Interposta.Info

Bir çox sahələrdə inqilab yaradan

Ölkə
 19-05-2018, 11:38     10 498

Blokçeyndən Azərbaycanda nə zaman istifadə ediləcək; Vüsalə Əhmədova: “Bu, tətbiq edilərsə, bankların, dövlət orqanlarının, auditlərin, müfəttişlərin, sığorta şirkətlərinin və qeydiyyat orqanlarının nəzarətinə ehtiyac qalmayacaq”

“Blokçeyn” (blockchain) sözü leksikonumuza kriptovalyuta meydana çıxması ilə daxil oldu. Məlum olduğu kimi, bitkoin başda olmaqla bütün kriptovalyutaların yaradılmasında blokçeyn texnologiyasından istifadə olunur. Lakin blokçeyn texnologiyasından istifadə bununla yekunlaşmır. Artıq iqtisadiyyatın, idarəetmənin bir çox sahələrində bu texnologiyanın tətbiqinə başlanılıb və uğurlu nəticələr əldə edilib. Bəs görəsən, ümumiyyətlə blokçeyn nədir və bu texnologiyanı ölkəmizdə hansı sahələrdə tətbiq etmək olar?

interposta.info xəbər verir ki, “Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı-ekspert Vüsalə Əhmədova bildirdi ki, yeni inqilabi texnologiya sayılan blokçeyn kənd təsərrüfatından tutmuş banklara, dövlət orqanlarına qədər bütün səhələrdə çevrilişə səbəb ola bilər: “Blokçeyn” termini - block - bloklar, chain - zəncir deməkdir, yəni blokların zənciri. Lakin burada sadə zəncirdən söhbət getmir, məlumatların ciddi ardıcıllığı qorunub saxlanılır. Bloklar - sistem daxilində tranzaksiyalar, əməliyyatlar və kontraktlarla bağlı məlumatlardır və bütün bloklar bir-biri ilə əlaqəli olan zəncirdə sıralanırlar. Bu verilənlər bazasından heç bir məlumatın silinməsi və ya blokun dəyişdirilməsi mümkün deyil və buraya sonsuz sayda əməliyyat qeydləri daxil edilə bilər. Yeni inqilabi texnologiya sayılan blokçeyn kənd təsərrüfatından tutmuş banklara qədər, hətta dövlət orqanları da daxil olmaqla bütün səhələrdə çevrilişə səbəb ola bilər. Prosesə 5-10 illik üfüqdə baxmaq lazımdır, bu texnologiyanın milli iqtisadiyyatlara necə təsir edə biləcəyi ilə bağlı fikirlər hələ də haçalanır. Bildiyiniz kimi, “Goldman Sachs”, “JP Morgan”, “Credit Suisse” və “Barclays” kimi dünya miqyaslı banklar blokçeyn texnologiyasının yaxından öyrənilməsi üçün R3 konsorsiumunda birləşdilər. 2015-ci ilin sonunda təqribən dünyanın ən iri 20 bankı bu konsorsiuma qoşuldu".

İqtisadçının sözlərinə görə, blokçeyn texnologiyası ideyası çox sadədir: “Bu ümumi istifadədəki böyük bir məlumat bazasıdır və mərkəzləşdirilmiş rəhbərlik olmadan fəaliyyət göstərir. Bitkoinlərlə aparılan tranzaksiyaların yoxlanışını maynerlər həyata keçirirlər. Öncə icra edilmiş əməliyyatın həqiqiliyi təsdiq edilir, daha sonra isə əməliyyat qeydlərindən blok meydana gətirirlər. Blokçeynin ənənəvi bank tranzaksiyalarından əsas üstünlüyü məhz vasitəçilərin olmamasıdır. Hazırda pullarla, sənədlərlə və ya digər məlumatlarla aparılan bütün əməliyyatlar qaçılmaz olaraq vasitəçilər tərəfindən icra edilirlər. Banklar, dövlət orqanları və ya notariuslar davamlı olaraq icra edilən əməliyyatların həqiqiliyini təsdiq edirlər. Blokçeyn isə mərkəzi orqana malik deyil, bu səbəbdən də icra edilən əməliyyatlar sistemin bütün iştirakçıları tərəfindən yoxlanılır. Bu da dolayısıyla prosedurun sadələşdirilməsinə və vasitəçilərdən qurtulmağa imkan yaradır. Şəbəkənin proqram kodu açıqdır və hər kəs ona müraciət edə bilər, lakin şəxsi informasiyalar gizli saxlanılır. Blokların yaradıcıları isə hər bir konkret əməliyyat üzrə məlumatları görə bilirlər. Sadə dillə desək, əgər texnologiya gündəlik həyatımızda tətbiq edilərsə, bankların, dövlət orqanlarının, auditlərin, müfəttişlərin, sığorta şirkətlərinin və qeydiyyat orqanlarının nəzarətinə ehtiyac qalmayacaq. Ehtimal olunur ki, blokçeyn əsasında yaradılan verilənlər bazasında yalnız ödəniş məlumatları deyil, o cümlədən, kredit və VVAQ məlumatları saxlanıla və ya miqrasiya qeydiyyatı aparıla bilər”.

