Interposta.Info

G7 ölkələrinin liderləri birgə bəyanat qəbul ediblər
 

Ölkə
 11-10-2022, 21:30     175

"Yeddilik” ölkələrinin liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Ukrayna ətrafında vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.

Sənəd çərşənbə axşamı Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılıb.

Bəyanata əsasən, G7 ölkələri Krım Muxtar Respublikası və Sevastopolla yanaşı, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin də qanunsuz ilhaq cəhdini pisləyir və birmənalı şəkildə rədd edir. Onlar heç vaxt Rusiyanın işğala haqq qazandırmaq üçün istifadə etdiyi saxta referendumları tanımayacaqlar.

Liderlər bütün ölkələri beynəlxalq hüququn pozulmasını qeyd-şərtsiz pisləməyə və Rusiyadan hərbi əməliyyatları dayandırmağı, Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz bütün qüvvələrini və hərbi texnikasını çıxarmağı tələb etməyə çağırıblar.

G7 Ukraynanın bütövlüyünü dəstəkləyir, beynəlxalq birlik tərəfindən tanınan ərazini beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə uyğun olaraq müdafiə etmək və tam nəzarəti bərpa etmək hüququnu təsdiqləyir.

Həmçinin, "Böyük yeddilik” Kiyevə lazımi qədər maliyyə, humanitar və hərbi dəstək vermək niyyətindədir, həmçinin Ukraynanın qışa hazırlanmasına kömək etməyə hazırdır.

Liderlər hesab edirlər ki, Ukraynada ölkənin yenidən qurulmasını, o cümlədən Rusiyadan alınacaq vəsait hesabına həyata keçirilməlidir.

Bununla yanaşı, "Yeddilik” Rusiyanın cinayətlərə görə məsuliyyətə cəlb edilməsinin zəruriliyini elan edib və Minski Ukraynada hərbi əməliyyat keçirməkdə Moskvaya yardımı dayandırmağa çağırıb.

Liderlər Ukraynada kimyəvi, bioloji və ya atom silahlarından istifadənin ciddi nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

"G7” "Şimal axını” və "Şimal axını 2” boru kəmərlərinə qəsdən ziyan vurulmasından dərin narahatlığını ifadə edərək, kritik infrastrukturun qəsdən məhv edilməsini qətiyyətlə pislədiklərini və davam edən araşdırmaları alqışladıqlarını bildirib.

Bəyanatda vurğulanır ki, ölkələr Rusiya təcavüzünün qlobal iqtisadi sabitliyə mənfi təsirini aradan qaldırmaq üçün, o cümlədən G7 ölkələrində və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və sərfəli qiymətləri təmin etmək məqsədilə əməkdaşlığı sıx koordinasiya şəklində davam etdirəcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26