Interposta.Info

Vüqar Səfərli minimal cəza ilə canını qurtara biləcək? - Hüquqşünas

Ölkə / Manşet
 7-07-2021, 17:44     894

"Bu tipli cinayət işlərində dəyən zərərin ödənilməsi məsələsi varsa, bunu nəzərə alaraq müəyyən mənada minimal cəza təyin edilə bilər”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digərlərilə bağlı cinayət işinin istintaqının yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi fonunda sözügedən şəxsə neçə il iş düşəcəyilə bağlı sualı cavablandırarkən deyib. Həmsöhbətimiz düşünür ki, dəyən zərər ödənilibsə, hökm oxunarkən bunlar nəzərə alınacaq:

"Ona qarşı müəyyən edilən 4 maddənin hər birində konkret olaraq minimal və maksimal cəza müddətləri müəyyən olunub. İstintaqın gedişində nələrin olduğunu bilmirəm. Amma hər halda bu tipli cinayət işlərində dəyən zərərin ödənilməsi məsələsi varsa, bunu nəzərə alaraq müəyyən mənada minimal cəza təyin edirlər. Mənimsəmə, qeyri-qanuni leqallaşdırma, vəzifə səlahiyyətindən sui-istifadə və saxtakarlıq bilavasitə vəzifəli şəxslərin sui-istifadə əməllərindən doğan cinayət əməlləridir. 4 maddə üzrə cinayət işinin açılması heç də avtomatik olaraq hamısının üst-üstə hesablanması anlamına gəlməməlidir. Adətən ən ağır cəza olan maddədəki cəza üzərində müəyyən hesablama aparılır. Ona görə yəqin ki, Vüqar Səfərliyə çox yüksək cəza verilmədən proses yekunlaşacaq. Amma məhkəmə onu bütün suçlandırılan maddələr üzrə təqsirli hesab etsə, bu halda 4 maddə olduğu üçün çox aşağı çərçivə də müəyyən olunmayacaq. Bütün hallarda cəza təyin edilərkən yəqin ki, dəyən zərərin ödənilməsi və durumu nəzərə alınacaq”.


Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidməti ləğv edilmiş KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqının yekunlaşdırıldığını bildirib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26