yaşayan müxalifət —

Siyasət
 14-01-2017, 16:26     549

İqtisadi problemləri həll etməyə başı qarışan hökumət, lider çatışmazlığı yaşayan müxalifət —

Siyasi proseslərdən daha çox iqtisadi problemlərlə zəngin olan 2016-cı ili başa vurduq, 2017-ci ildə bizi nələr gözləyir?

Ötən il siyasi proseslər baxımından zəngin bir il olmadı. Müxalifət yalnız konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində fəallıq göstərdi, sonra isə yenidən kölgəyə çəkildi. Bu il müxalif düşərgə adət etdiyimiz çəkişmələrlə də yadda qalmadı. İqtidar düşərgəsi daha çox iqtisadi problemləri aradan qaldırmaqla məşğul oldu. 2016-c il daha çox bəzi deputatların məsuliyyətsiz və səviyyəsiz açıqlamaları ilə yadda qaldı.

2017-ci ildən nələr gözlənilir? Ekspertlər iddia edir ki, cari il də siyasi cəhətdən passiv keçəcək. İqtidar daha çox iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafına vaxt ayıracaq.

interposta.info xəbər verir ki, 2016-cı ilin yekunu və cari il barədə ölkə siyasətini politoloq Qabil Hüseynli Ölkə.Az-a şərh edib:

"2016-cı il dünya iqtisadi böhranının təsiri altında keçdi. Ölkəmizdə manat iki dəfə devalvasiyaya uğradı. Neftin ucuzlaşması nəticəsində Azərbaycan büdcəsi müəyyən qədər kiçildi. Bütün bunlara baxmayaraq, hökumət yaranmış vəziyyətdən çıxış yolları axtarmağa çalışdı və müəyyən qədər də buna nail oldu. Ötən ilin sonlarına doğru Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına dair prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Milli iqtisadiyyatın strateji yol xəritəsi qəbul edildi. Zənnimcə, Milli iqtisadiyyatın strateji yol xəritəsi ölkədə geniş islahatlar, həm struktur islahatları, həm də əsaslı iqtisadi dəyişikliklər həyata keçirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, vergi sisteminin təkmilləşdirilməsi, xüsusən də maliyyə-bank sisteminin ölkə iqtisadiyyatında yaranmış neqativ hallarda böyük rolu olan bank sisteminin yenidən qurulması, zərərlə işləyən və əhaliyə ziyan verən bankların bağlanması onu göstərir ki, 2107-ci ildə Azərbaycan iqtisadiyyatı həm özünü düzəldə, həm də irəliyə doğru inkişaf edə bilər.

Ötən il pensiya və maaşlarda artım oldu. Bu il hökumətin illik hesabatında prezident bir daha vurğuladı ki, maaş, pensiya və sosial müavinətlərin mütləq yenidən artırılmasına başlanılmalıdır. Bütün bunlar onu göstərir ki, ölkə iqtisadi çətinliklərə bağmayaraq əhalinin maddi güzəranının yüksəldilməsi üçün əlindən gələn səyləri əsirgəmir. Bu gün əsas məsələ islahatlardır. Kadr islahatları üzərində xüsusilə dayanmaq lazımdır. Ölkəni bərbad vəziyyətə salan səriştəsiz, ancaq öz mənfəəti üçün işləyən kadrlar işindən azad edilməlidir. Ötən il onların bir qismi işindən azad edilib. Kadr islahatları çox şəffaf və eyni zamanda çox obyektiv keçirilməlidir. Ölkənin intellektual sərvəti olan, vətənpərvər, ölkəni irəliyə aparmaq potensialına malik olan insanlar hakimiyyətin müxtəlif yerlərində mütləq təmsil olunmalıdır. Kadr seçkisində Astan Şahverdiyev kimi ağzının danışığını bilməyən insanlar yox, məhz sözün həqiqi mənasında müasir dünya standartlarına cavab verə bilən, vətənpərvər, vicdanlı, namuslu adamlar olmalıdır. İndiki kadrların içərisində cibinə işləyən və xalqın problemlərinin həllinə çalışmayan insanlar az deyil".

Siyasi müxalifətə gəldikdə isə politoloq bildirdi ki, siyasi müxalifət yerində saymaqda davam edir:

"Siyasi müxalifətdə lider çatışmamazlığı getdikcə daha çox özünü hiss etdirir. Ağıllı və insanlara, xalqa pozitiv təsir göstərə biləcək liderlər içərisində insanların sayı getdikcə azalır. Onların bir çoxu "mən siyasətlə məşğul olmuram", deyərək, hərəsi əlində bir partiya saxlasa da kölgəyə çəkilib, bizneslə məşğul olur. Hətta ölkədə baş verən müəyyən hadisələrə münasibət bildirməyi belə özlərinə rəva bilmirlər. Belə desək, ictimai rəydən qaçmağa daha çox üstünlük verirlər. Zənnimcə, müxalifətin sıralarının seyrəlməsi, sosial bazasının zəifləməsi bunun səbəbidir. Müxalifətin xalqla təmasları çox aşağı səviyyədədir. Baxmayaraq ki, əhali içərisində narazı kütlənin də sayı az deyil, ancaq onlar müxalifətə tərəf yönlənmək istəmirlər. Başa düşürlər ki, siyasi müxalifət onların arzu və istəklərini ifadə etmək iqtidarında deyil.

Müxalifət adicə öz aralarında dil tapıb müəyyən bir inteqrasiyaya gedə bilmirlər. Hətta ortaq bir bəyanatı hazırlayıb ortaya gətirməyə güclə cəhd edə bilirlər. Bir sözlə müxalifət dağınıq, pərakəndə, siyasi ideologiyasız, açıq-aydın bəlli olmayan, daha çox əhalinin arzu və istəklərini özündə ifadə edə bilməyən, standart, köhnəlmiş ideyalarla yaşamaqda davam edir. Bu səbəbdən də, öz fəaliyyətlərini heç cürə tənzim edə bilmirlər.

