Interposta.Info

Bu kafelərdə sadə çay içənlərə pis baxırlar – VİDEO

Ölkə
 21-08-2019, 14:35     10 370

Azərbaycanlı olasan və çaydan məhrum qalasan. Məkanımız Bakı bulvarıdı. Çay içmək istəyən onlarla insan və hər yerdə eşitdikləri eyni cavab: bizdə sadə çay verilmir. Bəli, bu kafe-restoranlarda verilən çay sadə deyil. Burada verilən çayın rəqqasəsi, masajçısı, xidmətçisi var. Təklif edilən çayın qiymətini eşitdikdə insanda təxminən bu fikir yaranır yəni.

Sakin: “2 manat cibimizdə pul olur sadə çay istəyirik, vermirlər. Deyirlər sadə çay 5 manatdı, əgər mürəbbə ilə istəyirsənsə, 10 manat”.

Sakin: “Ümumiyyətlə burada adi çay vermirlər, bir dənə çay içmək istəyirsənsə dəstgahla içməlisən”.

Sakin: “Qonaq gəlmişik. Girdik kafelərdən birinə, bizə çay vermədiklər. Təklif elədilər ki, ya yemək yeməlisiz, ya da podnisdə 50 cür mürəbbə gətirmişdi ondan çay dəstgahından. Biz istəmədik, çay davermədilər”.

Ən zəif çay dəstgahının qiyməti 10 manatdan başlayır, 25-30 manata qədər yüksəlir. Müştəri kimi görüb yaxınlaşan əməkdaş sadə çay istədiyini anladıqda üz ifadəsi dəyişir və sən də özünü ucuz müştəri gözündə görüb kənarlaşırsan. Soruşan da ki, niyə sadə çay verilmir, aldığın cavab da maraqlı olur.

Kafe admistrator: “Normalda biz axşam tərəfi sadə çay vermirik. Çünki masalarımızın sayı az qalır. Canlı musiqimiz olur. Axşam vaxtı gəlir 5-6 nəfər qaqaş oturur. Deyir qardaş mənə 3 manatlıq çay ver. Sərf eləmir açığı. Mən bu boyda külfət işlədirəm. Mənim çox rasxodum var. Ofsiantların, aşbazların maaşı…. Həm gedin baxın hansı kafedə 5-6 nəfərə sadə çay verilər? Heçkim vermir, çünki sərf eləmir. 2 nəfər gəlsin verək. Amma 5-6 nəfər oturur əxlaqsız hərəkətlər edir, o da bizi narahat edir. Müdriyyətlə danışmışıq ki, mümkün qədər axşam kişilərə ümumiyyətlə sadə çay verməyək”.

Bəli, Bakı bulvarında təxmini mənzərə belədi. Sadə çay deyəndə obyektiv və ya subyektiv səbəblərdən sənə əlavə yer zəbt eləmiş biri kimi baxırlar.

Mütəxəssislər isə başqa fikirdədir. Yerli vətəndaş, xarici qonaq, qadın, kişi, fərq etmir. İctimai iaşə obyekti müştərinin kimliyindən asılı olmayaraq xidməti tam şəkildə göstərməlidi. Əgər hər hansı müştəri digərlərinin istirahətinə mane olursa bunun qarşısı başqa yollarla alınmalıdı. Yəni, necə deyərlər, qurunun oduna yaşı da yandırmaq olmaz. Bu vəziyyət nəticədə bu cür obyektlərin əslində müştəri itirməsinə, turistlərdə mənfi fikir formalaşdırmasına və ən əsası istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

Müzəffər Ağakərimov – Turizm Assosiasiyası sədrinin müşaviri: “Çayxanalarda turistlərin qəbulunda çatışmamazlıqlar var, nöqsanlar var. Bu nöqsanlar ondan ibarətdir ki, onlar çayxanalara gələndə onlara çay dəstgahı adı ilə 20-30, bəzəndə daha yüksək qiymətlərlə onlara xidmət göstərirlər. Bu məsələ artıq uzun illərdir ki, gündəmdədir. Bu tək turistlərlə bağlı deyil. İctimai iaşə müəssisələri xidmət səviyyəsini qaldırmaqla süni qiymət artımına yol verməməlidirlər”.

Dənizkənarı Bulvar İdarəsindən isə bildirildi ki, milli parkın ərazisində fəaliyyyət göstərən obyektlər əslində ayrı-ayrı sahibkarlara məxsusdur və idarə həmin şəxslərin qiymət siyasətinə birbaşa müdaxilə etmək səlahiyyətində deyil. Qurumun mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızının sözlərinə görə, bulvar idarəsi sadəcə icarədarlara insanları narazı sala biləcək məqamlara yol verməməyi tövsiyyə edə bilər. Onu da deyək ki, danışılan vəziyyətin yeganə məkanı bulvar ərazisi deyil. Tarqovı kimi tanıdığımız Nizami küçəsi və bənzər məkanlarda da eyni cavabla qarşılaşa bilərsiniz: sadə çay verilmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26