Interposta.Info

Elman Rüstəmovun 2017 gəlişi:

Ölkə
 4-01-2017, 11:17     698

Elman Rüstəmovun 2017 gəlişi:
Azərbaycan Mərkəzi Bankı bu ildə də sərt pul-kredit siyasətini davam etdirəcəyini bəyan edib

Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, 2017-ci il gəlişi ilə minlərlə iş yerinin bağlanması, inflyasiya, bahalaşma və yoxsulluq gətirəcək.

Baş bank manat bazasını məhdudlaşdırmaqla dollara olan tələbi azaltmağa çalışacaq. Amma neftin dünya bazar qiymətinin azalmasından bəri həyata keçirilən sərt-pul kredit siyasəti davam etməkdədir.

Baş bankir Elman Rüstəmov manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxarmamasına baxmayaraq təəssüf ki, hələlik başqa metodlardan istifadə etməyə meyilli görsənmir.

Baxmayaraq ki, Mərkəzi Bank hələ 2014-cü ildə məzənnə siyasətinə korreksiyalar edib post-neft dövrünün çağrışlarına uyğunlaşdırmalı idi.

Sərt - pul kredit siyasəti isə ölkədə ötən ilki böhranın daha da dərinləşməsi ilə müşayiət olunacaq. İqtisadi dirçəlişin gözlənilmədiyi 2017-ci ildə əhalinin gəlirlərinin azalması, xərclərinin artması proqnoz verilir.

MDB-nin neft ixrac edən ölkələrindəki mövcud vəziyyətinin müqayisəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankın milli valyutanın məzənnəsinin optimallaşdırılması ilə bağlı fəaliyyəti uğurlu olmayıb.

Belə ki, “Bloomberg” agentliyinin məlumatları göstərir ki, Rusiya və Qazaxıstan milli valyutalarının stabilləşdirilməsi ilə bağlı cari hədəflərə nail ola bilsələr də Azərbaycan Mərkəzi Bankı hələlik bu məqsədlərdən çox uzaq görsənir.

Ekspert Vüqar Bayramov qeyd edib ki, 2016-ci ilin yanvarın əvvəlində 1 dollar almaq üçün 75 Rusiya rublu tələb edilirdisə bu göstərici 2017-ci ilin yanvarında 61 rubladək dəyişib. Nəticədə ötən il Rusiya rublu dollara nisbətən 22 faiz dəyər qazanıb.

Qazaxıstanda da bu sahədəki vəziyyət Rusiya ilə oxşarlıq təşkil edir. 2016-cı ilin yanvar ayının ortalarında 385 təngə 1 dollar idisə, 2017-ci ilin yanvar ayında 1 ABŞ pulu üçün 333 təngə ödənilir.

Bu isə o deməkdir ki, Rusiyada olduğu kimi Qazaxıstanda da milli valyuta dollara nisbətən ötən il 15 faiz bahalaşıb.

2014-ci ilin iyununda 1 dolların 183 təngə olduğunu nəzərə aldıqda Qazaxıstan milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.81 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).

Mərkəzi Bankın bu il üçün bəyan etdiyi sərt pul-kredit siyasəti sadəcə milli valyutaya inamsızlıq prosesinin uzadılmasına səbəb olacaq.

İqtidar kəmərsıxma əməliyyatını getdikcə gücləndirir. Hakimiyyət iqtisadı gedişata uyğun olaraq maksimum dərəcədə qənaətə çalışır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır.

Ölkənin iqtisadi vəziyyəti təkcə siyasətçiləri və iş adamlarını deyil, sadə kəndlini də, ucqar dağ kəndində yaşayan insanı da narahat etməkdədir. Gəlirlər azalıb, bahalaşma gedib, dövlət və özəl sektorda ixtisarlar aparılıb.

Bu iqtisadi proses davam etməkdədir. Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Belə ki, qiymətlər daha sürətlə bahalaşacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26