Interposta.Info

Generalın və keçmiş rəisin qətl törədən qohumu kassasiya şikayəti verdi
 

Ölkə
 27-02-2023, 12:08     115

Tovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Əli Şəmiyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib.

Rayon sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu 1963-cü il təvəllüdlü, həmyerlisi Ələkbərov Firudin Muxtar oğlunu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub, daha sonra hüquqşünas kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub.


Əli Şəmiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib.

Olayın səbəbinə gəlincə, ilkin araşdırma zamanı məlum olub ki, F.Ələkbərli Ə.Şamiyevə məxsus rayonunun Yanıqlı kəndi ərazisindəki "Su səsi” istirahət kompleksinin və iki çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsi zamanı zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təchizatını təmin edən Zəyəm çayınının çirkləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarına, aidiyyəti üzrə qurumlara çoxsaylı şikayət ünvanlayıb.

Bundan başqa, F.Ələkbərli Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Lakin məhkəmə iş adamının xeyrinə qərar çıxarıb.

Bütün bunlar hüquqşünasla iş adamı arasında münaqişəyə səbəb olub və ağır cinayətlə nəticələnib.

Ə.Şəmiyev ifadəsində bildirib ki, F.Ələkbərli işi məhkəmədə uduzduğu üçün onu təhdid edib, müxtəlif formada hədələyərək puldan imtina etməyə məcbur etmək istəyib. Son görüşdə F.Ələkbərli tərəfindən təhqirə məruz qaldığı üçün silaha əl atdığını deyən Ə.Şəmiyev könüllü şəkildə polisə təslim olub.

Məlumatlara görə, Ə.Şamiyev Tovuz Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovla qudadır. "Göl Əli” ləqəbi ilə tanınan Ə.Şamiyevin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Tofiq Zeynalov isə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Şəmiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26