Interposta.Info


Çimərlik qiymətləri yenə artdı - Ekspert səbəbləri sadaladı

Ölkə
 Bu gün, 17:30     60

"Siyahıdan da göründüyü kimi, Bakıda 10-a yaxın çimərlik fəaliyyət göstərir. Xəzər dənizi sahili boyunca daha çox çimərlik olsaydı, qiymətləri bu səviyyədə saxlamaq mümkün olmazdı. Müştəri sayının azalması qiymətlərin aşağı düşməsinə səbəb olardı".
Bunu Goldmedia.az ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli çimərlik xidmətlərinin qiymətlərinin ötən illə müqayisədə bahalaşmasının səbəblərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, çimərlik mövsümünün qısa olması sahibkarların xərclərinin artmasına və qiymətlərin yüksəlməsinə təsir göstərir:
"Tələbin artması qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan turizminin əsas problemlərindən biri turizm mövsümünün qısa olmasıdır. Məsələn, biz tez-tez Misir və Türkiyə ilə qiymət müqayisəsi aparırıq. Türkiyədə çimərlik mövsümü mayın əvvəlində başlayır, oktyabrın əvvəlində başa çatır. Beləliklə, təxminən altı aylıq aktiv mövsüm formalaşır. Bu da qiymətlərin daha optimal səviyyədə müəyyənləşdirilməsinə imkan verir. Bir halda gəlir iki ay ərzində əldə edirsən, digər halda isə altı ay ərzində. Sahə gəlirli olduğundan daha çox sahibkar bazara daxil olur, rəqabət güclənir və qiymətlər optimallaşır. Azərbaycanda isə sahibkarlar illik xərclərini iki-üç ay ərzində qarşılamağa çalışdıqları üçün qiymətlər yüksəlir".
Xalid Kərimli bildirib ki, qiymət artımına təsir edən amillərdən biri də inflyasiyadır:
"Son iki ildə ölkədə ümumilikdə 5-7 faiz civarında inflyasiya müşahidə olunub. Bu müddətdə qiymətlər 10 faizdən çox artıb. Xərclər yüksəldiyi üçün sahibkarlar da xidmət haqlarını artırmağa məcbur olurlar".
İqtisadçı hesab edir ki, bahalaşmanın əsas səbəblərindən biri də təyin olunan qiymətləri ödəməyə hazır müştəri kütləsinin mövcud olmasıdır:
"Sahibkarlar qiyməti müəyyənləşdirirlər və həmin məbləğin ödənilib-ödənilməyəcəyindən ciddi narahatlıq keçirmirlər. Bir tərəfdən deyirik ki, iqtisadi vəziyyət çətindir və gəlirlər artmır. Digər tərəfdən isə görünür ki, kifayət qədər ödəmə qabiliyyətinə malik insanlar var. Deməli, bazarda bu qiymətləri qəbul edən müştəri sayı az deyil. Üstəlik, sahibkarlar gəlirlərini əsasən iki aylıq mövsüm ərzində əldə edə bilirlər. Mövsüm təxminən iyunun ortalarından başlayır və avqustun sonlarında başa çatır".
Xalid Kərimli vurğulayıb ki, ölkədə turizmin inkişafı baxımından əsas problemlərdən biri məhz mövsümün qısa olmasıdır.\qaynarinfo.az
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26