San-Fransiskoda it oteli: cakuzisi də var, plazma televizoru da... -

“İt ol, bəxtin olsun” seriyasından reportaj...
İndi belə xəbərlərlə çoxlarını təəccübləndirmək mümkün deyil. Dünya hamının barmağının bir ucunda ikən, məsafələr, sərhədlər aşılmışkən, heyvanların hüquqları insanlarınkından daha üstün görülərkən kimi it oteli faktı ilə şoka salmaq mümkündür? Elə Bakının özündə də it oteli olması faktını xatırlasaq, bəsdir...
İTİM DEPRESSİYAYA GİRİB, BİR NEÇƏ GÜN OTELƏ QOYACAM...
Amma San Fransiskoya gəlmişkən bir it otelinə baş çəkmədən olmaz. Neyçün ki, bura şəhərin varlı təbəqəsinin müraciət etdiyi oteldir. Siz buranı sığınacaq və ya müvəqqəti saxlanma yeri ilə müqayisə etməyin. Adı üstündə - otel... Xidməti personalı, hovuzu, cakuzisi, gündə 3-4 dəfə yemək servisi ilə iri bir müəssisə. “İtim depressiyaya girib, onun əhvalını burda yaxşılaşdırın, mümkünsə” deyən, pulu başından aşıb-daşdığı üçün hara, necə xərcləyəcəyini bilməyənlərin müraciət etdiyi məkan.
Adətən 16-cı səhifə üçün hazırladığım, xarici mediadan tərcümə etdiyim materiallardan birini canlı-canlı araşdırmaqdır bu dəfə məqsədim. Məkanın adı Pooch Hoteldir. Şəkildən də gördüyünüz kimi, iri bir oteldir. Üstündəki it şəkilləri ilə yoldan keçənlərin diqqət cəlb edir. İçəri girib, otellə maraqlanırıq. Amma bunun üçün də öncədən vaxt təyin etmək lazımdır, biləsiniz. Məsələn, günün istənilən saatında otelə gedib, tur götürə bilməzsiz. İtlərin istirahət, yemək və sair saatlarına uyğun tur saatları düzənlənib. Səhər saat 11-dən günorta 4-ə qədər. Bu arada, otel 24 saatlıq rejimlə çalışır.
Tur ödənişsizdir, amma içəridə gəzintiyə çıxmadan öncə iri bir blank doldurmaq zorundasız. Orada barənizdəki bütün məlumatlar yer alır, iş yerinizdən tutmuş qan qrupunuza qədər. Nəzarət güclüdür – kim bilir, bəlkə siz it qatilisiz və ona görə burdan tur götürürsüz?
İT OTELİNDƏKİ KRAL NÖMRƏSİ: TELEVİZORU DA VAR, OYUNCAQLARI DA...
Nəzarəti keçəndən sonra otelin koridorlarında, bizi müşayiət edən otel işçisinin izahı ilə gəzintiyə başlayırıq. Elə gəzinti başlayan kimi ilk xəbərdarlıq da gəlir: “Videoçəkiliş olmaz!” Səbəb olaraq da itlərin özəl həyatına sayğı, onların sahiblərinin məhrəmiyyətinə diqqət, bura gələnlərin kimliyinin məxfiliyinin qorunması kimi bir azərbaycanlının anlamaqda çətinlik çəkdiyi səbəblər sıralayırlar. Razılaşıb, tura başlayırıq. Bu da nə? İt oteli öz ağır və qeyri-gigiyenik qoxusu ilə insanı haldan-hala salır. Hər nə qədər oteldə havalandırma sistemi yüksək olsa da, tez-tez otaq parfümü avtomatik olaraq yayılsa da, o ağır qoxunu heç nə aradan qaldırmır. 15 dəqiqəlik gəzinti zamanı öncə nəfəsinizi içinizə çəkirsiz, bir neçə dəqiqə sonra isə alışırsız.
Klassik otellərdə olduğu kimi, burda da hər it üçün ayrıca otaqlar var. Necə deyərlər, sahibinin cib durumuna görə. Lüks otaqda qalan da var, prezident nömrəsində gecələyən də, sıradan bir guşədə gününü keçirən də. Məsələn, prezident nömrəsində televizor da, oyuncaqlar da var, yataq da olduqca gözoxşayan və şıqdır. Bu nömrənin bəzək-düzəyi, dekorasiyası da digərlərindən fərqlənir. Təmizliyi, qulluğu, servisi də həmçinin. Qiymətlərə... gələcəyik. Amma sahibi kasıb olan itlər sadəcə yatacaq yeri olan otaq kirayələyirlər. Bəzi hallarda yeməklərini sahibləri özləri verir, göstərişlə paralel: Filan yeməkdən gündə filan qədər... deyə. Ya da otellə sözləşməyə uyğun olaraq, burada qalmağa yemək xidməti də əlavə edilir.
BURA İNSANLARIN QOCALAR EVİNƏ BƏNZƏYİR...