Azərbaycanda siyasi plürializm olsa da, partiyaların fəaliyyəti üçün müəyyən şərait yaradılsa da, onlar bu şəraitdən ustalıqla istifadə edib öz reytinqlərini, potensiallarını artıra bilmirlər. Bu səbəbdən də, Azərbaycanda müxalifət anlayışı az qala siyasi dövriyyədən çıxmaq həddinə gəlib çatıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanın qarşısında dayanan ən ciddi məsələ Dağlıq Qarabağ problemidir. Bu problemin həlli indi bir qədər də mürəkkəbləşib. Ermənistan tərəfi danışıqlar prosesindən imtina edib. Rusiyanın Ermənistana qəyyumluğu daha da güclənib. Dünənə qədər "Dağlıq Qarabağ probleminin açarı məndədir" deyən Rusiya, bu gün "tərəflər özləri öz aralarında razılığa gəlsin" kimi şablon ifadələrdən istifadə edir. Hətta xaincəsinə öldürülmüş əsgərimizin nəşinin geri qaytarılmasına nə Rusiya, nə də beynəlxalq təşkilatlar təşəbbüs göstərmək istəmir. Halbuki, beynəlxalq konvensiyalar bunu həm beynəlxalq təşkilatlardan, həm də regionda söz sahibi olan Rusiyadan ciddi surətdə tələb edir.

İlimizi belə pessimist notlarla başa vurduq. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə israrlıdır. Ordumuz gücünü artırır, yeni silahlar əldə edir. Ordumuz aramsız təlimlər keçirir. Döyüş ustalığını təkmilləşdirir. Bütün bunlara baxaraq deyə bilərik ki, Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ problemini siyasi vasitələrlə olmasa, əlimizdə olan hərbi vasitələrlə mütləq həll edə biləcəyik".

2017-ci ildə hakimiyyətin görə biləcəyi işlərdən danışan Qabil Hüseynli dedi ki, cari ildə hökumət nəzərdə tutduğu islahatları mütləq həyata keçirməlidir:

"Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün büdcədən ayrılan vəsaitlər çoxaldılır. Sənaye sahələrinin yaradılmasına başlanılıb. Gəncə avtomobilqayırma zavodu maşınqayırma sənayesinin öncül müəssələrindən birinə çevrilir. Gəncədə təkcə maşınların yığılması deyil, maşınların müəyyən hissələrinin yerindəcə istehsal edilməsi işinə başlanılıb. Neftçalada İranın köməyi ilə minik avtomobilləri istehsal edəcək zavodun tikintisi sürətlə davam edir. Yəqin ki, bu ilin sonlarına qədər onun tikintisi başa çatacaq. Azərbaycan yaxın iki ildə öz minik avtomobillərini istehsal etməyə başlayacaq.

2017-ci ildə ciddi kadr islahatları keçirilməlidir. Bunun işartıları da görünür. Kiçik bir ölkədə həddindən artıq şişmiş bürokratik aparatın, artıq qurumların ləğv edilməsi, yaxud digər qurumlara birləşdirilməsi prosesi başlanılacaq. Nəticə etibarı ilə idarəetmə aparatı xeyli çevik və mobil bir idarəetmə sisteminə çeviləcək. Ölkəyə rəhbərlik daha səmərəli forma ala biləcək. Bu fonda səriştəsiz, korrupsiyaya bulaşmış, kifayət qədər yaşlanmış adamlar da idarəetmə sistemindən uzaqlaşdırılmalıdır və uzaqlaşdırılacaq.

Azərbaycan bu ilin sonuna qədər Xəzərdən çıxarılan Şahdəniz-1 qazının Avropa bazarına çıxarılması işini yekunlaşdıracaq. Şahdəniz-1 fazasının həm kəmərinin çəkilişi, həm də Avropa bazarına çıxarılması başa çatmalıdır. Bundan sonra Şahdəniz-2 fazası işə düşməlidir. Beləliklə, Azərbaycan öz qazını Rusiyadan qabaq Avropa bazarına, xüsusi ilə TAP layihəsi ilə İtaliya, Yunanıstan, Albaniya və Serbiyaya ixrac edəcək. Bu isə ölkə büdcəsinin qüvvətlənməsinə gətirib çıxarmalıdır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yol xətti və İpək Yolu layihəsi də Azərbaycan büdcəsinə gəlir gətirəcək.

2017-ci ildə kənd təsərrüfatının inkişafına xüsusi diqət yetiriləcək. İri fermer və kooperativ tipli təsərrüfatların yaradılmasına da diqqət yetiriləcək. Kənd təsərrüfatının maddi texniki bazasının, xüsusi ilə maşın və texnika ilə təmin edilməsi işinə diqqət artırılacaq. Bu sahədə olan kəsirlər aradan qaldırılacaq. Bir sözlə, Azərbaycan 2017-ci ildə özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir".

2017-ci ildə müxalif düşərgənin fəaliyyəti barədə politoloq bunları dedi:

"Əgər müxalifət siyasi inteqrasiyaya getsə, siyasi liderlər kölgədən çıxsa, cəsur bir siyasət yeritməyə başlasa, öz aralarındakı umu-küsünü unudub fəaliyyətə başlasa, o zaman onlar siyasi proseslərə təsir edə biləcək qüvvə halına gələ bilər. Əgər müxalifət eyni templə davam etsə, ölkənin ictimai-siyasi həyatında unudulmaq dərəcəsinə gəlib çata bilərlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26