Interposta.Info

Bitkoin müəmması -

İqtisadiyyat
 11-01-2018, 09:43     10 578

“Baş verənlər bu valyutanın güclü spekulyasiyaya məruz qaldığını, əsas məqsədin bu virtual valyutadan qazanc götürmək olduğunu bir daha göstərir”

Bitkoinin qiymətində kəskin enmələr kriptovalyuta bazarının nə dərəcədə riskli olmasından xəbər verir. Belə ki, bitkoinin dəyəri günlük 7,29% ucuzlaşaraq 14.195.0 dollara düşüb.

Kriptovalyutanın bazar dəyəri də azalaraq, ötən həftənin sonuna olan 285 milyard dollardan 242 milyard dollara enib. Bitkoinin həftəlik dəyər itkisi 4,88% olub. Bundan əlavə, digər virtual valyutalar da kəskin dəyər itirib.

Amma fərqli fikirlər də var. “Qlobal bazarda ”Bitcoin"in qiyməti 2018-ci ildə cari səviyyədən 2 və hətta 3 dəfə arta bilər". “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu proqnozla “Fundstrat Golab Advisors” konsaltinq şirkətinin təsisçilərindən biri və rəhbəri Tom Li (Tom Lee) çıxış edib.

Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında bitkoinin 10 000 dollar həddini ötəcəyini və gəlirliliyinə görə fond birjalarını üstələyəcəyini demişdi. Bitkoinin qiyməti 20 000 dollar - tarixi rekord həddə yüksələndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi düşməsinə baxmayaraq, ekspert rəqəmsal valyutanın gələcəyinə ümidlə baxdığını açıqlayıb.

CNBC telekanalına müsahibəsində T.Li bildirib ki, “bitkoin asanlıqla S&P-ni üstələyəcək. Uzunmüddətli perspektivdə kriptovalyutanı yığım və kapitalın saxlanma aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək”.

“Əgər bitkoin qızılın bazar payının 5%-ni əldə edə bilsə, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət səviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətlə bahalaşacaq”, - deyə analitik qeyd edib.

Bəs görəsən, iqtisadçıların sabun köpüyü adlandırdıqları bitkoin nə zamansa tam çökə bilərmi? Bunun əksinə olaraq, bitkoinin 50 min dollara qədər yüksələcəyi ilə bağlı proqnozların əsası varmı? Kriptovalyuta bazarını gələcəkdə nə gözləyir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, bitkoin güclü spekulyasiyaya məruz qalan çox riskli kriptovalyutadır: “Kriptovalyuta deyərkən ilk növbədə ağıla bitkoin gəlir. Hazırda ən çox bazar payına malik olan virtual valyutadır, sonradan digərləri də yarandı. Bitkoinin payı bazarda getdikcə azalır. Bitkoin 2008-ci ilin qlobal maliyyə böhranından sonra ortaya çıxdı. Həmin ərəfədə bir neçə dollar idi. Sonradan artmağa başladı və qlobal böhran aradan qalxandan sonra bitkoin bir növ kölgəyə çəkildi. Ancaq buna rəğmən dəyər qazanmaqda davam etdi. 2016-cı ilin dekabrında bitkoinin qiyməti təxminən 1700 dollar idi. 2017-ci ilin dekabr ayında isə bu, 17 min dollara qədər gəlib çıxdı. Bu isə o deməkdir ki, bitkoin bir ilin içində 10 dəfə dəyər artırdı.

Ancaq bu kriptovalyutaların qiyməti həddindən artıq volativliyə malikdir. Birdən bir bitkoinin məzənnəsi 5 faizdən 25 faizə qədər dəyişə bilir. 17 min dollardan 11 min dollara düşür, sonra yenidən qalxır. Burada çox böyük məzənnə dəyişikliyi var. Bu da həmin valyutanın güclü spekulyasiyaya məruz qaldığını, əsas məqsədin bu virtual valyutadan qazanc götürmək olduğunu bir daha göstərir".

Samir Əliyevin sözlərinə görə, volativlik bütün növ valyutalara xas olsa da, digər valyutaların təminatçısı var. Lakin bitkoinə görə heç kim məsuliyyət daşımır: “Təbii ki, digər valyutalarda da bu xüsusiyyət var. Dollar, avroda da alınıb -satılır, dəyəri oynayır. Ancaq fərq ondadır ki, digər valyutaların arxasında hansısa dövlət dayanır, onu öz siyasətinə uyğun tənzimləyir. Ancaq kriptovalyutanın arxasında kimin durduğu bilinmir. Sabah bitkoin çökərsə, onun məsuliyyətini kim daşıyacaq? Əgər dolların, avronun, manatın məsuliyyətini daşıyan hökumətlər varsa, bitkoinin məsuliyyətini daşıyan kimsə yoxdur. Bu çox böyük risk daşıyan bir sahədir və məzənnə də çox kəskin oynayır. Kriptovalyuta ”blockchain" texnologiyasına əsaslanır. Bu son vaxtlar ən çox işlədilən sözdür. Ancaq bitkoinlə “blockchain”i eyniləşdirmək olmaz. Çünki bitkoin “blockchain” texnologiyasının bir tərkib hissəsidir və onun yüzlərlə qolu var. Bu, hökumətlər səviyyəsində tətbiq olunan, insanların xidmətlərə çatımlılığını təmin edən çox böyük bir texnologiyadır. Bitkoin də onun tərkib hissəsidir. Bu gün bitkoin hansısa dünya valyutasını əvəz edəcək bir gücə malikdirmi? Bunun özü də sual doğurur. Bitkoinə münasibət birmənalı deyil. Bəzi dövlətlər öz ölkəsində bundan istifadəni qadağan edir, ancaq bəzi ölkələr də var ki, ondan istifadə edilməsində maraqlıdır".

