Interposta.Info

Prezidentin publik tənqidinin şərhi: Məmur oliqarxiyasının sonu çatır?

Paradoks
 2-02-2021, 19:07     1 207

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi zamanı yüksək vəzifəli məmurları tənqid atəşinə tutması müxtəlif mülahizələrə səbəb olub.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sədri Cahangir Əsgərovun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun Prezident səviyyəsində publik şəkildə tənqid olunması artıq onların karyerasının sonu kimi şərh edilir.

İlham Əliyev adıçəkilən məmurları tənqid edərkən məlum olur ki, onların fəaliyyəti ölkə başçısını qane etmir. Aydın şəkildə sezilir ki, artıq İlham Əliyevin bu məmurlara etimad limiti bitib. Hər halda Prezident onların Şuşada rəhbərlik etdikləri qurumların strukturlarını yaratmaq istəyini belə izah edir:
"Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”.

Prezidentin tənqid etdiyi məmurlar uzun müddətdir ki, yüksək vəzifələrdə təmsil olunurlar və o qədər də müsbət reputasiyaya malik deyillər. Güman edilir ki, 2018-ci ildən başlayan islahatlar dalğası nəhayət, bu məmurlara da çatıb.

Bəzi ekspetlərin fikrincə, proses əslində məmur oliqarxiyasının siradan çıxarılmasına hesbalanıb.

Sirr deyil ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinə ən böyük maneə yüksək vəzifələrdə təmsil olunan məmurlardır. Çünki bu faəliyyət növü ilə elə məmurların özü məşğul olur. Ölkədə inhisarçılığın, azad rəqabətin olmamasının kökündə də məmur sahibkarlığı dayanır.
Azərbaycanda fəaliyyət göstərən iri biznes strukturlarının əhəmiyyətli hissəsi məmurlara məxsusdur. Hətta onlar bunu gizlətməkdən belə, çəkinmirlər. Baxmayaraq ki, məmurlara məxsus biznes imperiyalarının korrupsiya ilə əldə olunan milyonlar vasitəsilə yaradıldığına dair şübhələr var.

Güman ki, artıq hakimiyyətin zirvəsində də baş verənlərin fərqindədirlər. İnvesitisiya xərclərinin azaldılması, iri infrastruktur layihələrin icrasına, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, cırtdan qurumların ləğvi, yaxud birləşdirilməsi, monstra çevrilmiş dövlət qurumlarında struktur dəyişiklərinin aparılması da məmur oliqarxiyasının sıradan çıxarılmasına hesablanıb. Prosesin hansı sonluqla nəticələnəciyini isə zaman göstərəcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26