Interposta.Info

Azərbaycan yeni raket kompleksləri alacaq

Ölkə
 19-04-2018, 09:11     10 405

Ekspert: “Belarusdan alınan silahların heç birində hər hansı nasazlıq tapılmayıb”
Bu il ərzində Belarus “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

“Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib. Daha sonra raketlər poliqonda sınaqdan keçirilib və 450 kiloqramlıq döyüş başlığına malik raketlər 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən “Polonez” kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub. Mənbə Belarusun Azərbaycana “Polonez” kompleksləri satmasının Ermənistanda narazılıq doğuracağını da deyib.

Onu da qeyd edək ki, Global Firepower" təşkilatının yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 53-ci yerdə qərarlaşıb. Bu isə onu göstərir ki, ötən illə müqayisədə Azərbaycan 5 pillə irəliləyib. Hesabatda qeyd olunur ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var. Bildirilir ki, Azərbaycan ordusunun sayı 374500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər. Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-cü pillədə qərarlaşıb.

“Yeni Müsavat”a danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bu silahların özünə, məxsus spesifikası var: “Son illərdə Belarusdan alınan silahların heç birində hər hansı qeyri-dəqiqlik, nasazlıq tapılmayıb. Bu kimi hallar Rusiyadan alınan silahlarda olub və sonradan aradan qaldırılıb. Bu silahın alınması Azərbaycan ordusunun tamamilə statusuna uyğun bir məsələsidir. Torpağımız işğal altındadır və bildiyiniz kimi, digər ölkələr bizə silah satmırlar. Ona görə də məcbur olub kim silah satırsa, ondan da alırıq. Özümüz istehsal edə bilmədiyimiz silahların müəyyən qismini xaricdən alırıq. Bu isə tamamilə beynəlxalq qanunlara uyğun haldır. Eyni zamanda Azərbaycan ordusunun, əhalisinin sayına da müvafiqdir. Ona görə də silahların alınması bizim üçün hansısa siyasi problem yarada bilməz. Bu, sırf olaraq müdafiə silahıdır. Rusiya bazasının Ermənistanda yerləşməsi və müttəfiq olmaları nəticəsində bu ölkə Ermənistana çox ucuz qiymətə silah satır. Özü də bunu uzun müddətlik kredit hesabına edir. Yəni dövlət özü kredit ayırır, Ermənistan hökuməti də bunu guya nə vaxtsa ödəməlidir. Təbii ki, heç zaman ödəməyəcək. Bütün bunların qarşılığında təcavüzə məruz qalmış Azərbaycan bu kimi silahları almalıdır”.

Ekspert silahlanmanın strateji bir xətt olduğunu dedi: “Silahlanma həm müharibəni tezləşdirə, həm də tezləşdirməyə bilər. Digər tərəfdən isə, silahlanma özü də bir strateji xətdir. Bu bir mal mübadiləsidir. Yəni Azərbaycanın silah idxal etdiyi ölkələrlə münasibətinin düzəlməsidir. Deyərdim ki, Belarusun özü Rusiyadan sonra Ermənistanla ikinci strateji müttəfiq idi. Qarabağ savaşında şəxsən Ermənistan tərəfindən döyüşən Belarus vətəndaşları da görmüşəm. Hal-hazırda isə Azərbaycan rəhbərliyinin bu sahədə apardığı uğurlu siyasətin nəticəsində iki ölkə arasında xeyli yaxınlaşma baş verib. Bu, iki ölkə arasında olan və Belarus üçün çox vacib əhəmiyyətə malik kommersiya müqavilələri hesabına da baş verib. Düşmən tərəfi bizim qədər silahlana bilməsə də, məcbur olub bizimlə ayaqlaşmaq istəyir. Bu zaman isə Ermənistanda bu gün baş verən hadisələr müşahidə olunur. Çünki iqtisadiyyatları buna tab gətirə bilmir, əhalisində narazılıqlar yaranır. Bizim büdcəmiz böyük olduğu üçün hərbiyə çox pul ayırırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26