Interposta.Info

 

“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Ölkə
 3-08-2023, 14:40     159

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və təxminən 408 milyon dollar əsaslı xərclər çəkilib (cəmi - 1 milyard 616 milyon dollar - red.).

APA xəbər verir ki, qeyd olunan xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” (yatağın işlənilməsinin ikinci mərhələsi) layihəsinə aid olub.

“Birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - deyə hesabatda qeyd olunur.

Hesabata əsasən, İlin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyon) standart kubmetrdir.

Bildirilir ki, 2023-cü ilin ikinci rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
“Quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şərq-şimal cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilib, cinahda bütün elastik monoborular quraşdırılıb, eləcə də “Şahdəniz Bravo” platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi işləri tamamlanıb”, - deyə hesabatda deyilir.

İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“Şahdəniz-2” layihəsi çərçivəsində quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam edir.

Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26