Samir Əliyev onu da vurğuladı ki, bir çox dövlətlər milli kriptovalyuta yaratmaq həvəsindədirlər: “Rusiya və Gömrük İttifaqına daxil olan ölkələr istəyirlər ki, özlərinin ümumi bir kriptovalyutasını buraxsınlar. Britaniya da bu haqda düşünür ki, özünün milli kriptovalyutasını buraxsın. Venesuela da bunu planlaşdırır. Ancaq heç kimə sirr deyil ki, bu gün virtual valyuta yığım vasitəsi kimi əlverişli deyil. Xüsusən də bu sahədə naşı olan insanlar çox böyük vəsaitlər itirə bilər. Kriptovalyuta bazarında əməliyyatların müddəti çox uzundur, bir neçə saatdan bir neçə günə qədər çəkir. Kriptovalyuta bazarında o qədər maraqlar var ki, mən onun perspektivi ilə bağlı fikir söyləməkdə çətinlik çəkirəm. Proqnozlar var ki, bitkoinin dəyəri 50 min dollara kimi qalxa bilər. Lakin mən hesab edirəm ki, indiki rəqəmdən də aşağı düşə bilər. Mən hər iki variantı istisna etmirəm, ancaq kriptovalyutanın heç vaxt sabit olmayacağını da əminliklə deyə bilərəm. O baxımdan istənilən ölkənin iqtisadiyyatı üçün təhlükəlidir və darmadağın edə bilər. Əhali üçün də bu bazar çox təhlükəlidir. Sadəcə, ondan kimlərsə istifadə edir, qazanır və bu gün kriptovalyutaların dünya maliyyə sistemində payı çıx azdır. O baxımdan maliyyə sisteminə təsiri o qədər də hiss olunmur. Lakin gələcəkdə bu pay artdıqca təhlükələri də arta bilər”.

S.Əliyev qeyd etdi ki gələcəkdə kriptovalyutanın mahiyyətində, strukturunda müəyyən korrektələr ola bilər və ayrı-ayrı ölkələr bu sistemə keçə bilər, bu, istisna olunmur: “Ancaq bugünkü sistemin çox böyük ömrü olduğunu düşünmürəm. Mən bitkoini bir sabun köpüyü hesab edirəm və bugünki mexanizmlə onun gələcəyini görmürəm. Ancaq bu deyilənləri ”blockchain" texnologiyasına şamil etmək olmaz, bu çox böyük bir texnologiyadır və “blockchain” onun, sadəcə, bir istiqamətidir. Mən belə düşünürəm ki, kimlər bu kriptovalyutaları yaradıb və məqsəd hansısa dövlətləri çökdürməkdir. Bir var ki, müharibə ilə, bir var neftlə, bir də var ki, kriptovalyuta vasitəsilə hansısa ölkəni məhv edəsən. Bir ölkənin iqtisadiyyatını hər hansı kriptovalyutaya yönləndirirsən, lazım olanda bu yolla həmin ölkənin iqtisadiyyatını darmadağın edirsən. Kapitaloji nəzəriyyəyə istinad etsək buna belə yanaşmaq olar".

Ekspert kriptovalyutanın terrorizmin maliyyələşməsində istifadə edildiyini və dünya üçün bu mənada bir təhdid olduğunu da qeyd etdi: “Ancaq digər tərəfdən bir sual da doğur ki, niyə kriptovalyutaya birdən-birə tələbat yüksəldi. Kriptovalyutanın əsas üstünlüyü o idi ki, burada anonimlik təmin olunur. Bu da ona gətirib çıxarır ki, terrorçuluğun maliyyələşməsində, vəsaitlərin gizlədilməsində kriptovalyutadan geniş istifadə olunur. Artıq bütün dünya ölkələri narahatdır ki, terrorçu qruplaşmaların maliyyələşməsində kriptovalyutadan geniş istifadə olunur. Ona görə də Avropa Birliyi ötən ilin dekabr ayında bununla bağlı müəyyən qərar çıxartdı ki, anonimlik mütləq aradan qalxmalıdır. Kriptovalyuta üçün virtual hesabı olanların hamısının şəxsiyyəti bilinməlidir. Bununla da kriptovalyutanın əvvəlki cəlbediciliyi getdikcə azalmağa başlayır. Sabah digər ölkələr də bunu tətbiq edərsə, maraq azalacaq. Bunun əsas üstünlüyü məhz kölgə iqtisadiyyatını stimullaşdırması idi. Kriptovalyutanın etibarlılıq məsələsi də problemlidir, çünki məzənnəsi hansısa hökumət tərəfindən yox, qarşılıqlı əməliyyatlar hesabına formalaşır. Əməliyyatlar çox riskli olduğu üçün bu bazarı öyrənmək lazımdır. Mən kriptovalyutaya çox konservativ yanaşmanın tərəfdarıyam”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26