Interposta.Info

İnflyasiya əvvəlki dinamikadadır: Tənzimlənən qiymətlərə dəyişiklik fəsad yarada bilər

Ölkə
 8-04-2023, 14:54     102

Pərviz Heydərov yazır...

Dünyada və eləcə də ölkəmizdə bahalaşma və inflyasiya səngiməyib. Cari ilin yanvar-fevral ayları ərzində ölkəmizdə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,3%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər isə müvafiq olaraq 12,2% və 10,6% artıb.

Bütövlükdə birinci rübün yekunları hələ açıqlanmasa da, martda bayramlarla əlaqədar qeyd olunan rəqəmlərin bir az da yuxarı olması şübhə doğurmur. Ümumiyyətlə, sözügedən tendensiyanın aylıq tempinin ən azı keçənilki dinamikada qaldığı əyani görünür.

2021-ci ildən start götürən və ötən il, yəni 2022-ci il ərzində davam edən bahalaşma və inflyasiya tendensiyası o vaxt səngiyəcək ki, ilk növbədə enerjidaşıyıcıları ucuzlaşsın. Bunun isə nə vaxt baş verəcəyi hələ məlum deyil.

Söhbət, təbii ki, qlobal miqyasdan gedir. Çünki ölkəmizdə sözügedən tendensiya ən çox qlobal miqyasdan qaynaqlanır ki, bahalaşma və inflyasiyada əsas rolu məhz idxal amili oynayır.

Lakin cari il əvvəlindən qiymətlərin artmasına bir sıra daxili amillər də təsir göstərib ki, bahalaşma yeni ilin ilk günlərindən bir az da sürət əldə edib. Və qiymət yüksəlişində sanki yeni mərhələ start götürüb. Bu da ondan irəli gəlib ki, cari ildə maaş və pensiyaların artırılacağı xəbəri verilib.

Belə ki, artımın məbləği və hansı istiqamətdə olacağı hələ bəlli olmadığı halda bazarda qiymətlərdə yüksəliş bir az da sürətlənib. Ölkə başçısı İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam isə buna sanki, "hüquqi əsas" yaradıb.

Bununla belə, proses nəzarətdə olduğundan, qiymətlər relsdən çox da kənara çıxmayıb. Xatırladaq ki, prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum əməkhaqqı yanvarın 1-dən 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 240 manatdan 280 manata çatdırılmaqla müavinət və təqaüdlər artırılıb.

Sənədə əsasən, 1,9 milyon vətəndaşı əhatə edən sözügedən yeni sosial paketin icrası üçün il ərzində əlavə olaraq 750 milyon manat vəsait xərclənməsinə qərar verilib.

Hələ, üstəlik arada nəqliyyatda gediş haqqı da artırılıb.
Demək istədiyim budur ki, il başlanandan ötən dövr ərzində qiymət artımı və inflyasiya tempi əslində daha çox arta bilərdi. Lakin hökumətin nəzarəti və o cümlədən, Mərkəzi Bankın (AMB) pul kütləsinin idarəolunması sahəsində gördüyü bir sıra tədbirlər nəticəsində prosesi cilovda saxlamaq mümkün olub.

Ancaq bunun nə qədər davam edəcəyi bəlli deyil. İdxalın getdikcə artması təzyiqi gücləndirməkdədir. İl ərzində Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından da əlavə digər dəyişikliklərə (artımlara) də gedilərsə inflyasiya, ümumiyyətlə, sıçrayış nümayiş etdirə bilər və edəcək də.

Bəs əslində bizi nə gözləyir?! Ölkədə sosial istiqamətdə həyata keçirilən ödənişlərin bahalaşma və inflyasiya tempinə təsiri artıq, arxada qalmış sayılır, yoxsa əksinə? İdxalın inflyasiyaya təsir və təzyiqi nədən hələ neytrallaşdırılmır?! İl ərzində tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından əlavə digər dəyişikliklərə (artıma) də gedilə bilərmi?!

Bu suallara cavab olaraq qeyd edək ki, əvvəla, yuxarıda bahalaşma və inflyasiyanın səngiməsi üçün enerjidaşıyıcılarının ucuzlaşmalı olduğunu qeyd etdik. Üfüqdə isə bunun əksi görünür. Təkcə bir fakta toxunaq ki, dünya bazarlarında xam neft hələ 80 ABŞ dollarının altında oynayarkən OPEC+ ölkələri hasilatı əlavə olaraq da azaltmaq qərarına gəliblər. Bu isə qiymətləri yəqin ki, yenə 80-nin üstünə qaldıracaq. Demək, yanacaq ucuzlaşmayacaq.

Yanacağın ucuzlaşmayacağı təqdirdə qlobal bahalaşma və inflyasiyadan doğan təsir və təzyiq davam edəcək. Yəni ölkəmizə inflyasiya idxalı səngiməyəcək. Hansı ki, bunu tam olaraq neytrallaşdırmaq özü də əslində qeyri-mümkün sayılır. Çünki daxili bazarımız idxal məhsullarından asılı olduğundan yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan qısa müddət ərzində yaxa qurtara bilməz.

İkincisi, ölkədə sosial istiqamətdə həyata keçirilən ödənişlərin bahalaşma və inflyasiyaya təsirinə gəlincə, yanvarın 1-dən tətbiq edilən artımlar keçənilki tendensiyadan yüksək olsa da, sözügedən temp dayanmadığından artımlar tam olaraq "yemə çevrilmək" üzrədir. Ona görə də qeyd olunan artımlar əhalinin sosial müdafiəsinin təşkilində yalnız ilin birinci yarısı üçün yararlı olacaq, bahalaşma dayanmasa il ərzində daha belə bir addım atmağa ehtiyac yaranacaq.

Əlbəttə, belə bir fonda il ərzində tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından əlavə hər hansı digər artıma və yaxud artımlara da gedilərsə bu, qabaqcadan hesablanmış, kompensasiya edilmiş şəkildə həyata keçirilməlidir. Yeri gəlmişkən, real olaraq su, elektrik enerjisi, qaz və bəzi digər növ məhsullar üzrə tarif dəyişikliyi ilə bağlı əslində müəyyən çağırışlar mövcuddur.

Ancaq buna indiki şəraitdə getmək ciddi fəsadlara yol aça bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26