Interposta.Info

AYB katibi Çingiz Abdullayevin yazdığını ədəbiyyat saymadı, ortalıq qarışdı...

Ölkə
 27-12-2019, 10:46     352

“Mən detektiv əsərləri ədəbiyyat saymıram”. Bu sözləri APA-ya son müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, yazıçı Rəşad Məcid birliyin katibi, detektiv yazarı Çingiz Abdullayevin əsərləri barədə danışarkən deyib. Rəşad Məcid bu günə qədər həmkarının yalnız ”Bakı bulvarı" adlı romanını oxuduğunu, lakin onun yadda qalmadığını vurğulayıb:

“Maraqlı idi, su kimi oxunurdu, amma sonra özünə sual verdim ki, bunu yazmağın mənası nədir? Oxuyursan, sonra yadda qalmır. Bunun bir alt qatı, ideyası olmalıdır, yoxsa yox? O sualı eyni zamanda Elxan Elatlıya da vermişdim. O da dedi ki, o cür fikirləşsək, gərək bir əsəri iki ilə yazaq, amma biz kommersiya məqsədi güdürük, 3-4 aya bir roman yazırıq, satılır, biz də onunla yaşayırıq”.

Qeyd edək ki, AYB katibinin digər katibin əsərlərini tənqid etməsi, detektiv əsərlərin ədəbiyyata aid olmadığını deməsi həm sosial şəbəkələrdə, həm də mətbuatda müzakirə obyektinə çevrilib.

Xatırladaq ki, Çingiz Abdullayev bu günə qədər çoxlu sayda detektiv janrda romanlar yazıb ki, onların da bəzilərinə tammetrajlı bədii filmlər, serial çəkilib. Lakin zaman-zaman bəzi ədəbiyyatşünaslar, yazıçılar bu nəsr növünü nəinki janr, heç ciddi ədəbiyyat da hesab etmədiklərini bildirirlər. Hətta qeyd olunur ki, bu fikri təkcə ölkəmizdə deyil, dünya ədəbiyyatında da mövcuddur. Məsələn, hələ 20-ci əsrin ortalarında Edmund Vilson “Detektiv ciddi ədəbiyyat hesab edilə bilməz” fikirlərini söyləmişdi.

O, yazdığı “Roger Akyordun qatilindən kimə nə?” adlı məqaləsində detektiv romanı “ağılsızlıq və zərər baxımından tapmaca tapmaqla siqaret çəkmək arasında dəyərləndirilə biləcək axmaq bir vərdiş", detektiv oxucularını isə “Affekt dərəcəsində bağlanan” adlandıraraq, “Bu cür boş şeylərlə özümüzü məşğul etməməli, detektiv oxuyaraq kağız israfına şərait yaratmamalıyıq" qeydlərini edib.

Məsələ ilə bağlı Çingiz Abdullayevin mövqeyini öyrənməyə çalışdıq. Lakin telefon zəngimizə cavab verən köməkçisi onun iclasda olduğunu, daha sonra özü əlaqə saxlayacağımızı bildirdi. Bəs digər yazıçılar detektiv əsərləri ciddi ədəbiyyat hesab edirmi?

Aqil Abbas: “Mənə maraqlı deyil əsərdə kim kimi vurdu, kim kimi öldürdü”

AYB üzvü, tanınmış yazıçı Aqil Abbas məsələyə bu cür mövqe bildirdi: “İndi ”Şerlok Holms" əsər deyil? Və yaxud məşhur “Aeroport” əsəri var, indi onu ədəbiyyat hesab etməyək? Yəni dünyada ciddi detektiv əsərlər və onların nümunələri var. Sadəcə, bizdə istənilən səviyyədə deyil. Heç Rusiyada da detektiv əsərlər istənilən səviyyədə olmayıb. Şəxsən mən detektiv əsər oxumuram. İndi dostuq, buna görə Çingiz Abdullayevin 1-2 əsərini oxumuşam. Amma ümumilikdə detektiv əsərləri xoşlamıram. Mənim üçün başqa meyarlar var. Mənə maraqlı deyil kim kimi vurdu, kim kimi öldürdü və sairə. Yəni əsər psixoloji olmadığı üçün maraqlı gəlmir. Amma uşaq vaxtı hamımız “Şerlok Holms” üçün ölürdük. Üstəlik, hazırda da detektiv əsərin oxucuları daha çoxdur.

