Interposta.Info

Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi

Ölkə
 6-03-2023, 09:50     140

Binəqədi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə təqsirləndirilən Şahid Şahin oğlu Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Şahid Bayramovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib. O, məhkəmə zalında həbs edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.

İş üzrə Daxili İşlər Nazirliyi zərərçəkmiş qismində tanınır.

Qeyd edək ki, 2021-ci ilin avqustunda karantin rejiminin pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olan məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Şahid Şahin oğlu Bayramov vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin "Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Onun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid Bayramov elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 2019-cu ildən isə taksi parkının işlədilməsi ilə məşğul olur.

Belə ki, 2019-cu ildə taksi fəaliyyətinə başlamaq istədiyindən fiziki şəxs kimi vergidə qeydiyyatını və müvafiq sənədləri hazırlayıb, Azərbaycanda fəaliyyət göstərən "Bolt” taksi şirkətinə müraciət edib. "Bolt” şirkətinə müraciət etməyinin səbəbi həmin şirkətin operator sisteminin olması, sifarişlərinin çox olmasıdır. Həmçinin avtomobil azlığından şirkət qismində müraciət edərək işləmək istədikdə güzəştli faizlərlə işlənilməsinə şərait yaratmaları olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, vətəndaş fərdi qaydada həmin şirkətə müraciət etdikdə "Bolt” şirkəti tərəfindən gündəlik 20 faiz pul tutulur, lakin nümayəndəlik kimi fəaliyyət üçün istiqamət aldıqda və çox sayda sürücünü təmin etdikdə isə gündəlik ödənilməli faiz məbləği təxminən 5 faiz olur. Bu hal həm fərdi qaydada müraciət etmiş sürücülərə xeyir etdiyindən, onun da taksi parkında avtomobillər olduğundan müvafiq internet saytları vasitəsilə aşağı faizlərlə sürücülərin axtarılması barədə elanlar verib. "Bolt” şirkətinə müraciəti əsasında müvafiq razılıq və fəaliyyəti ilə əlaqədar xətt ayrıldıqdan sonra özünə taksi parkı hazırlamağa başlayıb. Taksi parkı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən "Connect” şirkətinin binasının 1-ci və daha sonra isə 4-cü mərtəbəsi olub. Taksi parkının fəaliyyəti müvafiq şəxslər tərəfindən avtomobillərin alınaraq gündəlik 25 manatdan ona icarəyə verilməsi, onun da həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olmaqla əlaqədar ona müraciət etmiş şəxslərə rəsmi müqavilə bağlamaqla verməsindən ibarət olub. Müqavilə üzrə taksi sürücüləri aylıq 400 manat əmək haqqı və gündəlik ümumi gəlirin 10 faizini götürüblər. Bundan əlavə taksi parkında faiz dərəcəsi az olduğundan, pulun çox hissəsi isə sürücüyə qaldığından, müəyyən taksi fəaliyyəti ilə məşğul olan şəxslər də ona müraciət etməyə başlayıblar. Həmin sürücülərə işləmələri üçün şərait yaradıb, gündəlik "Bolt” şirkəti tərəfindən verilmiş şifarişləri sürücülərə yönəldib. 2020-ci il ərzində pandemiya ilə əlaqədar ölkə ərazisində komendant saatları tətbiq edildiyindən taksi parkında fəaliyyət olan sürücülərin fəaliyyəti üçün fiziki şəxs olaraq VÖEN-i əsasında həmin sürücülərin sərbəst şəkildə işləmələrini təmin təmin etmək üçün onların adına icazə vərəqələrinin verilməsini təmin edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26