Interposta.Info

Erməni diversant: "Bizə Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq tapşırığı verilmişdi"

Ölkə / Manşet
 10-01-2022, 20:22     187

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.

Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri "TM 62-M” və "E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə İ.Sarqsyanla V.Rafaelyan özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Şahin Abdulhüseynov söyləyib ki, həmin gün xidmətdə döyüş növbətçisi olub: "Mayın 27-si döyüş mövqeyində fəallıq aşkar olundu. Həmin gün bütün döyüş mövqelərinə ayıq-sayıq olma əmri verildi. Verilən məlumata görə, düşmən tərəfindən 6-8 nəfər bizim ara boşluğu istiqamətində döyüş mövqelərimizə tərəf gəlirlər. Dərhal yanımızdakı ehtiyat qüvvə qaldırıldı və həmin ərazi gecəgörmə cihazı vasitəsilə müəyyən olundu ki düşmən tərəfdən irəliləyiş var. Təminat yolu üzərində 4 ədəd tank, 20 ədəd piyada əleyhinə mina və 4-5 metr uzunluğunda olan tikanlı məftil aşkarladıq. Onlardan 2 tank əleyhinə mina basdırılmışdı, digər 2-ni isə basdırmaq üçün yer qazılmışdı, 20 ədəd piyada əleyhinə mina isə bellərində idi. Onların məqsədi o idi ki, postlarımıza gedən yeganə təminat yolumuzu minalamaq və hücuma keçmək. Həmin şəxslərin üzərində silahı, zirehli gödəkçəsi və kaska da var idi".

Müdafiə Nazirliyinin digər hərbi qulluqçusu Hüseyn Həsənov da şahid qismində dindirilib. Onun sözlərinə görə, mayın 27-də gecə döyüş növbətçiliyi tərəfindən verilən məlumata əsasən, düşmən tərəfdən canlanma olub: "Həqiqətən də məlum oldu ki, düşmənin diversiya qrupu biz tərəfə gəlir. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik və düşmənin diversiya qrupu aşkar edildi. Düşmənin üzərində "Ak-74" markalı avtomat, zirehli gödəkcə və dolu patron götürdük, onları tərksilah etdik, minalı ərazini təmizlədik. Onlar dövlət sərhədindən 150-200 metr bizim əraziyə keçmişdilər".

Təqsirləndirilən İ.Sarqsyan ifadəsində deyib ki, Ermənistanın xüsusi təyinatlı hərbi hissəsində xidmət edib: "2021-ci il mayın 24-də komandanlıqdan Sisyana yola düşmək üçün əmr aldıq. Mayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq, daha sonra Basarkəçər ərazisinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatını aparım, yolu minalamaq lazımdır. İşimizi görüb qurtaranda Azərbaycan əsgərləri gəldi. Bəziləri geri qayıda bildi, biz isə təslim olduq". O, Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması il bağlı da döyüş tapşırığı aldıqlarını etiraf edib: "Tovuz döyüşləri zamanı bu cür döyüş tapşırığı olub. Mən bununla bağlı xəritədə Azərbaycan Ordusunun mövqelərini qeyd etmişdim, əraziləri hesablamışdım və aidiyyəti üzrə təhvil vermişdim".

Digər təqsirləndirilən V.Rafaelyan ifadəsində bildirib ki, mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəliblər: "Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. Rəhbərim isə İşxan təyin edildi. Göstəriş verildi ki, tikanlı məftilləri özümlə götürüm. Əraziyə 3 tank əleyhinə mina və 20 piyada əleyhinə minanı daşıdım. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. Biz İşxanın arxasınca gedirdik. Minaları basdırmaq üçün İşxandan əmr aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı, tərksilah edildik, təslim olduq"./report

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26