Interposta.Info

Daşaltı əməliyyatından 31 il ötür

 

Ölkə / Manşet
 26-01-2023, 09:21     228

Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 31 il ötür.

Əməliyyat Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.


Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər.

Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.

Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olub.

2022-ci il aprelin 21-də dövlət başçısı Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış olub.

Prezident İlham Əliyev elə həmin günü kəndin bərpası ilə bağlı tapşırıqlarını verib. 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoyublar./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26