Lakin bir daha qeyd edirəm ki, mənim üçün detektiv əsər böyük önəm daşımır. Sabir Əhmədovun “Yamacda nişanə” povestini 50 detektiv əsərə dəyişmərəm".

Tural Cəfərov: “Söhbət Çingiz Abdullayevdən gedirsə, cavab gün kimi aydındır, ədəbiyyat deyil!”

Yazıçı Tural Cəfərov bu mövzunun mübahisəli məsələ olduğunu dedi: “Bir çox tərəfləri və istiqamətləri var. Söhbət Çingiz Abdullayevdən gedirsə, cavab gün kimi aydındır: ədəbiyyat deyil. Vəssalam! İndi dünyada bir detektiv partlayışı var. Xüsusən də Skandinaviya detektivi. İntizamlı detektiv oxucusu olmasam da, bir neçə Skandinaviya detektivini oxumuşam. Çox gözəl əsərlərdir. Stiq Larsson misal üçün. Onun qəhrəmanı Lizbet Salander haqqında Lyosa belə yazmışdı: ”Ədəbiyyat dünyasına xoş gəldin, Lizbet Salander" Lizbet hələ əsrlərlə orada olacaq. Məsələ nə yazmaqda yox, necə yazmaqdır. Bir sevgi hekayəsindən bulvar romanı da yazmaq olar, “Anna Karenina”. Ya da bir qətldən ucuz bir detektiv romanı da yazmaq olar, “Cinayət və cəza” da. İndi dünyada serialların çox çəkilib çox baxıldığı bir zamanda yaşayırıq və seriallar arasında detektiv seriallar xüsusi bir əhəmiyyət daşıyır. Mənim üçün detektiv ədəbiyyatdır. Necə ki, Konan Doyl ədəbiyyatdır, necə ki, Simenon ədəbiyyatdır, necə ki, Larsson ədəbiyyatdır".

Aqşin Yenisey: “Detektiv janr yalnız bədii estetikanın qulluğunda duranda sənətə çevrilir”

Yazıçı Aqşin Yenisey isə Çingiz Abdullayevin bir neçə əsərini oxuduğunu bildirdi: “Ədəbiyyatla məşğul olduğum üçün bir neçə detektiv əsər, o cümlədən Çingiz Abdullayevin də ”Mavi mələklər" və “İnsan ovu” kitablarını oxumuşam. Detektiv əslində ədəbiyyatın içindən çıxmış bir qoldur, hətta post-modernist yazıçılar, məsələn, Eko onu yenidən bədii mətnin içində istifadə etdi, o cümlədən “Qızılgülün adı” romanında. Homerdən tutmuş, ta Qan Turalıya qədər bədii mətndə cinayət və onun açılması ideyası həmişə olub. Sadəcə, Avropa naşirləri bu ideyanı bədii bər-bəzəkdən təmizlədilər. Çünki bədii, estetik zövq deyə mənəvi bir ehtiyacı olmayan texniki oxucuları qatil, qurban və cəza maraqlandırır. Naşirlər də bunu sezdilər və yeni bir bazar məhsulu yaratdılar. Detektiv ədəbiyyat - istənilən romanı estetik keyfiyyətlərindən təmizləsəniz detektiv olacaq. Məsələn, mənə görə, Dostoyevski detektiv yazıçıdı. Onu bəyənməyən Nabokov da “Lolita”da detektiv sonluğa can atır. Detektiv janr yalnız bədii estetikanın qulluğunda duranda sənətə çevrilir, başqa vaxt o, sadəcə, kriminal jurnalistikadır"./yeni musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26