Konstitusiya Məhkəməsi 9 fevralla bağlı son qərarını verdi
Elman Nəsirov: “Demokratik inkişaf yolunda növbəti mühüm mərhələdən keçirik”
Martın 5-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında 9 fevralda VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələri təsdiq olundu. Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev elan edib. Qərar elan olunan andan qüvvəyə minib.
Deputat Elman Nəsirov “Yeni Müsavat”a məhkəmənin qərarını bu cür şərh etdi: “Bu seçkilər çox böyük coşqu ilə keçirildi. Həm ölkə xaricində, həm də daxilində seçkilərə çox böyük diqqət var idi. Nəzərə alaq ki, bu seçkiləri 883 beynəlxalq qurumun müşahidəçiləri izlədi. Bunlar 58 beynəlxalq təşkilatdan idilər və 59 dövləti təmsil edirdilər. Çox böyük bir müşahidə altında seçkiləri geridə buraxdıq. Ən başlıcası isə bu idi ki, 1 yer uğrunda təxminən 10 nəfər mübarizə aparırdı. Heç bir namizəd Azərbaycan tarixində indiyə qədər bu sayda qeydə alınmamışdı. Bilirsiniz ki, 9 fevraldan sonra lider olan şəxslərə qarşı uduzan tərəflərin çox ciddi ittihamları baş alıb getməyə başladı. Onlar elə danışırdılar ki, sanki seçkilərə qoşulanda qalib gələcəyinə yüz faiz əmin imiş. Onların da hər biri ölkə Prezidentinə istinadən bu fikirləri söyləyirdi. Həqiqətən də ölkə prezidenti İlham Əliyev öz çıxışlarında, xüsusilə gənclərlə görüşlərində onlara söyləyirdi ki, ölkədə növbədənkənar parlament seçkiləridir, gəlin iştirak edin, öz gücünüzü sınayın, sizə geniş imkanlar yaradılıb. Amma deməmişdi ki, məhz sən deputat olacaqsan. Bu seçimi xalq edir.
Cənab Prezident onlara tövsiyə edirdi ki, siz öz potensialınızı, imkanlarınızı yoxlayın, xalqın etimadını, səsini qazansanız deputat olacaqsınız. Bir çoxları məlum oldu ki, cənab Prezidentin bu mövqeyini özlərinə sərf edən bir şəkildə qəbul ediblər. Uduzan tərəflərin çıxışlarına baxırdım, sanki ölkə başçısı onlara demişdi ki, siz deputat olacaqsınız. Onlar unudurlar ki, seçimi edən xalqdır. Onların bəsit yanaşmalarının az şahidi olmadıq. Son sözü Konstitusiya Məhkəməsi deməli idi və martın 5-də bu instansiya məhkəməsinin yetkin qərarı ilə MSK-nin təqdim etdiyi protokollar təsdiqləndi. Seçki prosesində 4 dairənin nəticələri ləğv olundu. Bəzi KİV-lər belə məlumatlar yaydılar ki, bir neçə dairənin də nəticələri etimadsız sayıla bilər. Fevralın 26-dan MSK müvafiq sənədləri Konstitusiya Məhkəməsinə göndərmişdi. Martın 5-nə qədər çox ciddi şəkildə ekspert rəyləri əsasında Konstitusiya Məhkəməsinin qərarı belə oldu ki, seçkilər demokratik keçirilib, seçki qanunvericiliyinin tələblərinə tam əməl olunub. Dairələrdə seçkilərin nəticələrinə təsir edəcək halların qeydə alınmadığı da məlum oldu. Bir şeyi də söyləyim ki, hətta onun da şahidi olurduq ki, müəyyən internet televiziya kanallarında, xüsusilə Xural.TV və Reaksiya.TV kanalları bu sahədə xüsusi canfəşanlıq edirdilər. Bu kanalların rəhbərlərinin adlarını çəkib onları reklam da etmək istəmirəm. Hətta onlar öz çıxışlarında bir-birinə nəticələr oxuyurlar.
Məsələn, Xural-ın rəhbəri Reaksiya rəhbərinə deyir ki, parlament bizim kimi adamlardan ibarət olsaydı, dünyanı idarə edərdik. Siz təsəvvür edin ki, bu şəxslər seçkilərdə uduzmuş insanları efirə çıxarıb, bir çox hallarda onların qeyri-obyektiv fikirlərini səsləndirmək üçün o mühiti yaradırdılar. Özüm şahidi oldum ki, onlar 68 saylı dairədən olan namizədlərin 8-ni efirə çağırıb, şərait yaradırdılar ki, olduqca qeyri-obyektiv, bir çox hallarda yalan və iftiralarla dolu məlumat yaysınlar. Reaksiya-da Cəlilabaddan gələn namizədlər söyləyirlər ki, Elman Nəsirov 5 ildə niyə gəlib problemlərimizi həll etməyib. Bir də sual verir ki, niyə gəlib o problemləri həll etməyib? Nə bilim onun doğulduğu kənddə məktəbdə filan problemlər var. Bu insanlar deputatlıq eşqinə düşüblər, yalan məlumatlar yaymaqla məşğuldurlar. Axı mən Cəlilabadın deputatı deyildim, Göyçay-Ağdaş Seçki Dairəsindən seçilmişdim. Bu dairənin deputatını ittiham edəsən ki, Cəlilabadın problemləri ilə niyə məşğul olmursan, niyə gəlib seçicilərlə görüşmürsən? Seçicilər bilirdilər ki, onların deputatı mən deyildim. Amma telekanala baxanları aldadırlar ki, son beş ildə Elman Nəsirov seçiciləri ilə görüşməyib. Belə insanlar deputatlıq iddiasında idilər. Bu çox biabırçı bir haldır. Təsəvvür edin ki, qətiyyən özünə tənqid deyilən bir şey yoxdur. İnternetdə axtarış verəndə bu namizədlərin heç adları da çıxmır. Öz kəndlərində güc-bəla ilə onları tanıyırlar. Amma iddiaları çox böyükdür. Bu seçkilər həm də onu üzə çıxardı ki, deputatlığa layiq olmayanlar proseslərə qatıldılar. Bu xalq ”ağı qaradan ayırmağı" çox yaxşı bacarır. MSK və Konstitusiya Məhkəməsinin qərarları onu sübut etdi ki, 9 fevral seçkiləri ölkəmizdə ədalətli olub. Demokratik inkişaf yolunda növbəti mühüm mərhələdən keçirik".
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



