Interposta.Info

Novruz  bayramınız mübarək

 

Ölkə / Manşet
 15-03-2022, 17:20     838

İlaxır və ya Torpaq çərşənbəsidir bu gün

Çərşənbələr Azərbaycanda, eləcə də türk və küllən islam inanclı xalqların tarixində önəmli bir bahar atributu kimi qeyd olunur. İnsanlar baharın gəlişini həvəs və həsrətlə gözlədiklərindən bu çərşənbələri suyun, odun, küləyin, nəhayətdə torpağın oyanışı kimi bir qədər mifik, bir qədər gerçəklik nişanəsi olaraq xüsusi həvəslə bayram edirlər. Çərşənbələr bu xalqların əsas bayramı olan Novruza doğru gedilən yolun dolanbaclarıdı sanki. Məqsədə, sonluğa, oyanışa, nəhayət güllü-çiçəkli yaşıllıqlara, bar-bərəkətin ilkin cücərtilərinin hərəkətləndiyi Bahara yetişmək! Bu insan arzusunun və "yaşama davam" fəlsəfəsinin əsas qayələrindəndir. Baharı və ona yol açan Novruzu sevmək, həm də torpağı, zəhməti, onun yetirdiyi ruzini sevməkdi. Ona görə İlaxır çərşənbə və Novruz bayramının əsas dualarından biri və bəlkə də başlıcası qarşındakına "bol-bol ruzi" arzulamaqdı.

Bu sadaladıqlarımız çərşənbələrin və Novruzun ana xətti, onurğa sütunudur. Təpədən dırnağa bayram ovqatlı çərşənbələrin və Novruzun əsrlərlə zaman-zaman kəsb etdiyi və bəlkə də kəşf etdiyi çoxlu sayda atributlar da var ki, onlar haqqında kifayət qədər bilgilisiniz. Tonqal qalanması, tonqaldan atlanmaq, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, balıq ləvəngisi, dünyasını dəyişənlərin ziyarət olunması, uşaqların papaq atması, indi az qala unudulan yumurta döyüşdürülməsi, süfrəyə "s" hərfilə başlayan yeddi təam və əşyanın qoyulması və bir çox digər adət-ənənələrimiz də var. Novruzda qulaq falına çıxan qızların da öz istək və arzularına çatdığını deyirlər, Elə ahıl və orta yaşlıların da niyyətlərinə, gözlədikləri xoş xəbərlərə qovuşmaq diləyilə eşitdiyi ilk sözdən sevinib və ya pərişan olması da adətlərimizin sırasındadır. Bir sözlə, İlaxır çərşənbə və Novruzdan hər kəs bolluq, bərəkətlə yanaşı, mənən rahatlanma, gələcəyə ümid cücərtiləri də gözləyirlər. Deməli İlaxır çərşənbə və Novruz təkcə dadlı yeməklərin deyil, həm də mənəviyyatımızın bayramıdı. Hamımızın. Bu bayramda diləklərimiz də hamımıza ünvanlanır. Şair Qasım Qasımzadə demişkən:

Çərşənbənin son axşamı,

Qoşa yanır tale şamı

İstəyinə çatsın hamı

Hər qismətin öz vaxtıdı.

Bayramlarınız mübarək!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26