Interposta.Info

 

Ağgöl və Şirvan milli parklarının yaranmasının 20-ci ildönümüdür - FOTO

Ölkə
 6-07-2023, 10:45     134

5 iyul 2023-cü il tarixində Ağgöl və Şirvan milli parklarının yaranmasının 20-ci ili parkların ərazisində bir sıra rəngarəng tədbirlərlə qeyd edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və tərəfdaş təşkilatların nümayəndələri hər iki parkın yubiley tədbirlərində iştirak edib, zəngin biomüxtəlifliyə malik parkların bioloji müxtəlifliyinin bərpasına və dayanıqlı inkişafına dəstək məqsədilə Ağgöl və Qızılqaz göllərinə çəkikimi balıq körpələri buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Turizm və Qida Təhlükəsizliyi agentliklərinin, Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələri iştirak ediblər.

“Ağgöl və Şirvan milli parklarını ziyarət edən turistlər parkların təbiəti ilə tanış olub, müxtəlif yaş kateqoriyasına uyğun marşrutlar boyunca mövsümi təbiət mənzərələrini, fauna növlərini müşahidə edib, təbiət qoynunda səmərəli vaxt keçiriblər:

Ağgöl Milli Parkında regional turizm və ekologiya idarələrinin, Ağcabədi rayon idman məktəbi idmançılarının iştirakı ilə idman yarışı keçirilib, qaliblər təltif olunublar.

Şirvan Milli Parkında ümummilli liderin 100 illiyinə həsr olunmuş fotosərgi təşkil olunub, parkla həmsərhəd olan Kürsəngi kəndinin xalçaçılıq sənəti nümunələri nümayiş etdirilib, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Yaşıl patrul” dəstəsinin üzvlərinin əl işləri sərgilənib”.
Qeyd edək ki, Ağgöl və Şirvan milli parkları 5 iyul 2003-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamları ilə yaradılıb.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi ulu öndərin uzaqgörən strategiyası sayəsində ətraf mühitin mühafizəsində də uğurlara imza atıldı, ölkəmizdə milli park statuslu qorunan təbiət əraziləri yaranıb. Sonrakı illərdə ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilərək xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilib.

Hazırda Azərbaycanda Ağgöl və Şirvan milli parkları da daxil olmaqla 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 yasaqlıq mövcuddur. Vaxtilə ölkəmizdə cəmi 200 baş qeydə alınan ceyranların sayı artıq 7000 başdan çoxdur. Şirvan və Ağgöl milli parklarında ceyranların davamlı, artan populyasiyası formalaşıb.

İnterPosta.info












Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26