Bələdçi izahat verir ki, əslində bura itlərin birinci dərəcəli Qocalar Evi kimidir. İnsanlar öz yaşlı valideynlərini belə evlərə qoyanda necə ki, onların gəzintisi, əyləncəsi barədə düşünürlər, it otelində də eynilə. Amma hər şey müqaviləyə uyğundur. İtləri ya bayırda gəzdirirlər, ya da otelin içində. Ya tək gəzdirirlər, ya da kollektiv şəkildə. Bütün bunlar müqavilənin şərtinə və it sahibinin ödəyəcəyi məbləğə aiddir.
Hesab edək ki, oteldə qalan it xəstələndi. Bələdçi deyir ki, bu zaman onların olaya anında müdaxilə etmə şansı yoxdur. Əgər itin sahibi ölkədədirsə, ona telefonla bu olay barədə məlumat verilir, alınan cavaba müvafiq olaraq davranılır. Yəni, sahibi icazə verirsə, oteldəki veterinarlar dərhal müdaxilə edirlər. Yox, əgər it sahibi ölkə xaricindədirsə, bu zaman ona email vasitəsilə xəbər verilir. Yenə də gələn cavab əsasında davranış sərgilənir.
İnsanlar öz itlərini belə otellərə niyə gətirirlər ki? Məntiqlə it sahibi olmağa qərar vermiş şəxs onunla birgə yaşamaq, vaxt keçirmək, əylənmək istəyər. Bələdçi izahat verir ki, bir çox hallarda səyahətə gedən insanlar öz itlərini otelə etibar edirlər. Bundan başqa, axşam qonaq gedib əylənmək istəyənlər, ya da özü xəstələndiyi, evinə qonaq gəldiyi üçün itə baxa bilməyənlərin müraciət etdiyi yer it oteli olur. İndiki dövrdə qəddar insanların çox olduğunu, itlərə qarşı zorakılıq hallarının artdığını deyən bələdçiyə görə, otel əksər hallarda çox etibarlı bir yer sayılır.
İTLƏRİN DIRNAQLARI DA TUTULUR, SAÇLARI DA KƏSİLİR, HOVUZDA DA ÜZDÜRÜLÜR
Və itlərə oteldəki yemək servisi. Yuxarıda da qeyd etdiyim kimi, hər şey müqavilədən asılıdır. Məsələn, it sahibi onun yemək konservini gətiribsə, bu, heç də hər öyündə onun bir konserv qutusunu həzm-rabedən keçirəcəyi anlamına gəlmir. Qutunun yarısı bir öyündə yemək üçün verilirsə, digər yarısı soyuducuda saxlanılır. Müqaviləyə əsasən, hər itin öz baxıcısı, qulluqçusu var. İt sahibi bunu özü seçir. Amma otelin öz restoranı da var. Əgər it sahibi evdən yemək gətirməyibsə, menyunu da seçir və ödəməyə əlavə edilir.
Təbii ki, burda itlərin qalması üçün vaxt limiti yoxdur. Adı üstündə - otel. Oteldə qonaqlamaq üçün limit ola bilərmi? Amma uzun müddət burda qalan itlərin çimizdirilməsi də xidmətə daxildir. Dırnaqların tutulması, saçların kəsilməsi də həmçinin. Bu məqamda yenə də hər şey it sahibinin istəyinə bağlı olur. Şampun, təmizləyici vasitələri özü ilə gətirə də bilər, oteldəkindən istifadəni qəbul edə də.
Gəzə-gəzə otelin hovuzuna doğru çatırıq. Hovuz deyib keçməyin. Tərtəmiz suyu, təmiz oturacaqları, kənardan asılmış dəsmallar. Hər şey onların rahatlığı, hər yer onların göz zövqü üçün...
605 DOLLARINI VER, İTİN KEF ELƏSİN
İndi keçək qiymətlərə:
42 dollar – tam gün
365 dollar – 10 günlük paket (34.50 dollar – bir gün üçün)
595 dollar - 20 günlük paket (28.75 dollar – bir gün üçün)
505 dollar - 1 aylıq paket
Bu yazdığım qiymətlər sıradan hücrələr üçündür. Ayrı-ayrı otaq qiymətlərini də yazaq.
Standart suite – 67 dollar
Prezidet suite – 90 dollar
Palace suite – 125 dollar
10 gecə standart otaq – 605 dollar
Otel və ordakı şərait barədə bu qədər. Əminəm, çoxlarınız indi kalkulyatoru qarşınıza qoyub, günlük kursla bu qiyməti hesablayıb, şok keçirirsiz. Cem Yılmaz demiş, “bu pulla bir ailə keçinir”. Bəli, yazının girişində də qeyd etdiyim kimi, Amerika da daxil, Qərbdə heyvanların hüquqları insanlarınkından daha çox qorunduğu üçün belə məkanların olması da təbiidir. Bizim “it günündə yaşayıram” deyib də, ağız büzdüyümüz həyatın detalları göz qamaşdırır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26