Interposta.Info

 

Yuxarı Qarabağ kanalındakı su əvvəlki səviyyəsinə çatdırılacaq - YENİLƏNİB + FOTO

Ölkə
 3-08-2023, 14:38     105

Yuxarı Qarabağ kanalında suyun əvvəlki səviyyədə axması ilə bağlı göstəriş verilib.

Bunu APA-ya açıqlamasında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib. İdarə rəisi qeyd edib ki, sızma baş verən kanalda bəndin bərkidilməsi işləri tamamlanmaq üzrədir:

“Yuxarı Qarabağ kanalında sızma baş verib. Sızmanın qarşısı qısa müddətdə aradan qaldırılıb. Kanalın bəndində bərpa işləri başa çatıb. Biz kanalın suyunun əvvəlki səviyyəyə qaldırılması ilə bağlı göstəriş vermişik. Maksimum bir sutka ərzində su əvvəlki səviyyəsində axacaq”.

13:36

Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində (50-ci kilometrliyi) səkkiz metr uzunluğunda dağılan torpaq bənd artıq bərpa edilib.

APA-nın xəbərinə görə, hazırda ərazidə texnikalar vasitəsi ilə sahilbərkitmə işləri davam etdirilir.
Bəndin yarılması nəticəsində rayonun Qaraqoyunlu kəndində 35 fərdi yaşayış evinin zirzəmisini və 10 hektar həyətyanı torpaq sahəsini, 60 hektar pambıq, 10 hektar lobya sahəsini, həmçinin kənd qəbiristanlığında yerləşən 50 qəbri su basıb, iki min ot bağlaması, 15 ton taxıl, VAZ-2107 və “Mercedes Benz” markalı iki minik avtomobili suyun altında qalıb.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və texnikalar cəlb olunaraq torpaq bənd tam bərpa edilib və kənd sel sularından azad olub.

Hazırda kənd ərazisində sel sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Rayon icra hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyan dəqiqləşdirilir.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26