Bir çox sahələrdə inqilab yaradan

V.Əhmədova hesab edir ki, blokçeynin tətbiqi ilə yeni bir sistemin əsası qoyula bilər: “Blokçeynin əsas üstünlüyü məlumatların 100 faiz etibarlılığıdır. Uzun illər boyunca sistem müxtəlif istiqamətli hücumlara məruz qalsa da, blokçeynə uğurlu hücum bugünədək olmayıb. Gələcəkdə dövlət blokçeynin köməkliyi ilə təsdiq edilmiş məlumatları müxtəlif proseslərdə, o cümlədən, məhkəmə təcrübəsində sübut kimi istifadə edə bilər. Çünki texnologiya heç bir saxtakarlığa yol vermir. Hazırda Rusiyada bir neçə proqram tərtibatçı şirkətlər blokçeyn texnologiyasına diqqətlərini yönəldiblər”.

Ekspert onu da vurğuladı ki, bu texnologiyadan istifadə üçün hazırda əsas məsələ qanunvericilik bazasının yaradılmasıdır: “Əgər dünya ictimaiyyəti qlobal bank sistemində kriptovalyuta hüquqlarını tanıyarsa, ümumiyyətlə blokçeyn texnologiyasının geniş tətbiqi öz təsdiqini taparsa, qanunvericilik bazasında əsaslı dəyişikliklərin edilməsi qaçılmazdır. Bundan başqa, texnologiya dünya bankları tərəfindən təsdiqlənərsə, dünya arenasında sanksiyalarla üzləşən bəzi ölkələrin məhdudiyyətlərdən xilas olmasına səbəb olacaq. Blokçeyn texnologiyasının istifadəsi sanksiyalar şəraitində belə banklara işbirliyi üçün alternativ tapmağa və o cümlədən, beynəlxalq banklararası məlumat ötürmə sistemindən potensial olaraq ayrılmağa və ödəniş (SWIFT) həyata keçirməyə kömək edəcək. Blokçeyn texnologiyası müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər üçün artıq demək olar ki, cəlbedici olmağa başlayıb. Bu texnologiyanın 2023-cü ilədək dövlət xidmət sektorunda aktiv surətdə istifadə olunacağı istisna edilmir. Bəzi ölkələr artıq 2016-cı ildən texnologiyanın dövlət sektoruna tətbiqi prosesinə başlayıblar. Məsələn, ABŞ-da bu texnologiyadan torpaq kadastrı, daşınmaz əmlakın qeydiyyatı və səhiyyə sistemində istifadə olunur. Eyni səviyyədə Estoniya və BƏƏ-də də tətbiq edilir. Ukrayna blockçeyn tətbiq edən 14 lider ölkənin siyahısına daxil olmağı bacarıb. Ukrayna hökuməti Amerika şirkəti olan ”BitFury" ilə dövlət reystrinin blokçeyn platformaya transferi ilə bağlı razılıq əldə edib. O cümlədən, Ukraynada dövlət torpaq kadastrı bu texnologiya əsasında fəaliyyət göstərəcək. Azərbaycanda isə hələ ki, kriptovalyuta bazarı və blokçeyn texnologiyasının tədqiqi və inkişafı məsələləri ilə məşğul olan mərkəz - Azərbaycan Blokçeyn Mərkəzi yaradılıb. Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blokçeynin nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir.

Hər bir yeni texnologiya kimi blokçeyn texnologiyası da dünya ictimaiyyətində çoxsaylı mübahisələrə səbəb olmaqdadır. Ancaq çoxları artıq anlayır ki, blokçeyn son on ilin ən önəmli icadı sayılır. Hansı ki, bu texnologiya yalnız maliyyə sahəsində deyil, təhsil, təhlükəsizlik kimi digər sferalarda da inqilab yarada bilər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26