Interposta.Info

Bu gün ilaxır çərşənbə -

Ölkə
 14-03-2017, 08:40     733

Bu çərşənbədə Yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur

Bu gün Novruzun müjdəçisi olan çərşənbələrdən sonuncu- Torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbə xalq arasında "Axır çərşənbə”, "Torpaq çərşənbəsi”, "Çərşənbə-suri” adları ilə də tanınır. Torpaq çərşənbəsində Yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpağa artıq toxum səpmək olar. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə su, od və yel torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış torpağı oyadırlar.


İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik arzulanır. Bütün evlərdə bayram süfrələri açılır, müxtəlif yeməklər, əsasən də yeməklərin şahı hesab edilən aş bişirilir. Həmçinin bu günü paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır və süfrəyə qoyulur. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək nemət olur. Torpaq çərşənbəsi mərasim, oyun və şənliklərlə də zəngindir. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxar, təmizlik işləri görər, kütləvi şənliklər keçirər, əmək nəğmələri oxuyardılar.

Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Bundan başqa, subay oğlan və qızlar duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya həmin su verən adam yuxu görənin qismətidir. İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək, o yaşda da qız gəlin köçəcək.


Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. Axır çərşənbədə meydan tamaşaları göstərilir, qodu-qodu mərasimi keçirilir. Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, xan-vəzir oyunu insanlar tərəfindən böyük coşqu ilə qarşılanır. El inamına görə Axır çərşənbədə paltar tikmək olmaz; qəlbə dəymək olmaz; səfərə çıxmaq olmaz, yerə isti su tökmək, dırnaq tutmaq, təzə evə köçmək olmaz. İlaxır çərşənbədə 4 ilahi başlanğıc birləşir. Suya, Oda, Yelə və Torpağa tapınan insan torpağın və torpaqdan xəlq olunanların oyanışına sevinir./musavat.com


Novruz bayramının müjdəçisi Torpaq çərşənbəsi hər bir evə ruzi-bərəkət, sevincli günlər gətirsin! Bayramınız mübarək!

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26